Avropadan İran və Belarusa əlavə sanksiyalar

Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən iclasında Belarusa qarşı yeni sanksiyalar qəbul olunub. Qadağaların gücləndirilməsi qərarı Belarusda insan haqları sarıdan pisləşmə və müxalifət nümayəndələrinə qarşı repressiyaların davam etməsi ilə əlaqələndirilir.

Qurum Belarusun məhkəmə orqanlarının 13 nümayəndəsinin adını qara siyahıya əlavə edib. Bununla siyahıdakı Belarus məmurlarının sayı 190-a çatıb. Yeni sanksiyalar bu gün Avropa Birliyinin rəsmi bülletenində dərc olunduqdan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Avropa Birliyi Aleksandr Lukaşenko hakimiyyətinə sanksiyalar qəbul etmişdi. Sanksiyalara görə, Belarusun 158 hakimiyyət adamının Avropa Birliyinin 27 ölkəsinə girişi qadağan olunub, həmin şəxslərin hesabları dondurulmuşdu.

Təşkilat hesab edir ki, sanksiyaya məruz qalan şəxslər 2010-cu ildə Belarusda keçirilmiş prezident seçkisinin saxtalaşdırılmasına və müxalifətin təqib olunmasına görə məsuliyyət daşıyırlar.

Bundan başqa Avropa Birliyi xarici işlər nazirlərinin dünənki iclasında İrana qarşı da sanksiyalar siyahısı genişləndirilib. İclasda daha 100 şəxs və şirkətin adı aktivləri dondurulanlar siyahısına əlavə olunub. Sanksiyalar dairəsinin genişləndirilməsi Tehranla nüvə danışıqlarında irəliləyişin olmaması ilə əsaslandırılır.

İnformasiya şöbəsi