Avropa Birliyi diktatorların “ipini kəsdi”

«Avropa Demokratiyaya Yardım Fondu» böyük işlər görəcək

Avropa Birliyi qonşuluq siyasətinin yeni şərtlərini açıqlayıb. Bu şərtlərdən görünür ki, birlik bundan sonra heç bir dövlətlə uzun sürən dialoqda vaxt itirmək fikrində deyil. Qurum öz mövqeyini konkret olaraq belə açıqlayıb: “Yeni kursun əsas məqamı AI-nin tərəfdaşları ilə demokratikləşmə məsələlərində əməkdaşlığıdır.
Söhbət demokratik seçkilər keçirilməsi, söz, ifadə, mətbuat, toplaşmaq azadlığının, qanunun aliliyinin və qərəzsiz məhkəmə sisteminin təmin edilməsi, dövlət xərclərinin şəffaflığı, ordu və polis üzərində vətəndaş nəzarətindən gedir”. Aydın görünür ki, Avropa Birliyi fundamental azadlıqların olmadığı və ya bu istiqamətdə köklü islahatların getmədiyi ölkələrə qarşı çox sərt davranış seçib. Qurum yeni strategiyasında birinci yerə demokratikləşməni qoymaqla xalqların mənafelərinin dəstəkçisi rolunu öhdəsinə götürür. Böyük bir coğrafiyanı əhatə edən bu siyasətin maraqlı cəhəti isə “coğrafiyanın” mühüm faktor kimi nəzərə alınmamasıdır. AB yetkililəri birbaşa deyiblər ki, özünü təcrid etmək istəyən dövlətlər elə hesab etməsinlər ki, əvvəlki öhdəliklərindən xilas olurlar. Bu isə birbaşa AB və NATO ilə yaxınlaşmadan imtina edən ölkələrə ünvanlanmış mesajdır.
Aydın göründü ki, Ilham Əliyev sədri Bəşər Əsədi qoruya bilməyən bloka qoşulmaqla özünü Avropa ilə qarşı-qarşıya qoydu.
Yeni siyasətin ikinci mühüm məqamı isə “Avropa Demokratiyaya Yardım Fondu”nun yaranmasıdır. Bu isə demokratiya uğrunda mübarizə aparanlara kömək məqsədi daşıyır. Beləliklə, yeni siyasət təkcə ölkələrlə münasibətləri tənzimləməyəcək. Həm də xalqlarla dərin əməkdaşlığa istinad edəcək. Azərbaycan hakimiyyəti AB kimi böyük iqtisadi və siyasi nəhəngi qarşısına almaqla faktiki intihara cəhd edib. ABŞ-la münasibətləri də nəzərə alanda aydın olur ki, faktiki olaraq heç bir çıxış yolu qalmayıb. Islahatlar üçün yaranmış unikal imkan öz yerini radikal sanksiyalara verə bilər. Azərbaycan hakimiyyəti isə birmənalı şəkildə özünütəcrid yolunu tutur. Yəni, bizi yaxın tarixdə çox qızğın siyasi, hətta geosiyasi gərginlik gözləyir.

Seymur Həzi