kiv-df

Cənubi Azərbaycan ərazisindəki tarixi türbələr

Qırmızı Günbəd türbəsi

Azərbaycan memarlığının bir çox gözəl inciləri Cənubi Azərbaycan ərazisində yerləşir. Belə tarixi abidələrin böyük bir qismini türbələr təşkil edir. Orta əsrlərin memarlıq mərkəzlərindən sayılan Marağa şəhərində mövcud olan bir neçə qülləvari türbədən ən qədimi Qırmızı Günbəd türbəsidir. Bu türbə hicri tarixi ilə 542-ci ildə (miladi 1148) inşa edilmişdir.

Qırmızı Günbəd bir sıra xüsusiyyətlərinə görə dəyərli memarlıq əsəridir. Bu abidə sərdabəsinin ortasında dayaq sütunu olan ən əski abidədir. Azərbaycan memarlıq tarixində kaşı istifadəsinin ilk bəlli örnəyi də bu abidədədir. O cümlədən, Azərbaycan memarlıq irsində “memar” ixtisası sözünə birinci dəfə Qırmızı Günbəd türbəsinin tikinti kitabəsində rast gəlinir. Abidənin müəllifi Bənna Bəndanın oğlu, Memar Möhsünün nəvəsi Bəkr Məhəmməddir. Azərbaycanda tikinti sənətinin yüksək ixtisaslaşma səviyyəsini tutarlı əks etdirən bu fakt XI yüzildə Azərbaycanda memar sülalələrinin olduğunu sübuta yetirir.

Qırmızı Günbəd türbəsi ikiqatlı olub həm sərdabə, həm də üst qülləsi planda kvadrat biçimlidir. Sərdabənin ortasında dördbucaqlı sütun qoyulmuş, sütunla sərdabənin bucaqlı sivri profilli tağla birləşdirilərək möhkəm göbələkvari konstruktiv sistem yaradılmışdır. Şərq tərəfdə daş kürsülükdə açılmış kiçik qapı gözündən sərdabənin içinə düşmək olur. Üst gövdə daş kürsülük üstündə qaldırıldığından, sərdabə yarımzirzəmi şəklindədir.

Türbənin yerüstü kərpic gövdəsi kubvari tutumlu olub, daş kürsü üzərində ucalır. Iri daşlarla üzlənmiş kürsü kərpic gövdəni rütubətdən qorumaqla onun daha monumental görünməsinə səbəb olur. Türbənin bayır künclərini qapayan silindrik qülləciklər – kərpic sütunlar da əsasən bədii kompozisiya rolu oynayır. Bu sütunlar Xərrəqan türbələrinin sütunlarına bənzəyib, onlar kimi naxışla üzlənmişdir.

Bayır üzlərdəki tağçaların içərisi kərpic hörgü üsulu ilə yaradılan saya naxışlarla doldurulmuşdur. Türbənin şimal baş fasadı daha zəngin bəzədilmişdir.Qapı gözü üstündəki mürəkkəb həndəsi naxış quruluşu gözəl kufi xətli kitabə zolağı ilə haşiyələnmişdir. Haşiyə kitabədə türbənin sifarişçisi – Azərbaycan hakimi Əbüləziz Mahmud oğlunun adı yazılmışdır. Sivri tağça əyrisinin üstü kərpicdən yığılmış hörmə naxışlarla süslənmişdir. Firuzəyi rəngli kaşılı kərpiclər baş fasadın naxış kompozisiyasını xeyli zənginləşdirmişdir. Ancaq bu türbənin bişmiş kərpicdən ucaldılmış qırmızımtıl koloritinə hiss olunacaq təsir göstərməmişdir. Türbənin adını da məhz inşa zamanı istifadə edilmiş kərpic üzlüyün rəngi müəyyənləşdirmişdir.

Imamzadə Vəli türbəsi

Qəzvinin Ziyaabad kəndinin mərkəzi meydanının ortasında yerləşən Imamzadə Vəli türbəsi plan quruluşu baxımından Marağadakı Qırmızı Günbəd türbəsinə bənzəyir. Abidənin tikinti kitabəsi qalmasa da, araşdırmaçı P.Vərcavənd onu hicri tarixi ilə VI əsrin (miladi XII əsr) əsəri hesab edir.

