Əliyev Azərbaycanda cəngəllik yaradıb

«İlham Əliyev islahatlara getməsə, Azərbaycanda gec-tez ərəb presedentləri yaranacaq»

Son günlər Ictimai Palatanın fəaliyyəti ətrafında  diskussiyalar başlayıb. Cəmiyyətin müxtəlif təbəqələrindən bu quruma təkliflər, mesajlar gəlməkdədir. Bu qruplardan birinin nümayəndəsi vəkil Qurban Məmmədovla müsahibənin ardını təqdim edirik…

başlanğıcı ötən sayımızda

Mənim heç bir təmənnam yoxdur

– Bir tərəfdən deyirsiz ki, Iqbal Ağazadənin və ya Sərdar Cəlaloğlunun nüfuzu əvvəlki kimi deyil, hətta Iqbal Ağazadənin özündən başqa heç kəsi yoxdur. O zaman onların birliyinin nə faydası?
– Məni düz başa düşün, bunların hər birinin arxasında müəyyən sosial baza var. Və təbii ki, əvvəlki nüfuzlarını saxlaya bilməsələr də, onlarsız müxalifətin birliyi təsəvvürü yaranmaz. Mən Iqbal bəyin üç müavini ilə görüşmüşəm. Bir şeyi də deyim; mövcud müxalifət partiyalarından biri lideri, biri kütləviliyi, biri strukturlaşması, biri maddi imkanları, bir başqası isə beynəlxalq əlaqələri ilə yaxşı mənada fərqlənə bilər. Bu mənada birlik vacibdir. Bizə isə xalqla dil tapmaq lazımdır. Hörmətli Əli Kərimli və Isa Qəmbər qəbul etməlidirlər ki, aprelin 17-dən sonra məlum olub ki, xalq kütləvi şəkildə mübarizəyə qoşulmayıb. Buna nail olmaq üçün partiyaların liderlərini və cəmiyyətdə nüfuzu, adı olan şəxsləri Ictima Palatanın rəhbərliyinə dəvət etməliyik. Məsələn, Eldar Namazov. Özünün siyasi təcrübəsi ilə bir şəxsdir və ətrafında ziyalı təbəqə var. Eyni zamanda, ən azı doqquz olmaqla və daha çox müstəqil ziyalılar rəhbərliyə daxil edilməlidirlər. Bəlkə bu da alınmayacaq və xalq bu formatı da qəbul etməyəcək. Biz xalqa deməliyik ki, bu, müxalifət birliyi deyil. Ümumxalq hərəkatını idarə edən təşkilatdır. Təsəvvür edək ki, biz səninlə düşmənik və olduğumuz otağa ayı girir. Biz küsülüyük deyə ayıya ikimizi də yemək imkanı verməliyik? Məntiqlə ikimiz də vuruşmalıyıq. Burada iki yol var. Ya birimiz qaçmalıyıq və yoldaşımızı ayıya yem olaraq təqdim etməliyik, amma bu, çıxış yolu deyil. Çünki bura qapalı bir meşə, cəngəllikdir. Buranı Ilham Əliyev belə düzəldib və deyib ki, bura mənimdir. Bizim ayı Azərbaycan iqtidarıdır. Düşmən də olsaq, məcburuq ayıya qarşı vuruşaq. Biz xalqı inandırmalıyıq ki, təhlükə ümumidir və birliyimiz ümumxalq hərəkatıdır.

