Bəlkə bir il elliklə oxuyaq

Əvvələr Azərbaycana xaricdən qonaq-filan gələndə Bakı meriyası müxalifətin aksiya keçirməsinə icazə vermirdi.

Deyirdi ki, nə bilim toplantı var, qonaqlardan ayıbdır.

Sonra güc strukturlarını siyasiləşdirdilər və müxalifətlə zorun dilində danışmağa başladılar.Icazə ərizəsinə belə, məhəl qoymadılar.

“YOX” deyib meydana gəlmək istəyən müxaliflərin qarşısına əli dubinkalı polisi yolladılar.Azərbaycan polisini də yaxşı tanıyırsınız, əliyalın vətəndaşların etiraz aksiyalarında vəzifəsinin öhdəsindən elə gəlir ki, neçə gün həkimlər, hakimlər və hüquq müdafiəçiləri başını qaşımağa macal tapmır. 

Illah ki, mitinqə cəbhəçilər və müsavatçılar cəhd edə, polislərimiz şirə dönürlər və dubinkanı daha ürəkdən vururlar…“Eurovision-2011″ deyəsən, çoxlarının adrenalin ifrazını artırıb.

Irəlidə müqəddəs Qarabağ qələbəmiz dura-dura eyforiyadayıq elə bil.

Biriləri mahnı müsabiqəsi zəfərini elə qələmə verirlər ki, adam xəcalət çəkir.

Adam var, yaxından tanıyıram, Almaniya zəfərindən bu günə kimi vurmağındadır. Arağı nəzərdə tuturam.Yəqin ki, kitab yazanlar da olacaq, Allah qüvvət versin.

Bir siyasətçi də təşəbbüsdə bulunub ki, nə az-nə çox, düz bir il Bakı şəhərində heç bir aksiya-zad keçirilməsin.Işdir aksiya keçirilsə, işimiz fırıq olar, bizə qanacaqsız kimi baxarlar və analoqsuz inkişafımıza xələl gələr.“Eurovision-2011″ eyforiyasını bir il saxlamaq gərəkdir.

Nədən ki, bu, həm zəhmətkeş xalqımızın sağlamlığına müsbət təsir edər, həm uşaq istehsalı sahəsində nailiyyətlər əldə edə bilərik, həm də rüşvətlə səltənət quranlar, cibi paketə vərdiş edənlər iqtisadi qalxınmalarını bir az da möhkəmləndirərlər.

Hələ lap yaxşı olar ki, Bakıda düzənlənəcək “Eurovision-2012″yə kimi elliklə oxumağa girişək.

“Barı Naxçıvan”, “Irəvanda xal qalmadı”, “Qarabağ şikəstəsi”, daha nə bilim nələr oxuyaq, meyxana deyək.

Maşallah, bütün telekanallar YAP-ın sərəncamındadır.

Istəsələr hər gün 5-10 saatlıq şoular, müsabiqələr təşkil edib xalqın istedadlı müğənnilərini xalqa tanıdarlar.

Bölgələr üzrə mahnı festivalları düzənləmək zor olar.

Prezident Administrasiyasında çalıb-oxuyanları bir əldən idarə etməkdən yana şöbə də açmaq yerinə düşər. 

Məsləhətdir ki, rayon icra hakimiyyətlərinin nəzdində Mahnı Departamenti də yaradılsın.

Yetər ki, xalqın günü xoş keçsin, elliklə kef çəksin, çalsın, oxusun.

Milli Məclis də ordenlər haqqında təlimatdır, qanundur, Təbriz əhli demişkən nəmənədir, bilmirəm, dəyişiklik etmək üçün prezidentə təşəbbüs məktubu göndərsin.

Ki, ali hərbi ordenimiz olan “Şah Ismayıl” ordeni ən yaxşı mahnı oxuyana, manıs dili ilə desək, superstarlara, meqastarlara verilsin.

Əcnəbi qonaqlar da bu işlərimizdən sonra Bakıya qorxusuz-filansız gələrlər. Və Heydər Əliyev hava limanından Heydər Əliyev sarayına, cümlə Heydər parklarına qədər yol

boyu səs-səsə verən müğənnilərimizi görüb YAP iqtidarının analoqsuz inkişafına yekə bir “əhsən” deyərlər…

Sadəcə, gələcək nəsillər yenə də Təbriz əhli demişkən, nəkivarımızı lənətləyəcəklər.

Xankəndində Qələbə paradına nail olmaq əvəzinə konsert salonlarında çalıb-oxumağa aludə olduğumuza görə.Bunu unutmayın, ey YAP başbilənləri.