eldar-ezizov

Oliqarxlar Eldar Əzizovu geri oturdub?

Sumqayıtın icra başçısı iri çəkili məmurların da hədəfinə gəlib

Sumqayıtın yeni icra başçısı Eldar Əzizov da sələfi Vaqif Əliyev kimi şəhərdəki oliqarxlarla bacarmadı. Sumqayıta icra başçısı təyin olunduğu ilk günlərdə sərt bəyanatlarla yadda qalan, yerli məmurları tənqid edən, oliqarxların bostanına daş atan Eldar Əzizov sonradan geri çəkilməyə məcbur oldu. Bunun səbəbi bir tərəfdən oliqarxların təzyiqi ilə üzləşməsi, digər tərəfdən atdığı addımlarla əhalidə narazılıq yaratması oldu. Eldar Əzizov abadlıq-quruculuq adı altında söküntü prosesinə start verdi. Standartlara uyğun olmayan bütün obyektlərin söküləcəyini bəyan etdi. Bu obyektlərin arasında böyük əksəriyyət xırda sahibkarlara məxsus mağazalar idi. Lakin Zaman Isgəndərov, Ağamirzə Əhədov, Sabir Tarverdiyev kimi iri sahibkarların obyektləri də “plana” düşmüşdü. Eldar Əzizov əvvəlcə xırda sahibkarların obyektlərinə hücum çəkdi və ciddi narazılıqla üzləşdi. Oliqarxlar da əhalinin narazılığından yararlanaraq icra başçısının üzərinə yeridilər. Eldar Əzizov vəziyyətin gərginləşdiyini görüb, söküntü işlərinə müvəqqəti ara verdi.
Icra başçısının paralel olaraq yerli hakimiyyətdə apardığı təmizləmə işləri də onu bir neçə çəkili məmurla üz-üzə qoydu. Bu sırada xüsusilə baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun adını çəkmək olar. Eldar Əzizov müavinləri Akif Zeynalov, Akif Quliyevlə yanaşı Ramiz Həsənovu da işdən çıxarmağa çalışırdı. Lakin yalnız Akif Zeynalovu işdən çıxara bildi. Bununla da kürd qruplaşmasının hədəfinə gəldi.
Məlumat üçün qeyd edək ki, Akif Zeynalov Abşeronun icra başçısı Zakir Fərəcovun yaxın qohumudur. Və onun vasitəsi ilə hakimiyyətdəki kürd qruplaşmasının rəhbəri Bəylər Əyyubovun patronajlığını qəbul edib. Akif Quliyev isə sərhəd qoşunlarının komandanı Elçin Quliyevin qardaşıdır. Eldar Əzizov onu işdən çıxarmaq istəsə də, bacarmadı və Akif Quliyevin müavin postunda qalması ilə razılaşmalı oldu. Təxminən eyni hal Ramiz Həsənovla da baş verdi. Ramiz Həsənov “Qaçqınkom”un sədri Əli Həsənovun qardaşıdır. Məlumatlara görə, Eldar Əzizov Ramiz Həsənova onunla işləmək istəmədiyini bildirəndə məsələyə Əli Həsənov müdaxilə edib. Lakin Eldar Əzizov komitə sədrinin xahişini qulaqardına vurub. Ramiz Həsənovun işdən çıxarılması ilə bağlı sərəncamını elan etməyə hazırlaşan ərəfədə isə sürprizlə qarşılaşıb. Ilham Əliyev Ramiz Həsənovu Zəngilanın icra başçısı təyin edib.
Bununla belə, Əli Həsənovla Eldar Əzizovun münasibətlərində gərginlik yaranıb. Vəziyyət Əli Həsənovun Sumqayıtda məcburi köçkünlər üçün yaşayış massivi inşa ediləcəyi ilə bağlı bəyanatından sonra daha da pisləşib. Əli Həsənovun inşa etmək istədiyi “Yeni Sumqayıt” şəhərciyi üçün nişanladığı ərazidən Eldar Əzizov öz məqsədləri naminə istifadə etməyə çalışırdı. Söhbət “Inşaatçılar” adlanan ərazidən gedir. Əli Həsənov həmin ərazidə tikilən fin evlərinin artıq istismar müddətinin keçdiyini bəyan edərək, onların sökülməsini və yerində məcburi köçkünlər üçün şəhərcik salınmasını təklif edib. Bu təklifi reallaşdırmaq üçün “yuxarılar”ın da razılığını alıb. Məlumatlara görə, Eldar Əzizov da həmin ərazidə “göydələn şəhərciyi” salmağı planlaşdırırmış. Əli Həsənovun bu təklifi icra başçısının planlarını alt-üst edib. Məlumatlarda deyilir ki, komitə sədrinin növbəti şəhərciyi məhz Sumqayıtda tikmək planı əslində Eldar Əzizova yerini göstərmək olub…

İnformasiya şöbəsi