Əliyevlərdən kitab yazmaq üçün bankdan borc götürdü, müflis oldu
Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sadıq Şükürov Heydər Əliyev Fonduna çox maraqlı məzmunda şikayət məktubu göndərib. Məktubdan belə məlum olur ki, Heydər Əliyev haqqında kitablar çap etməklə şöhrət qazanmağa çalışan professoru bu arzusu uçuruma aparıb.
Belə ki, S.Şükürov Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı “Dörd müsahibə”, “Tarix tarixdir”, “Millət atası”, Heydər və Ilham Əliyevdən bəhs edən “Ata və Oğul”, “Heydər Əliyev: Ədəbiyyatımız və incəsənətimiz haqqında”, “Heydər Əliyev. Ədəbiyyatımız və mənəviyyatımız” adlı kitablarını çap etmək üçün bankdan kredit götürüb.
Krediti verə bilməyəndə isə evini əlindən alıb, özünü də küçəyə atıblar. S.Şükürov məktubunda qeyd edir ki, həyat yoldaşı bu dərdə dözə bilmədiyi üçün dünyasını dəyişib. Həmin vaxtdan da ata və anası vəfat etmiş dörd nəvəsi ilə birlikdə kirayələrdə yaşayır: “1941-ci ildən işləyirəm. Heydər Əliyevin sərəncamı ilə mənə Böyük Vətən Müharibəsi iştirakçısı vəsiqəsi verilib. Məni elm aləminə Mir Cəlal Paşayev gətirib, onun aspirantı olmuşam. 40 kitabın, dörd dildə 400-dən çox elmi-metodiki məqalənin müəllifiyəm. 20 min kitablıq kitabxanam zirzəmidə çürüyür. ”Tərəqqi” medallı “Əməkdar müəllim”, “Respublikanın qabaqcıl işçisi” və YAP üzvüyəm”.
S.Şükürov Mehriban Əliyevadan xahiş edir ki, onun bu xidmətlərini nəzərə alaraq evlə təmin etsin. Onu da qeyd edir ki, bugünə qədər M.Əliyevanın adına 20-yə yaxın məktub göndərsə də, heç birinə cavab ala bilməyib.