BDU-da böyük qalmaqal

Abel Məhərrəmovdan İlham Əliyevə şikayət 5 prorektoru işsiz qoydu

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun sərəncamı ilə ali məktəbin 7 prorektorundan 5-i vəzifəsindən azad olunub. Vəzifədən azad olunanlar tədris işləri üzrə prorektor Vüsət Əfəndiyev, elmi işlər üzrə prorektor Ismayıl Əliyev, beynəlxalq əlaqələr üzrə prorektor Elxan Hüseynov, qiyabi və əlavə təhsil üzrə prorektor Məcnun Babayev, humanitar məsələlər üzrə prorektor Vaqif Ibrahimovdur.
Inzibati təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı və ümumi işlər üzrə prorektor Rövşən Abdullayev vəzifələrində qalıb. Abel Məhərrəmovun əmri ilə universitetdə yeni post – birinci prorektor vəzifəsi yaradılıb. Qiyabi və əlavə təhsil üzrə keçmiş prorektor Məcnun Babayev “mediaforum”a deyib ki, öz ərizələri ilə işdən gediblər: “Bunun səbəbləri haqda geniş danışmaq istəmirəm. Bu barədə universitet rəhbərliyindən məlumat alın. Yalnız onu deyə bilərəm ki, yorulmuşdum. Mənim 70 yaşım var”.
“Azadlıq” BDU-da prorektorların vəzifələrindən azad olunması ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, işdən çıxarılan prorektorların əksəriyyəti rektor Abel Məhərrəmova yaxın adamlardır. Vüsət Əfəndiyev Abel Məhərrəmovla uzun illərdir dostluq edir. Onun BDU-da yüksək vəzifəyə yüksəlməsi Məhərrəmovun rektorluğu dönəminə təsadüf edib. Ismayıl Əliyev isə rektorla kirvədir. Ismayıl Əliyev prorektor olmamışdan öncə BDU-nun ən nüfuzlu və “gəlirli” Magistratura, Aspirantura və Doktoranturaya qəbul şöbəsinin müdiri vəzifəsini tutub. Vaqif Ibrahimov isə deputat Eldar Ibrahimovun qardaşıdır. Vaqif Ibrahimov BDU-nun müxalif müəllim və gənclərinə qarşı mübarizə aparanların önündə gedib. Siyasi baxışlarına görə universitetdə problemləri olanlarla birbaşa Vaqif Ibrahimov özü söhbət edirdi, onları hakim partiyaya yazılmağa çağırırdı. BDU-da gəzən söz-söhbətlərə görə Vaqif Ibrahimov humanitar məsələlər üzrə prorektor olsa da, onun ÿtəhlükəsizlik orqanları ilə sıx əlaqələri var.
Onu da öyrəndik ki, Abel Məhərrəmov özünə yaxın prorektorları məcburən işdən çıxarmalı olub. BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsindən azad olunan, ölkəmizin Türkmənistandakı keçmiş səfiri Elxan Hüseynovla universitetin “hüquq” fakültəsinin qiyabi təhsil üzrə dekanı, rektorun yaxın qohumu və “sağ əli” Məhəmməd Imanlı arasında ciddi konflikt yaşanıb. Elxan Hüseynov narazılığını Abel Məhərrəmova bildirsə də, rektor Məhəmməd Imanlı barəsində tədbir görməyib. Bütün şikayət və səylərinin nəticəsiz olduğunu görən Elxan Hüseynov Prezident Administrasiyasına məktub ünvanlayıb. “Azadlıq”a danışan mənbə bildirdi ki, Elxan Hüseynovun şikayət ərizəsi ölkə başçısı Ilham Əliyevə çatdırılıb.
Abel Məhərrəmov Elxan Hüseynovun şikayətinin Ilham Əliyevə çatması xəbərini eşidəndən sonra ciddi narahatlıq keçirməyə başlayıb. Karyerasının təhlükədə olduğunu görən rektor özünü qorumaq üçün uzun illər dostluq etdiyi və yaxın olduğu 5 prorektoru vəzifədən uzaqlaşdırıb. Abel Məhərrəmov hakimiyyətdaxili qruplaşmalar arasında BDU rəhbərliyinə öz adamını gətirmək uğrunda gedən gizli savaşda hədəf olmamaq üçün bu addımı atıb.
“Rektor bilir ki, universitet daim hakimiyyət klanlarının ələ keçirmək istədiyi əsas qurumlardan biridir. Abel Məhərrəmov postunu qorumaq və islahatçı görüntüsü yaratmaq üçün yaxın adamlarını güdaza verməyi üstün tutub”, – deyə mənbə əlavə edib.

İnformasiya şöbəsi

***

Bakı Dövlət Universitetində bəzi prorektorlar dəyişdirilib. 7 prorektordan 4-nün əvəzinə yeni kadrlar təyin edilib. Bu haqda APA-ya BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova açıqlama verib.

P.İbrahimovanın sözlərinə görə, dəyişiklik respublikada aparılan kadr islahatları ilə əlaqədardır.
Tədris işləri üzrə prorektor Vüsət Əfəndiyevin əvəzinə universitetin elmi-təqdiqat hissəsinin müdiri İradə Əliyeva, elmi işlər üzrə prorektor İsmayıl Əliyevin yerinə fizika fakültəsinin kafedra müdiri Aydın Kazımzadə, Humanitar məsələlər üzrə prorektor Vaqif İbrahimovun əvəzinə Tarix fakültəsinin dekanı Sani Hacıyev, Beynəlxalq əlaqələr üzrə prorektor Elxan Hüseynovun yerinə Tarix fakültəsinin dosenti Şəlalə Məmmədova təyin edilib.
P.İbrahimovanın sözlərinə görə, yeni təyinatlar zamanı kadrların yaşı, xarici dil və müasir idarəçilik üçün tələb olunan digər bilgilər də nəzərə alınıb.
Dəyişikliklərə əsasən, Beynəlxalq əlaqələr üzrə prorektorluğun adı beynəlxalq əlaqələr və əməkdaşlıq, Humanitar məsələlər üzrə prorektorluğun adı Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr, Elmi işlər üzrə prorektorluğun adı Elm və innovasiyalar, Tədris işləri üzrə prorektorluğun adı isə tədrisin təşkili və təlim texnologiyaları adlandırılıb, qiyabi və əlavə təhsil üzrə prorektorluq həmin prorektorluğa birləşdirilib.
P.İbrahimova onu da bildirib ki, vəzifədən çıxan əməkdaşlar ixtisaslarına uyğun başqa işlə təmin ediliblər.