İbrahimov qardaşları Abdin Fərzəliyevlə birləşib İlham Əliyevə qarşı çıxdı
Komitə sədrinin qardaşı Əliyevin göstərişini saymadı
Paytaxtın Azadlıq və Həsən Əliyev prospektlərinin kəsişməsində yerləşən ərazi ilə bağlı təxminən bir il əvvəl başlamış qalmaqal yenidən gündəmə gəlib. Buna səbəb isə Diaspora Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun qardaşı Sahib Ibrahimovun sözügedən əraziyə iddiasından əl çəkməməsidir. Söhbət vaxtilə Dövlət Təhlükəsizlik Komitəsi və Mərkəzi Komitənin işçiləri üçün tikilən üç binanın həyətindən gedir. Sözügedən binalarda yaşayanlar sırasında baş nazirin müavini Abid Şərifov, keçmiş rabitə naziri Nadir Əhmədov da var.
Qeyd edək ki, hələ keçən ilin martında Nərimanov rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sərəncam imzalayaraq, “Galaxy Palace” MMC-nin sahibi Sahib Ibrahimova sözügedən binaların həyətində biznes mərkəzi tikməyə icazə verib. Lakin binaların sakinləri bunu eşidən kimi, etiraz edərək, tikintinin qarşısının alınması üçün müxtəlif qurumlara, o cümlədən Nərimanov rayon məhkəməsinə müraciət ediblər. Etirazlar nəticə verib: Ilham Əliyev Kür daşqınlarıyla bağlı müşavirədə məhz sözügedən tikinti ilə bağlı Hacıbala Abutalıbova göstəriş verib: “Bugünkü gün Bakının bəzi yerlərində parklarda bəzi icra hakimiyyətlərinin rəhbərləri ofis binaları tikdirmək istəyirlər. Bu yaxınlarda mənə verilən məlumata görə, rayonların birində evlərin arasında mövcud olan parkda – harada ki, camaat yığılıb dincəlir, orada ofis binaları tikmək istəyirlər. Yəni, belə çıxır ki, artıq oradakı bütün torpaqları satıblar, bircə parklar qalıb. Mən Hacıbala Abutalıbova ciddi göstəriş verdim. Mən Hacıbala Abutalıbova ciddi göstəriş verdim ki, lazımi tədbirlər görülsün”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Elmar Hüseynzadə də Bakı şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinin rəis əvəzi Akif Abdullayevə məktub göndərib ki, sözügedən ərazidə tikinti aparılmasına icazə vermək olmaz. Çünki orada xeyli pozuntular aşkarlanıb. Akif Abdullayev də öz növbəsində Abdin Fərzəliyevə məktub göndərir ki, vaxtilə sözügedən tikintiyə dair rəhbərlik etdiyi qurumun razılaşdırılmış məktubu qüvvəsini itirsin.
Bina sakinlərinin etirazlarının nəticəsi olaraq, Abdin Fərzəliyev bir qədər əvvəl özünün verdiyi sərəncamı ləğv etmək məcburiyyətində qalıb. Qeyd etdiyimiz kimi, narazı sakinlər müvafiq dövlət strukturlarıyla yanaşı, məhkəməyə də üz tutmuşdular. Məhkəmə də sakinlərə bildirib ki, artıq problem həllini tapdığından, şikayətə baxmağa ehtiyac qalmır. Onlar da razılaşıblar.
Amma bir müddət əvvəl bina sakinlərinə xəbər çatıb ki, həyətlərindəki tikintilə bağlı ləğv olunmuş sərəncam yenidən bərpa olunub. Yenə də Fərzəliyev sərəncamın ləğvi barədə sərəncamını ləğv edib. Başqa sözlə, tikintiyə icazə verilməsi barədə lap əvvəlki sərəncamının bərpa edilməsi barədə yenidən sərəncam imzalayıb. Bir müddət əvvəl Sahib Ibrahimovun adamları həyətə gələrək, orada bir neçə qarajı söküblər.
Sərəncamın bərpasını eşidən sakinlər dərhal yenidən müvafiq strukturlara müraciət ediblər. Narazı sakinlərlə söhbətimizdən belə bəlli oldu ki, onlar şəxsən Sahib Ibrahimovun özü ilə də danışıblar. Komitə sədrinin qardaşı onlara açıq şəkildə deyib ki, bu sərəncama görə bir ətək pulu gedib, ona görə də geri çəkilən deyil.
Mənzil Məcəlləsinin 35.1-ci (binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur) maddəsinə əsaslanan bina sakinləri yenidən Ilham Əliyevə müraciət ediblər. Müraciətdə dövlət başçısının nəzərinə çatdırılıb ki, məmurlar faktiki onun göstərişlərini saymırlar.
İnformasiya şöbəsi