Türbənin əsas hissəsi planda kvadrat biçimli olub, qərb tərəfində giriş gözü açılmışdır. Qalan üzlərin bayır səthlərinin hər birini iki sivri dayaz tağça bəzəyir. Imamzadə Vəli türbəsinin Qırmızı Günbəd türbəsilə oxşarlığı bununla bitmir. Qəzvində yerləşən bu türbədə də memar əsas tutumu kərpicdən tikmiş və onu iri daşlardan hörülən səki (hündürlüyü 1,10 m) üzərində qaldırmışdır. Qırmızı Günbəd türbəsinin kubvari gövdəsinin küncləri silindrik kərpic sütunlar şəklində işləndiyi halda, Imamzadə Vəli türbəsində bayır künclər yüngülcə kəsilmişdir. Bayır üzlərdə heç bir bəzək əlaməti yoxdur.

Sonrakı yüzillərdə qülləvari görünüşünü itirən abidə imamzadəyə çevrilmişdir. Görünür türbənin örtüyü də həmin bərpa və yenidənqurma işləri zamanı dəyişdirilərək indiki biçimə salınmışdır. Çünki onun uca slindrik boynu və böyük sivriliyi olan günbəz quruluşunun səlcuq dövrü konstruksiyalarına bənzərliyi yoxdur. Imamzadə Vəli türbəsi Səlcuq memarlığı tipinin yayım çevrəsini və təkamül prosesini araşdırmaq baxımından gərəkli əsərdir.Marağa şəhərində mövcud olan maraqlı abidələrdən biri də Dairəvi Günbəd türbəsidir ki, onun hicri tarixi ilə 563-cü ilin rəcəb ayında (miladi 1167-ci il aprel ayı) inşa edildiyi güman edilir.

Kürsülüyü iri daş lövhələrlə üzlənmiş dairəvi günbədin silindrik gövdəsi kərpicdən hörülmüşdür. Onun plan biçimi bayırda dairəvi olduğu halda, içəridə onbucaqlıdır. Iç üzlərin hər birində dayaz tağça verilmiş, şimal üzü qapı üçün ayrılmışdır. Dairəvi Günbəd də digər Marağa türbələri kimi ikiqatlıdır. Türbənin sərdabəsi daş kürsülüyün içərisindədir. Kərpic qüllənin yuxarısı dağılmışdır. Buna baxmayaraq, türbənin silindrik qülləsinin içəridə sferokonik, bayırda konusvari günbəzlə tamamlandığı bəllidir.

XI-XIII əsr Azərbaycan memarları silindrik tutuma girişin monumental baştağ şəklində birləşdirilməsi yolu ilə uğurlu memarlıq-məkan həllini işləyib hazırlamışdılar. Dairəvi Günbəddə baştağ iri ölçülü olmaqla türbənin ən zəngin bəzəkli elementidir. Kaşı lövhələri baştağın kufi xətli gözəl kitabələrinə və həndəsi quruluşlarına uğurla daxil edilmişdir.

Urmiyadakı Üç Günbəd və Burlaxatun türbələri

Urmiya şəhərində yerləşən Üç Günbəd türbəsi Urmiya gölünün sahilindədir. Üç Günbəd türbəsinin adının müxtəlif yozumları olsa da, onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H.Qəzvininin “Zeyle tarixe qozide” əsərində (1330) Marağa vilayətində “Se günbəd” adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və tanındığına işarədir.Xalq rəvayətinə görə, Üç Günbəd türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri tarixi ilə 580-ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbədin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur.Üç Günbəd türbəsinin bayır günbəzi dağılmışdır. Onun yarımzirzəmi xarakterli sərdabəsinin və üst qülləsinin qapı gözləri üst-üstədir. Silindrik tutuma birləşmə tərzi və ümumi biçimcə Dairəvi türbənin baştağına bənzəsə də, Üç Günbədin baştağı daha iri ölçülü və mürəkkəb profillidir.

Bu ərazidəki ən maraqlı abidələrdən biri də “Kitabi-Dədə Qorqud” dastanında adı keçən Burlaxatunun adını daşıyan türbədir. Burlaxatun türbəsi Urmiya şəhərinin yaxınlığında yerləşən Urmiya qalasının içindədir. Məşhur səyyah Adam Oleari qalanın içində 30 fut (4-5 metr) hündürlüyündə başdaşı olduğunu qeyd edib. Son zamanlar azərbaycanlı ədəbiyyatşünas alimlər Məhərrəm Qasımlı və Arif Rüstəmli qala ərazisində axtarış apararaq həmin türbəni aşkara çıxarıblar. Onlar türbənin bir hissəsinin uçduğunu və 30 futluq başdaşının yalnız bir hissəsinin qaldığını qeyd ediblər. Tədqiqatçı alimlər bu məzarın tapılmasında Adam Olearinin verdiyi koordinatlardan istifadə ediblər.

Abidə tam tədqiq edilib öyrənilməsə də, onun məşhur türk dastanının gözəl qəhrəmanı Burlaxatunun adını daşıması xüsusi maraq doğurur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu 
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir