Qurban Məmmədov: «ADP, ALP, Ümid Partiyası vaxtı ilə var idi, indi faktiki yoxdular»
Son günlər Ictimai Palatanın fəaliyyəti ətrafında diskussiyalar başlayıb. Cəmiyyətin müxtəlif təbəqələrindən bu quruma təkliflər, mesajlar gəlməkdədir. Bu qruplardan birinin nümayəndəsi olan hüquqşünas Qurban Məmmədovla mövzu ətrafında söhbətləşdik:
– Mətbuatda belə bir məlumat getdi ki, ictimai baxımdan 12 nəfər fəal şəxs Ictimai Palataya təkliflərlə müraciət edib. Bu təkliflərin mahiyyəti nədən ibarətdir?
– Namizədlər barədə məlumatım yoxdur. Onların arasında Ictimai Palatanın üzvləri də var, müstəqil şəxslər də, partiya mənsubiyyəti olanlar da var. Forum təşkil edib belə bir qərara gəldik ki, Ictimai Palatanın rəhbərliyinə müraciət edərək, müəyyən təkliflər irəli sürək. KXCP funksioneri Akif Hüseynovla mən birlikdə bu istiqamətdə görüşlər keçirməyə başladıq. Ilkin olaraq, şəxsən hazırladığım 15 bənddən ibarət təklifi Koordinasiya Şurasına təqdim etdim. Əsaslarını da çatdırmaq istəyirəm.
Aprelin 17-dəki aksiyadan sonra açıq göründü ki, xalq Ictimai Palatanın tədbirlərini dəstəkləmir. Eyni zamanda, bir fakt da ortadadır ki, Azərbaycan xalqı ümumilikdə müxalifəti dəstəkləmir. Sonuncu parlament seçkilərində xalqın 85 faizinin iştirak etməməsi bir daha sübut etdi ki, bu xalq müxalifətin siyasi mövqeyini də dəstəkləmir.
“Xalqla səmimi olmaq lazımdır”
– Bəs xalq hökuməti necə, dəstəkləyirmi?
– Biz hökumətdən danışmırıq.
– Xalqın 85 faizi müxalifəti dəstəkləmirsə, hökuməti dəstəkləyirmi?
– Xalqın 99 faizi hakimiyyəti dəstəkləmir.
– O zaman belə çıxmır ki, xalq müxalifəti yox, siyasəti dəstəkləmir?
– Yox, xalq müxalifətin siyasətini dəstəkləmir.
– Bir var, xalq nə iqtidarı, nə də müxalifəti dəstəkləyir – bu, o deməkdir ki, ümumiyyətlə, siyasi fəaliyyəti dəstəkləmir. Ya da belə ola bilər ki, xalq konkret qüvvəni dəstəkləmir, amma onun alternativini dəstəkləyir. Burada hansıdır?
– Mənim sizi sevməməyim o anlama gəlmir ki, sizin düşməninizi sevirəm. Sizin düşmənə də düşmənəm və onu da sevmirəm. Bu, başqa məsələdir. Söhbət hakimiyyətdən getmir. Bu xalqın hakimiyyəti sevmədiyini, dəstəkləmədiyini bütün dünya bilir. Biz öz dərdimizdən danışırıq. Hakimiyyətin dərdi məni maraqlandırmır.
