Qonşu ölkələrə səfərlər Azərbaycanda dincəlməkdən ucuz başa gəlir
Antalyaya, Bodruma, Batumiyə həftəlik turist səfəri 300 manat, Nabrana 315 manatdır
Bir neçə gündən sonra yay turizm mövsümü başlayacaq. Orta gəliri olan hər kəs tətili necə keçirmək haqda düşünür. Yüksək gəlirli ailələr, oliqarxlar üçün seçim imkanları çoxdur. Böyük əksəriyyətin isə uzaq səfərlərə çıxmaq imkanı azdır. Onlar ya qonşu Türkiyə, Gürcüstanda istirahət etməyə üstünlük verir, ya da ölkədaxili səfərləri seçməli olurlar.
Bəs ölkə daxilində turizm komplekslərinin, istirahət guşələrinin qiymətləri orta statistik azərbaycanlıya dincəlmək imkanı yaradırmı? 2011-ci ili Azərbaycan hökuməti “turizm ili” elan edib. Məhz bu il qiymətlər ucuz olmalıdır ki, “turizm ili” layihəsi gerçəkləşsin.
Bu yazıda qonşu ölkələr – Gürcüstan və Türkiyə ilə Azərbaycan arasında turizm qiymətlərini müqayisə edəcəyik.
Bodrumda bir həftə 300 manata!
Tarixi, mədəniyyəti və gözəl təbiəti ilə Türkiyə dünyanın ən gözəl ölkələrindən biri sayılır. Türkiyə büdcəsinin böyük hissəsini məhz turizmdən gələn gəlirlər təşkil edir. Türkiyədə istirahət etmək o qədər baha deyil.
Bakıdakı turizm şirkətlərindən bir neçəsinə zəng edərək qiymətlərlə maraqlandıq.
Bəlli oldu ki, Türkiyənin ən yaxşı turizm mərkəzlərindən olan Bodrum, Antalya kimi zonalara 400 manat tur paketləri mövcuddur. Bu paketin içinə bütün nəqliyyat xərci, üç ulduzlu hoteldə qalmaq, gündə 3 dəfə yemək daxildir.
Bundan daha ucuz turlar da tapmaq mümkündür. Bakıda fəaliyyət göstərən “Miracle Travel” turizm şirkətindən bildirdilər ki, iyun ayının əvvəllərində Bodrumda istirahət etmək üçün iki nəfərə 600 manat bəs edir. Aeroportda qarşılamaqdan tutmuş 1 həftə ərzində bütün xərclər bu paketə daxildir.
İstanbulda ucuz hotellər
Internet vasitəsilə Türkiyədəki hotel qiymətləri ilə də maraqlandıq. Türkiyənin ən böyük şəhəri olan Istanbulda çox ucuz qiymətə hotellər var. 30-50 dollara hər bir şəraiti olan otaqlar sifariş etmək mümkündür. Digər şəhərlərdə hotellərin qiyməti müxtəlifdir. Büdcəsi böyük olmayan ailələrin də istirahət etməsinə şərait yaradılıb.
Batumidə 1 həftə 330 manat
Qonşu Gürcüstan da azərbaycanlıların son zamanlar ən çox səyahət etdiyi yerdir. Gürcüstanın Türkiyə qədər inkişaf etmiş turizm infrastrukturu olmasa da bir çox səbəblərdən cəlbedicidir. Gürcüstan demokratik ab-hava, qiymətlərin ucuzluğu ilə Azərbaycanı geridə qoyur. Tiflisin özündə 30-40 dollara normal şəraiti olan hotellər tapmaq mümkündür.
Qara dəniz sahilində yerləşən Batumi şəhərində 1 həftəlik istirahət də 300-350 manat arasında dəyişir. Turist səfəri təşkil edən şirkətlər Batumidə üç ulduzlu hoteldə, nəqliyyat xərcləri və yemək də daxil olmaq 330 manata bir həftə dincəlmək təklif edir.
