İsveçrə hakimiyyəti Suriya prezidenti Bəşər Əsədin hesablarını dondurmaq qərarına gəlib.
“Media forum” saytı xəbər verir ki, İsveçrə hökuməti ölkə banklarından Bəşər Əsədin bütün hesabları haqda məlumat verməyi tələb edib. Suriya prezidentinin İsveçrə banklarında iri hesablarının olub-olmaması haqda məlumat yoxdur.
Bəşər Əsədə İsveçrəyə gəlmək qadağası da tətbiq olunub. Sanksiyalar təkcə Bəşər Əsədi deyil, ümumilikdə 23 vəzifəli şəxsi əhatə edir.
Ötən həftə İsveçrənin Federal Şurası Suriyaya qarşı sanksiyalar tətbiq etmişdi. Mayın 19-dan qüvvəyə minən sanksiyalar Suriyaya silahların, həmçinin hökumət əleyhinə hərəkatın yatırılmasında istifadə oluna biləcək materialların verilməsinə qadağanı nəzərdə tutur. Suriyaya qarşı maliyyə sanksiyaları və ölkənin hakim rejiminin 13 nümayəndəsinin İsveçrəyə gediş-gəlişinə məhdudiyyət də tətbiq olunmuşdu.
Mart ayından Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir. Hökumət qüvvələri ilə toqquşmalarda 1000-ə yaxın adam həlak olub, 10 min nəfər həbsə alınıb və ya itkin düşüb.