Hakimiyyət Qərbə qarşı müharibəni davam etdirir

YAP-çı deputat Siyavuş Novruzov ABŞ-ı narkotrafiki çiçəkləndirməkdə suçladı

Azərbaycan hakimiyyətinin ABŞ və Avropaya qarşı kampaniyası davam edir. Anti-Qərb çıxışları silsiləsindən növbətisini YAP-çı deputat Siyavuş Novruzov edib. O, “Medaiforum” saytına müsahibəsində Qərbin ünvanına sərt ittihamlar səsləndirib: “ABŞ Quantanamoda insanların başına hansı oyunları gətirdi. Ora yığdıqları insanları bütün hüquqlarından məhrum ediblər, onlara işgəncə veriblər. Bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bunu qeyd etdi. Heç dünya veclərinə də olmadı. Amma durub başqa ölkələrdən insan hüquqlarının qorunmasını tələb edirlər, özlərini nümunə göstərirlər. O cümlədən Avropa dövlətləri. Bir vaxtlar Səddam Hüseyni ittiham edirdilər ki, 182 nəfərin öldürülməsinə əmr verib. Bu gün Iraqda bir milyon insan qətlə yetirilib, təxminən beş milyon adam şikəst edilib. Onların hüquqlarını kim müdafiə edəcək? Heç kimin vecinə deyil. Insan hüquqlarından dəm vuranlar bundan danışsınlar”.
YAP-çı deputat ABŞ-ı narkotrafiki çiçəkləndirməkdə ittiham etməkdən də çəkinməyib: “Gəlsinlər Əfqanıstandan danışaq. ABŞ Əfqanıstana girəndən sonra narkotik maddələrin dövriyyəsi 40 dəfə artıb. Bəs bundan kim danışmalıdır?”
Suyavuş Novruzov ərəb ölkələrində baş verən inqilabi proseslərə ABŞ və Avropanın dəstək verməsinə isə belə münasibət bildirib: “Təbii ki, harada neft varsa, onlar həmin ölkələrdə demokratiya quracaqlar. Əfqanıstanda, Iraqda demokratiya yaradıblar, indi də Liviyada yaradırlar. Niyə Şimali Koreyada demokratiya qurmurlar? Çünki nefti yoxdur. Demokratiya adı altında gedən proseslər neft, təbii sərvətlər uğrunda mübarizədir. Yəqin ki, növbədə Irandır. Niyə böyürlərində olan Venesuelada demokratiya qura bilmirlər? Çünki ərazisində neft çıxan ölkənin neftini qeyri-qanuni, xalqın maraqlarını nəzərə almadan çəkib aparırlar. Bu gün Iraq nefti necə satılırsa, Liviyanı da eyni aqibət gözləyir. Müharibə başlayan kimi Liviya neftini satmaq üçün müqavilə bağladılar. Amma bu dalğa Azərbaycan və Mərkəzi Asiyaya heç vaxt gəlməyəcək. Avropa ölkələri ac ölkələrdir və böhran keçirirlər. Daraşıblar başqa xalqların sərvətlərinə. Bunun adını demokratiya qoymaq olmaz. Bu, işğalın bir formasıdır”.
Siyavuş Novruzovun bu müsahibəsi bir daha göstərir ki, Azərbaycan hakimiyyəti ilə ABŞ və Avropa arasında münasibətlər qarşıdurma səviyyəsindədir. Hakimiyyət Qərbin  demokratiya tələblərini əvvəlki illərə nisbətən daha ucadan səsləndirməsini həzm edə bilmir. Avtoritar mahiyyətli Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdənsə ABŞ və Avropaya müharibə elan etməklə özünütəcrid siyasəti aparır.