Biz hesab etdik ki, xalqla səmimi olmaq lazımdır. Öncə xalqa demək lazımdır ki, biz nə istəyirik, necə istəyirik və xalqı nə gözləyir. Xalqa müəyyən gələcək vəd etmək lazımdır. Bizim təklifimizin biri budur ki, Ictimai Palata bəyanat versin və izah etsin ki, aprelin 17-dən sonra təşkilatın vəzifəsi Azərbaycanda normal parlament və prezident seçkilərinin keçirilməsi üçün mühitin yaradılmasıdır. Daha sonra təşkilat bəyanat verməlidir ki, Ictimai Palataya üzvlük açıqdır. Yəni, mövqeyindən asılı olmayaraq, istənilən şəxs və təşkilat bu qurumun üzvü ola bilər. Üçüncü belə bir təklifimiz var ki, təşkilatlanma işi başa çatmayınca kütləvi tədbirlərə moratorium qoyulmalıdır. Bu nə deməkdir ki, “keçirilən aksiyalar, ilkin olaraq heç bir hazırlıq görmədən gənclərin atdığı addımın yüksək effekt verdiyini göstərdi”? Cəmiyyətdə hələ ölməyən, mübarizə əzmi olan bir qrup meydana atıldı və dünya gördü ki, bu millət ölməyib, taleyi ilə barışmaq istəmir.
Biz, həmçinin hesab edirik ki, bu rejimə qarşı ümumxalq hərəkatını təşkil edib, ondan sonra küçəyə çıxmaq lazımdır. Düşünürük ki, əvvəldə səhv addımlar atıldı. Olan-qalan potensial cavanları döydürdülər, söydürdülər və cəmiyyət növbəti xof mexanizmi ilə üz-üzə qaldı. Təbii ki, Ictimai Palatanın gördüyü işlər dəstəklənir, qurumun rəhbərliyinin gördüyü işlər təqdirəlayiqdir. Amma növbəti keyfiyyət mərhələsinə keçmək üçün biz bu təklifləri irəli sürmüşük.
“İctimai Palataya üzvlüklə bağlı müraciət etməyəcəm”
– Siz, İctimai Palataya üzvlüklə bağlı müraciət etmisinizmi?
– Qətiyyən.
– Belə bir fikriniz var?
– Qətiyyən.
– Müraciət etməyəcəksiniz?
– Nə qədər ki, bu qurum ürəyimcə olan qaydalarla idarə olunmur, mən ora getmərəm.
– Kənardan müdaxiləni nə dərəcədə effektli sayırsınız? Yaxşı olmazdımı ki, bu qurumun tərkibində olub, təkliflər verməklə fəaliyyətinizi qurasınız?
– Azərbaycanın dövlət orqanlarına kənarda olan fəhlə, kolxozçu nə dərəcədə konstitusion hüquqlarından istifadə edərək müraciət etmək hüququna malikdirsə, hesab edirəm ki, müxalifətçi mövqedə olan adam kimi mənim də hüququm var ki, övladlarımın taleyində iz qoyacaq bu hərəkata müqavimət göstərim, təzyiqlər edim.
– Dəstəyinizi təkliflər və təzyiqlər vasitəsilə göstərmək istəyirsiniz?
– Hələlik. Biz düşünürük ki, təşkilatlanma başa çatmayınca kütləvi tədbirlər keçirilməsin. Nədən ibarətdir təşkilatlanma işi? Məsələn, biz təklif edirik ki, Ictimai Palataya bir aylıq qəbul müddəti elan olunmalıdır. Bu müddət ərzində kim gəldi, gəldi. Bir aydan sonra təşkilatlanma işi başlasın və buna ən azı, üç ay vaxt qoyulsun. Təbii ki, ciddi nizam-intizam gözlənilməklə. Bu müddətdən sonra qəbul olunan adamlarla birlikdə Koordinasiya Şurası yaradılır, həmçinin bu qurumun nəzarəti altında qruplar təşkil olunur, rayonlara göndərilir. Rayonlarda kəndlər, məntəqələr üzrə millət strukturlaşdırılır. Bundan sonra konfransa nümayəndələr seçilməklə mərkəzi aparat qurulur.
– Qurban bəy, həm deyirsiniz ki, Ictimai Palataya üzvlük açıq olsun, amma eyni zamanda bildirirsiniz ki, ciddi nizam-intizam olmalıdır. Bu cür açıq təşkilatda hansı qaydada nizam-intizam tətbiq etmək olar?
