Əvvəllər Azərbaycan hakimiyyəti müxalifətlə, sonra xalqla üz-üzə qalmışdı. Indisə bütün dünya ilə qarşıdurma vəziyyətindədir və etdiyi hərəkət, törətdiyi əməllərdən bir addım da geri çəkilmək istəmir. Qarşıdurmasa, günü-gündən artmaqdadır. Hakimiyət özünə, zoruna o qədər aludə olub ki, sanki baş verənlərə reaksiya qabiliyyətini itirib. Bu qarmaqarışıqlığın içində hələ üstəlik “Qoşulmayanlar hərəkatına” üzv olur, bununla da dünyaya daha bir əlcək atır.Amma ortada olan o ki, dünənə qədər diktatura rejimlərinin varlığını qəbul edən dünya daha güvənli əməkdaşlar aradığından, indi bir yığın cinayətkarın, oğrunun hakimiyyətdə qalmasını istəmir. Çünki oğruların hakimiyyətdə olduğu ölkələrdə sabitliyin hər an pozulduğunu, xalqların gec-tez ayaqlandığını son dövrlərin hadisələri bir daha sübut etdi. Bu da tək inqilabların baş verdiyi ölkələrdə yox, həm də bütün dünyada sabitliyin pozulmasına gətirib çıxarır.Azərbaycanda kriminal bir hakimiyyət var və bu məmur ordusuna qarşı yığılmış nifrətin hər an partlaması mümkündür. Hakimiyyətin indiki halda tutduğu mövqe əslində, özünün sonunu hazırlamaqdır. Çünki məlum hadisələrdən sonra burada repressiyalara başlanmış, insanları adi hüquqlardan məhrum etməklə hakimiyyəti saxlamaq üçün iplər daha da bərk sıxılmışdır. Amma unutmaq olmaz ki, bir yay nə qədər çox sıxılarsa, onun açılması da o qədər sürətli və güclü olar.Son illərə qədər enerji resuslarının insan haqlarından daha üstün tutulduğunun dəfələrlə şahidi olmuşduq. Etiraf etmək lazımdır ki, bunun bizdə müəyyən qəzəb və ümidsizliklər də formalaşdırdığı vaxtlar olub. Amma indi aydın oldu ki, “adi göyərti satanın qüruru diktatorların qürurundan daha üstün tutulmağa” başlayır. Küçədə etiraz edən insanların səsinə səs verməklə dünya bunu sübut edib. Çünki inkişaf etmiş dünya sabit rejimlərlə əməkdaşlığın daha güvənli olduğunu, zorla uğurlu nəticəyə nail olmağın mümkünsüzlüyünü Iraq müharibəsindən anladı…
Çox güman ki, Azərbaycan hakimiyyəti Rusiya, Belarus kimi avtoritar ölkələrdəki durumdan cəsarətlənir. Illərdir, dünya bu ölkələrdəki rejimlərdən narazılığını bildirir, Lukaşenkoya sanksiyalar tətbiq edir, amma ortada heç bir nəticə yoxdur. Bu da Azərbaycan iqtidarını arxayın salır. Amma incə bir məsələni unutmaq olmaz. Adıçəkilən ölkələrdə siyasi hakimiyyət zəbt edilib, amma bu ölkələrdə kriminallar deyil, siyasətçilər hakimiyyətdədir. Digər tərəfdən, hər iki ölkədə iqtisadi azadlıqlar var, rüşvət, yalan vədlər bizdəki qədər insanları diksindirməyib. Ən başlıcası, xalq adi insani yaşayışdan belə, məhrum edilməyib. Orada bir metr yer üçün satıcı az qala, beş-on instansiyaya rüşvət vermir. Burdasa insanların taleyi, arzuları əlindən alınıb. Rusiya və Belarusda insanlar öz hakimiyyətlərinə bu qədər nifrət etmir, ölkənin sərvətləri bir yığın adamın əlində toplanmayıb. Burdasa, insanlar gün çörəyinə möhtacdır. Fikrimizi möhkəmləndirmək üçün kiçik bir detal yetər, məncə. Burada gün çörəyinə möhtac olan biri Rusiyada, Belarusda qısa müddətdə normal yaşayışını təmin edən insana çevrilə bilir.Demək ki, Azərbaycan hakimiyyətini arxayın sala biləcək faktlar o qədər də dayanıqlı deyil.
Başqa bir cəhət hakimiyyətin yəqin ki, zora arxayın olmasıdır: “Hamını əzəcəyik, məhv edəcəyik!”
Əlbəttə, bir təşkilat, partiya üçün bu, bəlkə də keçərli ola bilər. Hərçənd, illərdir hakimiyyət buna da nail ola bilməyib. Amma xalqla üz-üzə qalanda zor işləmir, daha doğrusu, hakimiyyətin hədəflədiyi kimi, hər şeyi düzəltməyə imkan olmur. Zor və həbslərlə hakimiyyəti saxlamaq mümkün olsaydı, onda gərək tarix heç bir diktatura və diktatorun süqutunun şahidi olmayaydı. Amma bu faktların yüzlərcə olması onu deməyə imkan verir ki, kütləylə üz-üzə qalanda zor tərbiq etmək yararlı olmayacaq və hazırda biz bunun nümunələrini Ərəb ölkələrində görürük. Insanlar ölür, kütləvi həbslər gedir, amma xalq yenə istədiyini deyib küçələrdən yığışmır. Hər kəsə də bəllidir ki, kütlə istədiyinə nail olmayınca küçələrdən yığışmayacaq.
Təbii, indiki halda kimsədən gizli olmayan bir faktı da nəzərdən qaçırmaq olmaz. Bu, Azərbaycan xalqının süstlüyüdür. Hakimiyyət bu süstlükdən güc alır və sərbəst şəkildə hərəkət edir. Amma bu, uzun sürə biləcək hal deyil və sabah kütlələr meydanlara axışanda təbii ki, təkcə bir partiyanın, təşkilatın dediklərinə görə deyil, həm də ümidinin tükəndiyindən, evində yeməyə çörək tapa bilmədiyindən etiraz edəcək. Bu gün insanlar qapalı cəmiyyətdə yaşamır. Əksinə, hər keçən gün müasir insanın necə yaşadığını, hansı rahatlıqlara sahib olduğunu göstərən yüzlərlə faktı öyrənir, müqayisədə özünün hansı durumda olduğunu anlayır və bu gec-tez böyük partlayışa səbəb olacaq.Xalqın da hakimiyyətə əlcək atıb onu duelə çağırdığı vaxt olacaq. Amma bunun sonu hakimiyyət üçün necə olacaq?!..Bəlli olandan bəhs edib, kimsəni yormayım…