Azərbaycanda ətir mafiyası kimin əlindədir?
Orada Kəmaləddin Heydərovun, Ilham və Heydər Əliyevlərin portretləri asılıb
Azərbaycanda kosmetika istehsal edən yeganə firma hələlik alıcı kütləsi formalaşmayan “Qazelli”dir. Bu firma isə ətir istehsal etmədiyindən ətriyyat bazarı tamamilə xarici firmaların ixtiyarındadır. Rəsmi statistikaya görə, Azərbaycanda kosmetika və ətriyyatın illik satışı adambaşına 15 AZN təşkil edir. Sən demə, bütün gəlirli sahələr kimi parfüm biznesi də inhisarçıların əlində imiş. “Pulumu cibimə qoyub xaricdən parfümeriya gətirəcəyəm” deyə fikirləşməyin.
Yanarsınız, daha doğrusu monopolistlər sizi elə yandırar ki, sonucda tövbə eləməkdən başqa əlacınız qalmaz. Biz parfümeriya biznesinin özəlliklərini araşdırarkən elə ilginc məqamların üstünə çıxdıq ki, sözün həqiqi mənasında bu ölkənin cəngəllik qanunları ilə idarə olunduğunun şahidi olduq. Elə siz də şahidi olacaqsınız.
Əbülfəz Məlikovun “Bakutrans”ı və karqosu
Araşdırma apararkən söhbətləşdiyimiz iş adamlarından birinin dediyinə görə, Bakıda neçə-neçə yük terminalları – buna “karqo”lar deyirlər, var ki, xaricdən gələn mallar ora boşaldılır. Parfüm və qeyri-kosmetik malların boşalma yeri isə məhz bir məkandır: “Bakutrans”. “Bakutrans” Lökbatanda, “Sədərək” bazarında yerləşir. Həmin ərazidə “Bakutrans”dan başqa bir neçə karqo var; məsələn, “Çin karqo” – yeri gəlmişkən, hörmətli Cəlal Əliyevin olduğu deyilir – “Pakistan karqo” və s.
Amma sən, tutaq ki, Dubaydan parfüm gətirirsənsə və seçim edərək həmin malı başqa karqoya vurursansa, batdın. Çünki parfüm mütləq və mütləq “Bakutrans”a vurulmalıdır. Başqa “karqo”ya üz tutmaq qadağandır.
Indi keçək prosesin özünə.
***
Araşdırmalarımız zamanı məlum oldu ki, “Bakutrans” “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovundur. Həmin “karqo”da da rüsumları o müəyyən edir. Onun öz tarifləri var. Bu məqama qayıdacağıq, amma əvvəlcə Gömrük Komitəsinin saytına baş vuraq. Həmin saytda ölkəyə idxal olunan malların kodları və həmin mallara görə nə qədər rüsum tutulduğu barədə məlumatlar yerləşdirilib. 3303001000, 3303009000, 3304200000 kodları altında müvafiq olaraq ətir, tualet suyu və makiaj məmulatlarının idxala görə nə qədər vergi və rüsum tutulması barədə məlumatlarda 15 faiz gömrük rüsumu və 18 faiz ƏDV tutulması aydın şəkildə yazılıb. Amma araşdırmalarımız zamanı məlum oldu ki, gömrüyün qanunları ilə Əbülfəz Məlikovun qaydaları tamam fərqlidir. Elə isə mənbəmizi eşidək:
“Parfüm ancaq ”Bakutrans”a vurulmalıdır. Amma burada əcaib və harın qaydalar işləyir. Əvvəla bir məqamı deyim ki, Dubay, Türkiyə, Çin və Rusiyadan gətirilən mallara görə büdcəyə bir qəpik də olsun vəsait getmir. Büdcəyə ancaq Avropadan idxal olunan parfüm mallarından vəsait daxil olur”.
Ətirin bir kilosuna görə Oruc kişiyə 40 dollar verəcəksən
Söhbətləşdiyimiz iş adamı bunlara da aydınlıq gətirdi. Onun dediyinə görə, tutaq ki, hansısa iş adamı Azərbaycana “Oxygen Lanvin” ətirləri gətirir.
– 50 ml həcmi olan “Oxygen Lanvin”in bir ədədi Dubayda 6 dollardır. Bakıya gətirilən kimi, “Bakutrans”dakı brokerlər həmin ətirdən bir ədədini götürüb çəkirlər.
– Niyə? Ətir axı çəki vahidi kimi qeydə alınmamalıdır?
– Elə dəhşət də bundadır. Söhbət ondan gedir ki, belə edirlər. Təsəvvür edin, içində 50 qram olan ətirin 3 ədədinin qabı və qutusu ilə birgə çəkisi
1 kq edir. 1 kq-a görə isə, iş adamından 40 dollar pul istəyirlər. Ya verməlisən, ya da malını buraxmırlar. Qalırsan yana-yana.