– Siz deyəsən, dediyimi düzgün başa düşmədiniz. Məgər təşkilata üzvlüyün açıqlığı nizam-intizamı istisna edir?
– Üzvlüyə heç bir kriteriya olmadan qəbul həyata keçirmək necə ola bilər?
– Xeyr. “La ilahə illəllah” dedin oldun müsəlman. Nə kriteriyabazlıqdır? Islam dininə gəlmək üçün peyğəmbərin icazəsi lazım deyildi.
– Allahı tanımaq lazım idi?
– Xeyr. Özünün dili ilə ifadə etmək bəs edirdi. Mən gəlirəm və deyirəm ki, Ictimai Palataya üzv olmaq istəyirəm, mən müxalifətçiyəm və rejimə qarşı mübarizə aparmaq istəyirəm. Qurtardı getdi.
“Hər şey göz önündədir”
– Amma müsəlmançılığın şərti vardı…
– Mən də deyirəm ki, üzv oldunsa, ondan sonra nizam-intizam təşkilatlanmış formada olmalıdır. Biz hələ təşkilatlanacağıq. Nə vaxt? Nə vaxtsa. Sonra hara gedəcəyik? Hara olsa. Belə olmaz.
– İctimai Palatanın sənədləri var. Təşkilatın siyasi və iqtisadi mövqeyi açıqlanıb. Təşkilatın hədəfləri konkret göstərilib. Burada qeyri-müəyyən heç nə yoxdur. Siz bu hədəflərlə tanışsınızmı?
– Tanışam. Bu sənədlər aprelin 17-dən sonra kifayət deyil. Hər şey göz önündədir. Biz gözümüzü yumsaq da, Günəş yoxa çıxan deyil. Azərbaycan xalqı bizi dəstəkləmir. Neyləməliyik? Bir yeri qazmaq istəyirik, amma görürük ki, yerə vurduğun bel yerə girmir. Neyləməlisən? Ya beli təmir etməlisən, ya da başqa alətdən istifadə etməlisən.
Azərbaycan cəmiyyətinin müxalifət kimi tanıdığı bəzi partiyaların kənarda qalması xalqda müxalifətin birləşmədiyi təəssüratını yaradır.
– Xalq partiyaları dəstəkləmir, eyni zamanda xalqın da sosial-iqtisadi vəziyyəti ağırdır, amma başqa alternativ vasitələr də axtarmır…
– Axtarmır?
– Başqa modellər var dünyada. Xalq özü müxalifəti şantaj edən qruplarla ortaya çıxır…
– Bəs bizim təklif nədən ibarətdir?
“Xalqdan üzr istəməliyik”
– Söhbət sizdən getmir, siz ayrıca tanınmış müxalif simasınız. Tunisdə baş verənlər göstərdi ki, təşkilatlanmış müxalifətə ehtiyac yoxdur. Xalqın narazılığı qızışır və məsələni həll edir. Sizcə, problem daha çox yaxşı təşkilatlanmamaqdadır, yoxsa dəstəklənməməkdə? Bəlkə siyasət ümumiyyətlə, gözdən düşüb?
– İki vacib şərti bilirəm. Azərbaycan müxalifəti xalqı ilə səmimi deyil. Biz səmimiyyətimizə xalqı inandırmayınca, xalq bizi dəstəkləməyəcək.
– Siz mənimlə səmimi olun. Siz müxalifət mən xalq…
– Öncə mən üzr istəməliyəm ki, 1990-93-cü illərdə mənə ərməğan etdiyin hökuməti bacarıqsızlığımdan qoruya bilmədim. Əvvəla, məni bağışla, millətim. Bunun səbəbi nə olub – qabiliyyətsizliyim, qorxaqlığım, yoxsa düşmən mane olub, bunu bilmirəm. Sonra bağışla ki, xeyli vaxt qanunsuz parlamentdə iştirak etmişəm. Indi də iştirak etməkdə başqasını ittiham edirəm. Buna haqqım var, yoxsa yox? Üçüncü, üzr istəyirəm və xahiş edirəm ki, mənə bir daha etibar edin. Sizə söz verirəm ki, əvvəlki səhvlərimi buraxmayacağam, hakimiyyətlə sövdələşməyə getməyəcəm, qanunsuz elan etdiyim parlamentdə iştirak etməyəcəyəm. Mənə bir daha şans tanı, gəl əl-ələ verək, bu işi həll edək.