– Sizin irəli sürdüyünüz təklifə qarşı kim çıxıb?
– Bu təklifə qarşı çıxan yoxdur. Amma bu danışıqları aparıram. Düşünürdüm ki, müəyyən nöqtəyə qədər araşdırmamı aparım və dəqiqləşdirim kimdir bu birliyə mane olan. Ondan sonra dəqiq nəsə deyək. Amma ad çəkmədən danışıqlarda eşitdiyim arqumentləri sizə deyim, özünüz qiymət verin. Mən təklifləri Ictimai Palatanın Koordinasiya Şurasına təqdim etdiyim zaman, hörmətli Vidadi Mirkamal onların bir hissəsinə münasibətdə bildirdi ki, bəli, bunlar zəruridir.
Eyni zamanda bəyan olundu ki, bəzi işləri Ictimai Palata aparır və bizim bu barədə məlumatımız olmadığına görə yada salındı. Yəni, təkliflər bir neçə hissəyə bölündü. Hörmətli Əli Kərimli də təkliflərin hamısı ilə tanış olduğunu bildirdi və söylədi ki, onların bir hissəsi Ictimai Palatanın fəaliyyəti barəsində məlumatsızlıqdan ortaya çıxıb. Amma bəziləri qəbul olunmalıdır. Normal münasibət sərgiləndi. Burada məgər nə var ki? Qurban Məmmədov demir ki, məni prezident edin. Mən heç nə istəmirəm. Mənim əvvəllər olduğu kimi heç bir təmənnam yoxdur. Bu barədə imzalı kağız verə, Qurana əl basa bilərəm. Gələcək üçün mənim yeganə təmənnam odur ki, məni həbs eləməsinlər, vəkillik fəaliyyətimlə normal məşğul ola bilim. Amma bir təhlükə var ki, o mənim nəvələrimi təhdid edir.
Isa bəy isə bu təkliflərin müzakirəsində belə bir mövqe bildirdi ki, bu təklif Ictimai Palatanı yenidən qurmağa yönəlib. Mən də öz növbəmdə dedim ki, təbii ki, elə də görsənə bilər. Indiyə qədər görülən işlər təqdir olunandır. Amma aprelin 17-dən sonrakı hadisələr Ictimai Palatanı yenidən qurmağı diqtə edirsə, bu nədən olmasın? Məgər Ictimai Palatanın nizamnaməsi Quran ayəsidir? Bu qaydaları insan qəbul edir, insan da dəyişə bilər. Amma bizim heç bir ilkin şərt qoyulmadan hamı üçün “açıq qapı” siyasəti tətbiq etməklə bağlı təklifimizə Isa bəy bildirdi ki, o, Ümid Partiyasının sədri Iqbal Ağazadənin bu birliyə gəlməsinin qəti əleyhinədir. Isa bəyin mövqeyincə, Iqbal Ağazadə bu birlikdə ya parlamentdən istefa verdikdən sonra gəlib əyləşə bilər, ya da Iqbal Ağazadə özü təmsil olunmasın, partiyasından nümayəndələr gəlsin. Normal təklifdir. Isa bəy Azərbaycan müxalifətinin uzaqvuran toplarındandır, ətrafında kifayət qədər sosial baza var.
Başqa təkliflərimizə görə, müxalifətin şərtlərini  (demokratik seçki mühitinin yaradılması) qəbul edəcəyi  halda, Ictimai Palata Ilham Əliyevin istefasının qoyulmayacağı barədə bəyanat versin ki, növbədənkənar normal seçkiyə imkan verilsə, MSK dəyişdirilsə, seçki qanunvericiliyi təkmilləşdirilsə, Ilham Əliyevin istefası qoyulmayacaq.

İlham Əliyev müxalifəti Azərbaycan gəmisindən kənara ata bilməz

– İctimai Palata da o mövqedədir ki, radikal dəyişikliklərin alternativi islahatlar ola bilər. Təxminən sizin fikirlə eynidir?
– Mən deyirəm ki, millətlə açıq danışaq. Ola bilsin ki, Ictimai Palatanın belə bir təklifləri var. Bu, başa düşülmür.

