ÇL finalını hansı hakimlər idarə edəcək?

Mayın 28-də İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının final matçının hakimlər briqadası açıqlanıb.

Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşün baş hakimi macarıstanlı Viktor Kaşşai olacaq. 36 yaşlı referiyə həmyerliləri Qabor Eröş və Georgi Rinq yardım edəcək.

Qeyd edək ki, Viktor Kaşşai Çempionlar Liqasının finalını idarə edəcək ikinci macarıstanlı referidir. 1997-ci ildə Almaniyanın “Borussiya” (Dortmund) və İtaliyanın “Yuventus” klubları arasında keçirilmiş final matçının baş hakimi Kaşşainin həmyerlisi Şandor Pul olub.