Əgər Batumiyə yolunuzu qatar və ya avtobusla salsanız daha ucuz qiymətə yüksək səviyyədə istirahət edə bilərsiniz.
Nabranda bir həftə 315 manata
Indi isə keçək yerli qiymətlərə.
“Millenium” turizm şirkətindən öyrəndik ki, Azərbaycanın ən məşhur istirahət zonası olan Nabranda dincəlmək üçün minimum qiymət günə 45 manatdır. 45 manatın içinə gündə 3 dəfə yemək daxildir. Gediş-gəliş xərclərini isə özünüz çəkməlisiniz. Deməli, Nabranda 1 həftə keçirmək istəsəniz azı 315 manat xərcləməlisiniz.
Koteclər 50 manat
Azərbaycanın Qax, Zaqatala, Quba, Şəki, Ismayıllı və digər rayonlarında da istirahət ucuz deyil. Bu rayonların əksəriyyətində koteclərin qiyməti 50 manatdan başlayır. Yemək üçün isə əlavə ödəniş etmək lazımdır. Bu turizm rayonlarında kafelərin də qiyməti bahadır. Rayonlarda səfərlərdə olanlar deyir ki, məsələn, bir şiş kabab Bakıda 3 manatdırsa, turistik zonalarda azı 4 manatdır.
Bir turizm şirkətində Qaxa səfərin qiymətini öyrəndik. Bizə keyfiyyətindən asılı olaraq 3 qiymət təklif olundu: günü 30, 45 və 50 manat. Öyrəndik ki, Masallıda, Lənkəranda digər rayonlarda da bir günlük istirahətin minimum qiyməti 30 manatdır. Həm də nəzərə alaq ki, bu yerlərdə xidmətin səviyyəsi də Türkiyə və Gürcüstanla müqayisəyə gəlmir.
Bakıda hotellər 80 manatdan başlayır
Azərbaycan payaxtında da hotellərin qiyməti çox bahadır. Bakıda bir nəfər üçün hotellər 80 manatdan başlayır. Bundan daha ucuz qiymətə hotel tapmaq mümkün deyil. Yaxşı şəraitli hotellerdə qalmaq istəyən turistlər bir gecə üçün 150-200 manatlarından keçməlidirlər.
Bu yaxınlarda bir qrup ictimaiyyət nümayəndəsi turizmlə bağlı əhaliyə müraciət etmişdi. Müraciətdə onlar vətəndaşlara səslənirdilər ki, yay tətilini Azərbaycanda yox, Gürcüstanda keçirsinlər: “Pulunuzu oliqarxlara deyil, demokratlara xərcləyin”. Gürcüstandakı qiymətlərin ucuz olması, həmçinin hotellərin, istirahət guşələrinin təhlükəsizliyi əsas səbəb kimi göstərilirdi.
Müraciətdə bildirilirdi ki, bu yaxınlarda iki jurnalistin hotellərin birində çəkilmiş gizli görüntüləri də Azərbaycan hotellərinə olan inamı azaldıb.
Qiymətləri necə aşağı salmalı?
Bəs Azərbaycanda istirahət etmək niyə görə belə baha başa gəlir?
Söhbətləşdiyimiz ekspertlər deyirlər ki, Azərbaycan hökuməti turizm ili elan edibsə, turizm zonalarında xidmətin səviyyəsinə və qiymətlərə xüsusi nəzarət etməlidir. Qiymətləri aşağı salmaq üçün hotellərdən, istirahət komplekslərindən alınan qeyri-rəsmi ödənişlər yığışdırılmalıdır. Əks halda qonşu ölkələrdə qiymətlərin ucuzluğu ölkə əhalisinin daha çox oralara axışmasına səbəb olacaq. Bu isə “turizm ili” projesinin iflası deməkdir.
Elmin Həsənli


