rovnaq

Rövnəq Abdullayev icra başçılarını hədəf aldı

ARDNŞ prezidenti qanunsuz tikililərin məsuliyyətini Alı Qocayev, Zakir Fərəcov və Əlibaba Əliyevin üzərinə atdı

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsinin planlaşdırılması ciddi narazılıqlara səbəb olub. Xatırladaq ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev qurumun balansında olan ərazilərdə tikilən evlərə sənəd verilməyəcəyini bəyan edib. Bu isə həmin evlərin söküləcəyindən xəbər verir.
Beləliklə də, minlərlə vətəndaş evsiz qalmaq təhlükəsi ilə üzləşib. Lakin maraqlıdır ki, Rövnəq Abdullayev bu məsələdə məsuliyyəti icra başçılarının üzərinə atır. O, ad çəkməsə də, həmin evlərin tikilməsində yerli icra hakimiyyətlərini və bələdiyyə orqanlarını ittiham edib. Bəs bu icra başçıları kimdir? Onlardan biri Binəqədinin icra başçısı Alı Qocayevdir. O, spiker Oqtay Əsədovun qudasıdır. Rövnəq Abdullayevin Oqtay Əsədovla münasibətləri o qədər də yaxşı deyil. Bunun əsas səbəbi ARDNŞ prezidentinin Oqtay Əsədovun nəzarətində olan “Azərsu”nu ələ keçirməsidir.
Digər icra başçısı isə Abşeronun rəhbəri Zakir Fərəcovdur. O, Rövnəq Abdullayevlə eyni qruplaşmada təmsil olunsa da, deyəsən, ARDNŞ prezidenti bu məsələdə heç kimə güzəştə getmək istəmir.
Rövnəq Abdullayevin ittihamlarında Sabunçunun icra başçısı Əlibaba Əliyev də var.
Qeyd edək ki, ARDNŞ-in balansında olan ərazilərin böyük hissəsi məhz bu icra başçılarının rəhbərlik etdiyi rayonların payına düşür.

İnformasiya şöbəsi