– Bu dövlət rüsumlarından və ƏDV-dən əlavədir?
– Nə rüsum, nə ƏDV? Heç bircə qəpik də büdcəyə getmir. “Sədərək” bazarında pulu verirsən Oruc kişiyə, onun da qarşısında sadə bir dəftər var. Ora qeyd edir, vəssalam. Nə qəbz, nə çek,.. heç nə yoxdur.
***
Gətirdiyiniz malın həcmindən asılı olaraq 6 min manatdan 8 min manata qədər para ödəməsəniz malınızı buraxmazlar. Həmin pulu alan monopolist isə sənə heç bir sənəd vermir. Elə beləcə də deyir, utanmadan: “Monopoliyanın puludur”.
Mənbəmiz deyir ki, 8 Mart bayramı ərəfəsi Dubaydan Bakıya 59 kq(?) mal vuran (konkret “Sersio Tasini” və “Ferrari” tualet suyu) sahibkar 10 aydır ki, malını “Bakutrans”ın anbarlarından ala bilmir. Çünki oradakı ərəbi və ya indusu başa sala bilmir ki, burada monopolistlər hər kq (?) mala görə 40 dollar pul istəyirlər. Ona görə də mal neçə vaxtdır ki, orada ilişib qalıb. Şikayətlə Bakı Gömrük idarəsinin rəisi Vüsal Novruzovun yanına gedən iş adamını Novruzov Ibrahim adlı müavininin yanına göndərib. Ibrahim isə ona deyib ki, hər kq-a görə 40 dolları mütləq ödənməldir. Başqa çıxış yolu yoxdur.
– Mən ona dedim ki, bu ətirlərin ədədi Dubayda 8 dollardır. Indi belə çıxır ki, bir kilosuna 4 ətir düşəcək və 40 dollar ödəməliyəm. Axı bu vurub kəllə-çarxa çıxacaq, mən bunu necə satacam? Mənə dedi ki, bunu mən müəyyən etməmişəm, ağsaqqalın göstərişidir. Dedim ağsaqqal kimdir? Qayıtdı ki, bax o! Baxdım ki, Kəmaləddin Heydərovun portretini göstərir.
Bakıda saxta olmayan ətir yoxdur
Həmsöhbətimiz deyir ki, Bakıda təmiz firma malı tapmaq sadəcə mümkün deyil. Bir qədər əvvəl guya ən prestijli mağazalar şəbəkəsi olan “Parfüm de Frans”dan endirimlə “Düpont” ətirləri alan iş adamı çoxdankı müştərisinə bir ədədini satıb. Həmin müştəri səhəri gün onun yanına gəlib ki, utanmırsan, mənə nə vermisən? Məlum olub ki, bu, saxta “Düpont”dur. Çində istehsal olunubmuş. Götürdüyü 25 ədəd “Düpont”u “Parfüm de Frans”a qaytaran iş adamına isə elə beləcə də deyiblər: “Nə bilək, içinə girmişdik?”.
Amma biz məsələnin içinə girdik. Və… Və məlum oldu ki, bu gün əksər parfüm satan mağazaların malları SAXTADIR!
Mənbəmiz saxta malı orijinalı ilə ayırmağın yolunu da bizə başa saldı. “Tutaq ki, ”Şanel”. Həm “Şanel”, həm də digər ətirlərin qutusunun altında birka olur və həmin birkada seriya nömrəsi göstərilir. Həmin nömrə qutunun özündə də eyniyyət təşkil etməlidir. Indi heç mən yox, özünüz ürəyiniz istəyən mağazaya üz tutun və yoxlayın. Şahidi olacaqsınız ki, əksər “firma mallar” saxtadır”.
Yalnız bir “Şeyx”!
Firma demişkən, sən demə Dubayda çox populyar bir ətir var, “Şeyx” adlanır. Tutaq ki, Dubaya getmisən və həmin “Şeyx”dən Azərbaycana 4-5 ədəd gətirirsən. Özünə, qohum-qardaşa, bir sözlə, satmağa yox! Aeroportdaca səni zəlil günə salacaqlar. Qoyarlarmı 1 ədəddən artığını keçirəsən.
“Qırxdır, biri əskik deyil!”
Dubay demişkən, “Bakutrans”ın Dubaydakı ofisi şəhərin beynəlxalq aeroportuna yaxın Əl Habesi adlanan ərazidə yerləşir. Telefon nömrələri isə +9714 2653834 , +9714 2653831, +97140503965496. Sonuncu nömrəyə fikir verin. Tanışdır, “Azersell” nömrəsidir və rouminqə qoşulub. Həmin nömrənin sahibi Mehdi adlı şəxsdir. Elə monopoliyanın özü də məhz oradan başlayır. Mehdinin nömrəsini yığırıq. Üç-dörd çağırışdan sonra cavab verir:
– Bəli, eşidirəm!
– Salam, Bakıdandır, sizin nömrənizi mənə Oruc kişi verib.
