Avropa İttifaqı hakimiyyətə açıq mesajlar verdi

“Hər kəs özü qərar verəcək: ya demokratikləşəcək, ya da təcrid olunub beynəlxalq əlaqələrini itirəcək”

Rolan Kobia: “Ərəb dünyasında baş verənlər avtoritar rejimlərlə əməkdaşlığının səmərəli olmadığını göstərdi”

Avropa İttifaqı Avropa Qonşuluq Siyasətinin (AQS) modifikasiyası haqqında elan edib. Bundan sonra AQS “daha çox dəstək, daha çox öhdəlik” prinsipləri əsasında qurulacaq. Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia keçirdiyi mətbuat konfransında bildirib. AQS 2004-cü ildə qəbul edilib və Aİ-nin qonşusu olan Şimali Afrika, Yaxın Şərq ölkələri və bir sıra postsovet dövlətlərinə yardım proqramlarının həyata keçirilməsinə yönəlib. Kobianın verdiyi məlumata görə, yenilənmiş AQS Aİ tərəfdaşlarına daha çox yardım edilməsini nəzərdə tutulur və eyni zamanda onların üzərinə daha çox öhdəliklər qoyur. Ümumilikdə yaxın illər üçün proqrama 1,2 mlrd. avro ayrılması nəzərdə tutulur.
Yeni kursun əsas məqamı Aİ-nin tərəfdaşları ilə demokratikləşmə məsələlərində əməkdaşlığıdır. Söhbət demokratik seçkilər keçirilməsi, söz, ifadə, mətbuat, toplaşmaq azadlığının, qanunun aliliyinin və qərəzsiz məhkəmə sisteminin təmin edilməsi, dövlət xərclərinin şəffaflığı və ordu və polis üzərində vətəndaş nəzarətindən gedir. Kobia qeyd edib ki, hər bir ölkə öz inkişaf yolunu və Aİ ilə əməkdaşlıq dərəcəsini seçməkdə azaddır.
“Hər bir ölkə qloballaşmaqda olan dünya sisteminə inteqrasiya imkanlarından istifadə etmək və ya təcrid olunmaq və beynəlxalq əlaqələrini minimuma endirmək istədiyinə özü qərar verəcək”, deyə Kobia izah edib.
Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən verilmiş ölkəyə investisiyaların Avropa Komissiyası tərəfindən təşviqi bu tərəfdaşlıqdan asılı olacaq. Yeni siyasət öhdəliklərə daha ciddi riayət olunmasını nəzərdə tutur.
Ərəb dünyasında baş verən hadisələr Qərbin avtoritar recimlərlə əməkdaşlığının səmərəli olmadığını göstərdi, belə ki, bu, həmin ölkələrdə demokratikləşməyə şərait yaratmır.
Demokratiya sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyən Azərbaycan hökumətinə yardım göstərilməsi nə dərəcədə məqsədəuyğundur? “Turan”ın bu sualına cavab verən Kobia deyib ki, Azərbaycanın öz spesifikası var və o, bu ölkəni ərəb dövlətləri ilə müqayisə etmək istəməzdi.
Eyni zamanda, Kobia güman edir ki, Azərbaycanda bu hadisələrdən nəticə çıxarıblar və son aylar korrupsiyaya qarşı başlamış mübarizə buna dəlalət edir.
“Hökumətin yaxşıya doğru nə isə etmək lazım olduğunu anlaması artıq müsbət haldır”, deyə Kobia bildirib.
Kobia bəzi müsbət məqamlarla yanaşı Azərbaycanın ÜTT-ə daxil olması yolunda irəliləyiş olmadığını qeyd edib. O deyib ki, bunsuz ölkənin Aİ ilə azad ticarət reciminin yaradılması mümkün deyil. “Demokratik islahatlar və insan hüquqlarının təmin edilməsi sahəsində böyük dəyişikliklər olmaması da mənfi məqamdır, bu, ciddi narahatlıq doğurur”.
Kobia həmçinin Aİ qurumlarının curnalist Eynulla Fətullayev və gənc blogerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanın həbsdən azad edilməsi çağırışlarını da təsdiq edib.
Kobia eyhamla Aİ-nin Azərbaycanın beynəlxalq öhdəliklərindən artıq heç nə tələb etmədiyini əlavə edib(Turan).