Daşqından ziyan çəkənlər kompensasiya tələb edir
Dünən 1 saylı Bakı Inzibati Iqtisad Məhkəməsində Kür daşqınlarından əziyyət çəkən bir qrup sakinin dəyən ziyanın ödənilməsi haqqında iddiası üzrə məhkəmə prosesi keçirilib.
Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərdən Lazım Umudov, Hüseynağa Hüseynov və Şahbaz Hacıyev, zərərçəkənlərin nümayəndələri Oqtay Gülalıyev və Nemət Əliyev iştirak ediblər. Cavabdeh tərəf olan Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məhkəmə prosesində iştirak etməyiblər.
Hakim zərərçəkənləri və onların nümayəndələrini dinləyib. Zərərçəkənlər daşqınlardan bir il ötməsinə baxmayaraq, onlara dəyən ziyanın hələ ödənmədiyini bildiriblər.
Məhkəmə həm qarşı tərəfin prosesdə iştirak etmədiyini, əlavə məlumatlar toplamağın zəruriliyini, zərərçəkənlər isə onların problemlərinin həll olunması istiqamətində FHN ilə aparılan son müzakirələri nəzərə alaraq, qarşılıqlı razılıq əsasında məhkəmə prosesini iyun ayının 29-na təyin edib.



