Müxalifət mayın 25-ni Saakaşviliyə «Qəzəb günü» elan etdi
Gürcüstanda prezident Mixail Saakaşvilinin istefası tələbilə etiraz aksiyaları dünən də davam edib. Bir neçə müxalifət partiyasının birləşdiyi “Xalq məclisi” hərəkatının təşkil etdiyi aksiyaya müxalifətdə olan Gürcüstan partiyası da qoşulub.
Bu partiyaya hazırda Fransada yaşayan keçmiş müdafiə naziri Irakli Okuraşvili rəhbərlik edir. Okuraşvili aksiyalara qoşulmaq üçün Gürcüstana qayıdacağını bildirib. Gürcüstan telekanallarından birinə müsahibə verən keçmiş müdafiə naziri mayın 25-də Gürcüstana qayıdacağını və həmin gün Saakaşvili hakimiyyətinə son qoyulacağını bəyan edib.
Aksiyanın əsas təşkilatçılarından olan parlamentin keçmiş sədri Nino Burcanadze Tbilisi və Batumidə baş verən son hadisələri inqilabın başlanğıcı adlandırıb.
Gürcü müxalifətinin lideri Nino Burcanadze son iki gündə keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 300-ə yaxın insanın həbs edildiyini deyib. Müxalifət prezident Saakaşvilini korrupsiya və demokratik islahatlara imkan verməməkdə ittiham edib: “Biz ölkədə yeni bolşevizmə etiraz edirik. Biz hazırda yeni bolşevik ölkəsində yaşayırıq. Demokratiya haqqında olan söhbətlər elə söhbət olaraq qalır. Biz demokratiya, ədalət, azad və ədalətli seçkilər üçün mübarizə aparırıq”.
Xatırladaq ki, 2 gündür Gürcüstan paytaxtında prezidentin istefası tələbilə etiraz aksiyaları keçirilir. Tiflisin müxtəlif yerlərində 10 minə yaxın müxalifət tərəfdarı toplaşıb. Onların bir hissəsi gecə də meydanı tərk etmir. Mayın 25-ni müxalifət liderləri “Qəzəb günü” elan edib.