Avropa Parlamenti İlham Əliyevdən nə tələb etdi?

Hakimiyyətin «Qarabağ sevgisini» ifşa edən islahat şərtləri «Azadlıq»da

Azərbaycan televiziyalarının Avropa Parlamentinin rəhbəri Yeji Buzeki topa tutmasının səbəbləri özünü ləngitmədi. Diplomatik kanallardan əldə etdiyimiz məlumatlar da təsdiq etdi ki, bu aqressiyanın səbəbləri Ilham Əliyevlə Avropa Birliyi diplomatının arasında keçirilmiş görüşdür.

Əslində, Yeji Buzekin Ermənistanda verdiyi açıqlamalar onun Azərbaycanın “vətənpərvər” hakimiyyəti tərəfindən gül-çiçəklə qarşılanmasına əsas yaradırdı. Çünki avropalı deputat Irəvanda heç vaxt Qarabağı müstəqil ərazi vahidi kimi tanımayacaqlarını demişdi. Bu bəyanat son vaxtlar Avropa Birliyinin Azərbaycan hakimiyyətinin guya, narahatlığına səbəb olan “işğal faktına yanaşmada ikili standart” müzakirələrinə son qoydu. Bununla belə, ona qarşı Azərbaycan hakimiyyətinin anti-təbliğat kampaniyasına ara verilmədi. Beləliklə, Azərbaycanda səfərdə olmuş yüksək rütbəli Avropa diplomatına qarşı hakimiyyətyönlü medianın kəskin antitəbliğat aparmasının pərdəarxası məqamları barədə…

Məlumatda deyilir ki, Yeji Buzek Ilham Əliyevlə görüşdə bir daha Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa Birliyinin mövqeyini təkrarlayıb. Qeyd edib ki, bu bəyanatlar təkcə söz deyil, həm də ədalətli sülh naminə daha böyük əməkdaşlıq üçün psixoloji və siyasi zəmindir. Bununla belə, Azərbaycan öz torpaqlarını azad etmək istəyirsə, ölkənin siyasi imicinin narahatlıqverici tərəfləri aradan qalxmalıdır. Buraya isə ilk növbədə hakimiyyətin siyasi məsuliyyəti məsələsi daxildir. Azərbaycan hökuməti bir neçə məsələni prinsipial olaraq nəzərə almalıdır.
Azərbaycan bir Avropa ölkəsidir və özünü Avropa ölkəsi kimi aparmağa borcludur. Bunu öz üzərinə götürdüyü öhdəliklərə əməl etməklə tənzimləməlidir. Buraya daxil olan məsələlər isə aşağıda qeyd etdiyimiz kimidir.

İlk növbədə vətəndaşların ən xırda etirazlarına belə, dözümsüzlük nümayişi aradan qalxmalıdır. Siyasi partiyaların və xüsusilə, müxalifətin sərbəst toplaşmaq azadlığı birmənalı şəkildə təmin edilməlidir. Siyasi həbslərə son qoyulmalı və 2 aprel aksiyasının nəticəsi olaraq, habelə ondan öncə həbs edilmiş jurnalist və siyasi fəallar azadlığa buraxılmalıdır. Cəmiyyətdə müstəqil ədliyyə sisteminin yaranmasına etimadın olması və islahatların daha səmərəli şəkildə dərinləşməsi üçün bütün bu proseslər müxalifətlə əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir.

Görünür, Avropa Parlamenti rəhbərinin bu cür açıq şərtlərlə islahatlar tələb etməsi hakimiyyətin “vətənpərvərlik yaddaşı”nda ciddi zədə yaratdığı üçün Avropa Birliyinin Qarabağla bağlı pozitiv mövqeyi yaddan çıxıb. Ona görə də ona qarşı bu cür cəsur hücumlar təşkil edilir. Məlum olur ki, Azərbaycan hökuməti hakimiyyətin əldən verilməməsi məsələsində o qədər həssasdır ki, əsəbləri bir qədər diplomatik olmağa və özlərini ifşa etməməyə imkan vermir.
Bir daha aydın oldu ki, hakimiyyət əldən gedəndə Ilham Əliyev Qarabağı da ayaqlar altına atmağa dünəndən hazırdı.

Seymur Həzi