İranın 133 nüfuzlu din xadimi müxalifət liderlərinin azadlığa buraxılmasına və təcili islahatlara çağırış etdi
İranın ən nüfuzlu dini qurumlarından biri Qum Dini Mərkəzinin (“Hövzeyi Elmiyyeyi Qum”) 133 ruhanisi birgə bəyanat yayaraq ölkə müxalifətinin liderləri Mirhüseyn Musəvi ilə Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb ediblər. Xatırladaq ki, hr iki siyasi lider xanımlarıyla birlikdə 4 aydır ki, ev dustağıdırlar.
Ruhanilərin bəyanatında bildirilir ki, Musəvi ilə Kərrubinin və onların xanımlarının ev dustağı saxlanması islama və ölkənin siyasi sisteminə, sabitliyinə, təhlükəsizliyinə uyğun deyil:“Dinc müxaliflərə qarşı zorakı üsullardan istifadə edilməsi, hökumət mediasında onların əleyhinə böhtan və ittiham xarakterli yazıların dərc olunması bədxahların arzuladığı nəticəsiz ifratçılığın şiddətləndirilməsidir”.
Bəyanatı imzalayanlar islami və insani dəyərlərin qorunub saxlanması, ölkənin yüksəlməsi naminə İran İslam Respublikasının keçmiş rəsmilərindən olan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin, eləcə də onların xanımlarının sərbəst buraxılmasını tələb etdiklərini vurğulayıblar.
Onu da əlavə edək ki, müxalifət liderlərinin sərbəst buraxılması tələbiylə bəynatı imzalayanlardan biri mərhum ayətullah Hüseynəli Müntəzirinin oğlu Əhməd Müntəziridir.
“Azadlıq” radiosunun fars redaksiyasına açıqlama verən Əhməd Müntəzirin sözlərinə görə, İran hakimiyyət ölkəni indiki böhrandan çıxarmaq üçün dərhal islahatlara başlamalıdır:“Hakimiyyəti dinc şəkildə tənqid edənlərə bu cür zorakılıq nümayiş etdirilməsi sonda ölkə və xalqa böyük zərbə vuracaq. Musəvi və Kərrubi həmişə islahatçılıq mövqeyindən çıxış ediblər. Onlar heç vaxt hakimiyyəti devirmək niyyətində olmayıblar. Hakimiyyət rəhbərləri yaranmış bu qızıl fürsətdən istifadə edərək ölkədə islahatlara başlamadır. Onlar xalqı sistemi devirməyə məcbur etməməlidirlər”.
İnformasiya şöbəsi


