Azərbaycan Ermənistana 10 milyard təklif edib?

Iran saytı Qarabağa görə pul təklif olunduğunu yazıb

Zərdüşt Əlizadə: «Təklif olunsaydı, onu ağlabatan hesab

Iranın “ariaran.ir” saytına istinad edən Ermənistan mətbuatı maraqlı məlumat dərc edib. Xəbərə əsasən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Irana səfərlərinin birində guya bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi olmasını istəyib. Eyni zamanda işğal altında olan torpaqların azad olunması müqabilində Azərbaycanın Ermənistana 10 milyard dollar ödəməyə hazır olduğunu da bildirib. Bu xəbər nə dərəcədə inandırıcıdır və münaqişənin pul müqabilində həllini gözləmək olarmı?

Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov nazirin bütün səfərləri zamanı Dağlıq Qarabağ məsələsinin başlıca müzakirə mövzusu olduğunu deyir. Nazirlik sözçüsü münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair bütün tövsiyələri və dəstəkləri alqışladığını da qeyd etdi.

Pul təklifinə gəldikdə, E.Poluxov bu xəbərin həqiqətə uyğun olmadığını bildirdi.

Politoloq Zərdüşt Əlizadə isə Azərbaycanın Irana vasitəçiliklə bağlı təklif etməsinin inandırıcı olmadığını deyir: “Bu, tamamilə gerçəkdən uzaq, heç bir meyarlara sığmayan təklifdir. Çünki vasitəçiliyi adətən, beynəlxalq mühitdə və gerçəkdə hansısa təsir imkanları olan dövlət edir. Qarabağ münaqişəsini Rusiya başlayıb, müharibəyə sponsorluq edib. Münaqişənin başlanmasında Iranın rolu olmayıb. Iran yalnız Ermənistanla ticarət əlaqələri qururdu. Qarabağ münaqişəsi Qərbdən, Rusiyadan asılıdır. Odur ki, Iranın vasitəçiliyi səmərə verə bilməz”.

Ekspertin sözlərinə görə, Azərbaycanın Ermənistana pul təklif etməsi də inandırıcı görsənmir. Baxmayaraq ki, belə bir təklif ağlabatan olardı: “Adətən, hər hansı münaqişənin həlli zamanı təzminatlar, ödəmələr nəzərdə tutulur. Düşünmürəm ki, Azərbaycan bu qədər pul təklif edər. Ancaq təklif olunsaydı, mən bunu ağlabatan hesab edərdim. Çünki Qarabağın müharibə yolu ilə azad edilməsi variantı heç də 10 milyard manatdan ucuz başa gəlməyəcək. Ölkə daha çox itirə bilər. Ona görə təklif ağlabatandır. Ancaq düşünmürəm ki, ermənilər bunu qəbul etsin. Çünki ermənilərdə milli məfkurə xəstəlik səviyyəsindədir. Onlar bu təklifi qəbul etməz”.

Fizzə