“Şərqi Yerusəlim heç bir halda Fələstinə verilməyəcək”
İsrail baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxış edərək prezident Barak Obamanın Fələstin problemi ilə bağlı təklifinə toxunub. Xatırladaq ki, Ağ ev rəhbəri Dövlət Departamentindəki çıxışı zamanı İsrail-Fələstin danışıqlarından bəhs edərkən bildirmişdi ki, sülh prosesi İsrail, İordaniya və Misirlə daimi sərhədləri olan Fələstin və Fələstinlə daimi sərhədləri olan İsrail dövlətinin yaranması ilə nəticələnməlidir.
Netanyahu Konqresdə çıxışında deyib ki, sülh naminə “Yəhudilərin ata-baba torpaqlarının bir qismini vermək də daxil olmaqla”ağrılı güzəştlərə, Fələstin dövlətinin ərazi böyüklüyü məsələsində “mərdlik göstərməyə” hazırdırlar. Bununla belə o, İordan çayının qərb sahilində İsrail hərbi qüvvələrinin saxlanacağını və Şərqi Yerusəlimin heç bir halda Fələstinə verilməyəcəyini vurğulayıb. O, 1967-ci il sərhədlərinə qayıtmağın qəti mümkünsüz olduğunu deyib.
Fələstin rəhbərliyi isə Netanyahunun ABŞ Konqresindəki çıxışına sərt reaksiya verib. Mahmud Abbasın sözçüsü Nəbil Əbu Rudeyna İsrail baş nazirinin çıxışlarınının sülh prosesinə yeni maneələr yaratdığını bildirib.
İnformasiya şöbəsi