Ilham Əliyev dövründə büdcəni necə xərcləyirlər?

Aşağıdakı diaqrama diqqətlə baxın. Xahiş edirəm, bir az da onun üzərində düşünün. Buna bir az əlavə vaxtınız gedə bilər. Amma sizdən rica edirəm ki, bu dəfə qiymətli vaxtınıza xəsislik etməyin. Baxın görün, bizim şanlı hakimiyyətimiz, bizi idarə edənlər xalqa məxsus milyardları necə səxavətlə xərcləyirlər. Qətiyyən xəsislik etmirlər. Orada dekabr ayındakı xərcin çoxluğuna xüsusi diqqət ayırın.

 2010-cu ildə aylıq büdcə xərcləmələri, mln. AZN

Məsələ nədir? Diaqramda 2010-cu ildə Azərbaycan büdcəsinin aylıq xərcləri göstərilib. Yəni, hər ay üzrə xərclər. Fikir verirsinizmi ki, dekabr ayında nə qədər xərclənib. Yanvar ayında xərclənən puldan 3 milyard manat çox. Diqqət edin, 3 milyard manat çox!

Niyə görəsən? Necə olur ki, ilin sonunda xərclər birdən-birə kəlləçarxa qalxır və cəmi bir ay ərzində büdcənin təxminən 30 faizi xərclənir?Bu göstəricilərin mənbəyi Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Ona heç kim şübhə edə bilməz. Şübhəli məqam isə yalnız dekabr ayında xərclərin fontan vurmasıdır. Deməli, axırda qalanı bir çömçəyə doldurursan və yox edirsən…

Tanınmış iqtisadçı Qubad Ibadoğlu deyir ki, büdcənin bu cür qeyri-proporsional xərclənməsi iqtisadi səmərəlilik prinsiplərinə də ziddir, həmçinin maliyyə institutlarının qeyri-müstəqilliyi ilə də bağlıdır. Üstəlik, bu sənəd təkcə büdcənin səmərəsiz xərclənməsini təsdiq etmir, büdcə vəsaitlərinin daha çox ilin sonunda xərclənməsi də deyil, deyəsən, artıq qalan pulların ilin sonunda “silinməsi”nə oxşayır.

Aydınca görünən bir məqam var. Hökumət baxır ki, büdcədə pul qalıb, tələm-tələsik onu dağıdır. Əgər bu pullar təşkilatlara lazım idisə, niyə dekabra qədər xərclənməyib? Lazım deyildisə, niyə dekabrda yiyəsiz mal kimi bölüşdürülür?

2010-cu ildə büdcə xərcləri orta hesabla hər aya 980,5 milyon manat düşməlidir. Aylar arasında fərqlər də ola bilər. Amma bu qədərmi? Üstəlik, ilin sonuncu ayına 3 milyard 345 milyon manat necə düşə bilər?! Deməli, bu pulun əsas hissəsi il boyu lazım olmayıb. Digər tərəfdən, bir ayda bu qədər pul xərclənə bilməz. Əgər o növbəti ildə xərclənəcəksə, onun ayın xərclərini aşan hissəsi növbəti ilin büdcəsinə keçməlidir.   Gəlin aylar üzrə xərclərə bir daha baxaq:

Yanvar – 320.4 mln.

Fevral – 761.1 mln.

Mart – 897.6 mln.

 Aprel – 800.8 mln.

May – 1316.3 mln.

Iyun – 180.5 mln.

Iyul – 967.4 mln.

Avqust – 800.4 mln.

Sentyabr – 792.1 mln.

Oktyabr – 807.2 mln.

Noyabr – 777.2 mln.

Dekabr – 3345 mln.

Bəlkə dekabrın payının 3 milyarda qalxması Yolka xərcləri ilə bağlıdır?