Salyanda biznesmenlər ayağa qalxdı

Onlardan şəhərin abadlaşdırılması üçün pul yığırlar

Salyan sahibkarları öz ticarət obyektlərinə üzlükləri şəxsi vəsaitləri hesabına çəkdirmək istəmirlər. Şəhərin əsas yollarındakı kiçik ticarət və xidmət obyektlərinin məcburi üzlənməsi barədə tələb yerli hakimiyyətdən daxil olub.
Şənbə günü bundan narazı olan 200-ə yaxın sahibkar mərkəzi Xəlil Rza Ulutürk küçəsində toplaşaraq etirazını bildirib. Bu barədə “Demokratiyaya yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədov məlumat verib.
1 kv. metr örtüyün qiyməti 36-40 manat arasındadır və çoxları üçün bu, ciddi maliyyə vəsaitidir. Sonda hakimiyyət qismən güzəştə gedərək sahəsi 15 kv.metrə qədər olan ən kiçik obyektləri bu işdən azad edib.
Lakin bu, Salyan biznes ictimaiyyətini qane etməyib. Onlar hakimiyyətin hərəkətindən şikayət etmək niyyətindədir və müxtəlif instansiyalara müraciətlər hazırlayır.
Azərbaycanda abadlıq işləri üçün ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə işlənməməsi və nəzərdə tutulan işlərin yerli biznesin hesabına həyata keçirilməsi dəb halını alıb.
Korrupsiyaya qarşı mübarizə elan etmiş Ilham Əliyev aprelin 19-da Salyanın abadlaşdırılmasına 2 mln. manat ayırıb.
Lakin vəsait hələ ki, rayona gedib çatmayıb.