Mən kirayələrdə yaşamaq nə deməkdir, çox gözəl bilirəm. Həm də təkbaşına deyil, yanındakı qadınla, cocuqlarla bir evdən digərinə daşınmaq nə deməkdir, yaxşı bilirəm mən. Nə demişlər: “Damdan düşənin halını damdan düşən anlar”.
Yalnız özün olsan, problem deyil, üç-beş geyəcəyindən başqa nəyin var ki… Alarsan əlinə bir çemodanını, o ev sənin, bu ev mənim, dolaşarsan. Amma ailəylə bu işin nə qədər ağır olduğunu, çəkilməz olduğunu ifadə etməkdə sözlər acizdir. Tam bir işgəncədir – həm fiziki, həm mənəvi mənada.
***
Sonuncu dəfə kirayə evi dəyişdiyimdə balaca Ceylan günlərcə ayaqlarını yerə döymüş, ağlamışdı: “Mən burda qalmaq istəmirəm, mən öz evimizi istəyirəm”.Ona nə əvvəlki, nə indiki evin özümüzün olmadığını necə anlada bilərdim ki? Anlatmaq istəsəydim belə, o uşaq ağlı ilə anlayacaqdımı, anlaya biləcəkdimi?Həmkarımız Natiq bəy indi, hətta Ilham Əliyevə yazmış olduğu bir müraciət üzündən deyil, tamam başqa, altında heç bir siyasi anlam daşımayan səbəbdən də kirayə qaldığı evdən çıxmaq məcburiyyətində qaldığını desəydi, mən buna yenə çox üzülərdim. Çox kədərlənərdim.
Çünki hansı səbəbdən olursa olsun, kirayələrdə yaşamaq nə qədər acıdır, hələ-hələ yanında cocuqlarla kirayədən kirayəyə daşınmaq nə qədər ağırdır, nə qədər dözülməzdir, mən bunu yaxşı bilirəm. Mən bunu filmlərdə seyr etmədim, mən bunu kitablarda oxumadım, mən bunu başqalarından dinləmədim, mən bunu yaşadım çünki. Dönə-dönə, təkrar-təkrar yaşadım.
Zatən bu ölkənin başına gələn bütün pisliklərin, çirkinliklərin bir nömrəli səbəbi bu ölkəni idarə edənlərin sadə insanların nə yaşadıqlarını yaşamamalarıdır. Ya da o qədər uzaq keçmişdə yaşadılar ki, bu günə gələnədək unutdular.Onların neçəsi övladına toy etməyə pul tapmayaraq intihar etmək fikrinə düşüb nə vaxtsa?
Onların neçəsi nə vaxtsa anasına dərman pulu tapa bilməyib evindəki sobanı, televizoru, soyuducunu, bu da yetməyəndə qışın ortasında əynindəki paltonu satmaq fikrinə düşüb?
Neçəsi cibində evə çörək almağa pulu olmayınca uşaqlar yatanadək küçələri dolaşıb ki, onların ac gözlərini görüncə daha çox qəhr olmasın, daha çox yerin dibinə girməsin?
Inanın ki, heç biri… Bu üzdən onlar işsiz, evsiz, pulsuz insanların halından anlamazlar. Xalqın içindən gəlmədilər çünki. Çünki xalq öz sıralarından seçmədi onları. Xalq seçməyincə həmişə belə olur. Bütün ömrü dəbdəbə, təmtəraq içərisində keçənlər bir gün zorla hakimiyyəti qamarlayanda belə olur həmişə! Gəlirlər, xalqın yaşadıqlarından, ağrılarından, acılarından xəbərsiz iqtidar qururlar. Özlərinin pulları, mülkləri artdıqca da sanırlar ki, başqaları üçün də belədir.
Ona görədir ki, siz indi bir oliqarxa gedib günlərdir boğazınızdan sudan başqa heç nə keçmədiyini, bir tikə çörəyə möhtac qaldığınızı söyləsəniz, o döyüb qovar sizi qapıdan. Çünki sizin onunla məzələndiyinizi, sizin onu ələ saldığınızı düşünər. Ona çatmaz ki, bir insan necə bir tikə çörəyə möhtac qala bilər, cibində necə bir tikə çörək üçün pul olmaya bilər? Yaşamadı axı o belə həyatı. Axı o bizim yaşadığımız həyatın içindən yüksəlmədi ora. Oğurluqla, quldurluqla, qanla, qəddarlıqla gəldi, belə də davam edir.
***
Və Natiqin hekayəsi… Ilham Əliyevdən adi bir arayışı almağa kömək istədiyi üçün kirayə yaşadığı evdən atılan bir dostun, bir vətəndaşın hekayəsi…Bu ölkənin iç acıdan onminlərlə, yüzminlərlə həyat hekayəsindən biri. Nə birincidir, nə sonuncu olacaq. Bu çirkin gedişatı durdurmadıqca biz, bu iyrənc gedişata “dur” demədikcə biz, 9 milyon insan bu qədər döyənə əlsiz, söyənə dilsiz olmağa davam etdikcə, bu cür 9 milyon hekayə yazılacaq. Hər kəs üçün yazılacaq, sadəcə bir az geci-tezi var.
O bir nəfər var ya, o bir nəfər!.. O bir nəfər üçün biz heç vaxt vətəndaş, seçici, insan olmadıq və olmayacağıq, amma o bir nəfər üçün – o “dünyanın ən məhsuldar yazıçısı” üçün hamımız iç acıdan, ürək yaxan hekayələrin qəhrəmanı olacağıq. Hamımız üçün yazacaq Natiqin hekayəsini – hərəmiz üçün də bir başqa yazacaq, hərəmiz üçün də ayrı-ayrı!
Növbəmizi gözləyək.