– Mən də bir xalq kimi deyirəm ki, davam elə mübarizənə, onsuz da parlamentdə deyilsən. Sonra nə olacaq?
– Hə indi mən gəlib sənin qapını döyürəm. Qardaşım, nə gözləyirsən? Hərəkət etmək lazımdır. Vətənin əldən gedir, namussuzluq, qeyrətsizlik baş alıb gedir.
– Məgər bu fikir deyilmir ki? Siz və başqa müxalifət təmsilçiləri dəfələrlə müsahibələrində bu fikirləri söyləyiblər…
– Hər bir iş təşkilatlanmanı sevir. Ələlxüsus, hakimiyyət uğrunda dava. Bu dünyada bir adam 100 dollara görə digərinin ətini tavada qızardırsa, milyardlar uğrunda döyüşə bu cür getməzlər. Bu, bizim fikrimizdir.
– “Milyardlar uğrunda” deyəndə nəyi nəzərdə tutursunuz?
– Dövlət büdcəsi neçə milyarddır? Belə hesab edək ki, bu vəsait məndə olsa, onu xalqımın, millətimin inkişafı üçün sərf edərdim. Sən də düşünürsən ki, mən bunu dədəmə xərcləyərəm. Mübarizə aparırıq. Burada söhbət obyektdən gedir.
“Ölkənin ən güclü partiyası AXCP-dir”
– Hər hansı təşkilata, siyasi partiyaya üzvsünüzmü?
– Heç bir siyasi üzvlüyüm yoxdur.
– Azərbaycanda ən təşkilatlanmış partiyalar hansılardır?
– AXCP və Müsavatdır. Bu, mənim fərdi yanaşmamdır. Strukturlaşmasına, sosial bazasına, rəhbərliyinə inam və hörmətə görə ən birinci partiya AXCP-dir. Bu partiyanın da başında Əli Kərimli dayanır. Ikincisi, rəhbərliyində Isa Qəmbərin dayandığı Müsavat partiyasıdır. Qalan partiyalar – ADP, ALP, Ümid partiyası vaxtilə var idi, indi faktiki yoxdular. Onlar ictimai proseslərin istiqamətləndirilməsi, situasiyanın dəyişdirilməsi baxımından heç bir gücə malik deyillər. Üçüncü yerdə KXCP gəlir. Bu partiyanın da müəyyən strukturu və xarizmatik lideri var. Amma onun ayrılıqda gücü kifayət etmir ki, situasiyanı dəyişsin. ADP-nin strukturu tam məlumdur. Qalıb sədri və onun ətrafında beş-on nəfər. Ümid partiyasında yalnız Iqbal Ağazadə qalıb. Lalə Şövkətin siyasi lider kimi öz obrazı, xarizması var. Lalə xanım təklikdə beş ADP qədərdir. Sabah xalqa ayrı-ayrılıqda Sərdər Cəlaloğlu da müraciət etsə, Lalə Şövkət də, ən çox reaksiya ALP liderinə gələr. Bu, bir faktdır. Lalə Şövkət nüfuzuna, Sərdər Cəlaloğlu keçmiş adına görə, müraciət edə bilər. Çünki bu gün xalq kütlələrinin böyük əksəriyyəti bilmir ki, Sərdar Cəlaloğlu mövqeyini necə və neçə dərəcə dəyişib.
– Kim sizin xalqı ayağa qaldırmaq təklifinizə qarşı çıxır?
(ardı gələn saymızda)
Seymur Həzi,
Xəyal Babayev