– Pənah Hüseyn bu mövzuyla bağlı müsahibəsində bildirib ki, Ilham Əliyevin istefasını Ictimai Palata rəsmən hələ qoymayıb.
– Amma Ictimai Palata istefa bəyanatının qoyulmayacağını da söyləmir. Bu adam da fikirləşir ki, belə tələbi sabah qoya bilər. Sabah icazəli aksiyalara başlanılır və valı çevirərlər. Mənim təklifim xalqla səmimi olmaqdır. Dövlət başçısı ilə də səmimi olaq. Deyək ki, yoldaş Ilham Əliyev, sən bizim üçün erməni deyilsən, özümüzünküsən. Ilham Əliyevin haqqı yoxdur ki, bu boyda müxalifəti Azərbaycan gəmisindən kənara atsın və bəyan etsin ki, bura mənim dədəmin bostanıdır. Əgər o, bu təkliflərə getməyəcəksə, Azərbaycanda gec-tez mütləq qanlı ərəb presedentləri ola bilər.
Ola bilsin ki, mən görməyəcəm, yaxud da sən və sənin balan bu hadisənin şahidi olacaq. Suxarto, Səddam, Qəzzafi göz qabağındadır. Biz deyirik ki, gəlin dünyaya bir Azərbaycan modeli təqdim edək. Mədəni, müsəlman dövlətində müasir qaydalarla anarxiyadan, diktaturadan demokratiyaya keçidin bir modeli. Müxalifət təklif verir və bunun ətrafında müzakirə aparılır. Burada Ilham Əliyev nə itirir ki?
Ikincisi, Ictimai Palata bəyanat verməlidir ki, normal seçkilərdə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə orta və aşağı məmur təbəqəsi dəyişdirilməyəcək. Indidən buna zəmanət verək. Qoy, bu sosial baza dursun yerində. Yəni, sabah Əli Kərimli hakimiyyətdə söz sahibi olan kimi dərhal deməsin ki, ancaq cəbhəçilər təmsil olunmalıdır bütün idarələrdə.

– Bu qədər məmuru tapmaq da qeyri-mümkündür…
– Indi hakimiyyətdə təmsil olunanlar yeznəsini, oğlunu, oğlunun dostunu, qızının nişanlısını vəzifəyə qoyur. Bu adamlar ölkəni sökür-dağıdır… Daha sonra əmlakla bağlı təklifdir. Yəni, hakimiyyət dəyişikliyi olsa, əmlakın yenidən bölgüsünü tələb etməyəcəyik. Bu təklifləri verək və təşkilatlanma işimizə başlayaraq, rayonlara üz tutaq. Indi AXCP-dən, Müsavatdan bir neçə nəfər rayonlara gedərək Ictimai Palatanın özəklərini yaratmağa çalışırlar. Amma bu format nəticə versəydi göz önündə olardı. Belə bir təklif də var idi ki, Ictimai Palata qoy tam ölsün və sonra fəaliyyətə keçək. Bir halda ki, bu insanlar dəyişikliyin, birləşmənin vacib olduğunu dərk etmirlər…

– Sizcə, Ictimai Palatanın ölmək perspektivi var?
– Mütləq. Əgər Ictimai Palata indiki siyasətlə davam edəcəksə, bu, baş verəcək.

– Yəni indiki vəziyyətdə davam etmək, davam eləməmək deməkdir…
– Yəni, infarkt keçirmək…

Azərbaycanda legitim hakimiyyət yoxdur

– Xeyr, infarkt keçirmək baxımından demirəm. Insan sabah da bugünkü kimi ola bilməz. Dəyişiklik olmalıdır. Bu, fiziki baxımdan belədir. Bir də var, siyasi dəyişiklik. Hakimiyyətin də hazırda hədəfində ayrı-ayrı partiyalar deyil, Ictimai Palatadır. Sizcə, bu göstərmirmi Ictimai Palata siyasi dialektikaya daxil olub?
– Əgər məqsədimiz yalnız Ictimai Palatanı siyasi dialektikaya daxil etməkdirsə, bunu etmişik.

– Elə inkişafın da bunun üzərində qurulması nəzərdə tutulmayıbmı? Öncə siyasi proseslərə daxil olmaqdır ki, sonrakı addımlar da növbəti mərhələdə reallaşdırılsın?
– Bu qaydada, bu güclə, bu formatla növbəti addımlar atıla bilməz. Ictimai Palatanın vəzifəsi açıq şəkildə bəyan olunmalıdır. Məqsədimiz siyasi dialektikaya girməkdir? Xalqa bəyan etmək istəyirik ki, biz varıq…

– Seçkiyə qatılmaq üçün birinci namizəd olmaq lazımdır. Bu, birinci mərhələdir.
– Axı Ictimai Palata bəyan etmir ki, nə istəyir?

Ardı gələn sayımızda

Seymur Həzi,
Xəyal Şahinoğlu