– Bəli.
– Mən parfümeriya vurmaq istəyirəm Bakıya. Dedim, görüm bir az aşağı faizlə mümkündür?
– Nə faiz?
– Kilosu 40 dollara başa gəlir deyirlər, heç olmasa 30 dollara mümkündür? Aşağı yeri var, yəni?!
– Qardaş, vəziyyət belədir. Mən neyləyə bilərəm. Deyiblər 40 dollara… Elədir ki, var.
– Heç olmasa 30 dollar olsun da. Birinci dəfədir işə başlayıram.
– Vallah, mənlik deyil – deyib telefonu qapadır.
Oruc kişinin qiymətli və çirkli dəftəri
Araşdırmalarımızı davam etdirmək üçün “Sədərək” bazarına, “Bakutrans”a üz tutduq. Amma əvvəlcə qeyd edək ki, “Bakutrans”ın mərkəzi ofisi Bakıda Üzeyir Hacıbəyov 27 ünvanında yerləşir. Ofisin telefon nömrəsi 5980598-dır. bakutrans.com saytı da var. Amma həmin sayt açılsa da, kompüterin ekranında “Bakutrans” sözündən başqa heç nə yox idi. Daha doğrusu, bir neçə link var idi, onlar da açılmırdı.
“Sədərək”də “Bakutrans”ı tapmaq çətin olmadı. Bizə nişan verdilər ki, Oruc kişiylə söhbətləşin. O olmasa, Vüqar adlı birisi var, onunla da görüşə bilərsiniz. Biz Oruc kişinin otağına girəndə o pul sayırdı. Hansısa parfümlə məşğul olan iş adamı Oruc kişiyə uzatdığı pulu, o, çirkli dəftərinə qeyd edib fəhlələri səslədi ki, gəlib həmin adamın malını yükləsinlər. Bir sözlə, heç bir qəbzdən, sənəddən söhbət gedə bilməzdi. Sadə bir otaq. Stolun sol tərəfində pulsayan maşın. Ilham Əliyevin 3, Heydər Əliyevin 1 portreti. Qarşısında əzik-üzük bir dəftər. Xırda hərflərlə yüzlərlə adam adı qeyd olunduğu açıq sezilir.
***
Uzun müddət Rusiyada yaşadığımı, bir az pulum olduğunu, indi isə şanlı vətənimizə gəlib bizneslə məşğul olduğumu deyirəm. Parfümeriya biznesinin isə gəlirli olduğunu xüsusi vurğulayaraq Oruc kişinin məsləhətinə möhtacam.
– Düz gəlmisən. Parfümeriya bizim “pozisiya”dır(?). Başqa “karqo”ya getsəydin səni incidəcəkdilər. Nə qədər pulun var?
– 15 min dollar. 20 min də düzəldə bilərəm.
– Necə mal vurmaq istəyirsən?
– Vallah, mənə dəmiryolu vağzalında dedilər ki, sizə yaxınlaşıb məsləhət edim.
– Məsləhəti odur ki, sadə mal vurasan.
– Sadə,.. necə ki?
– Bahalı olmasın. Ortabab. 15-20 minə nə vuracaqsan ki?
– Başa düşdüm. Nə qədər xərcim çıxacaq, Oruc kişi?
Kalkulyatoru götürüb vurub-çıxır. Sonra mənə bir kağız uzadır.
– Bax, mal çıxır Dubaydan gəlir Iranın Bəndər-Abbas limanına. Oradan da tirlərlə Bakıya. 10, ən uzağı 15 gün çəkir. Səni Dubayda bizim uşaqlar qarşılayacaq. “FLU Dubays”la uçacaqsan. Yerləşdirəcəklər, uzağı iki-üç gün vaxtın gedəcək. Otel, yemək də ucuzdur. Malını alandan sonra pulunu verib bəri uçacaqsan. Vsyo!
– Başa düşdüm e, nə qədər xərcim çıxacaq.
– Hə, bax, 115 “karobka”, konteynerdə 8 kub. yer tutur. Dayan, bir də vurum (Kalkulyatoru götürüb bir də hesablayır). Bu eləyir 2818 dollar.
– Vsyo.
– Yox, qulaq as da. Üstəgəl 568 dollar “ekstra” verəcəksən.
– “Ekstra” nədir?
– Monopoliya pulu.
Hörmətli oxucu! Istəyirsiz inanın, istəyirsiz yox! Elə beləcə də dedi.
Amma mən də, necə deyərlər, dinc dayanmadım.
– Bəs dövlət rüsumu-filan?
– Əşşi, sənin nəyinə lazımdır. Dediyim pulu ver, gəl malını götür.
Oruc kişidən telefon nömrələrini alıram. Həm burada, həm də “Bakutrans”ın Dubaydakı nömrələrini.
Amma Dubaya yox, yazı yazmağa “uçuram”.
Salman Alıyev