«Qış bulvarı»nın «qurbanları» artır

Hökumət yenə yüzlərlə ailəni bu layihəyə qurban verməyə hazırlaşır

“Qış bulvarı” layihəsi Şəmsi Bədəlbəyli və Füzuli küçələrində yaşayan yüzlərlə ailəni evindən didərgin saldı. Bu barədə mətbuatda dəfələrlə yazılıb. Dünən məlumat aldıq ki, layihə “qurban”larının əhatə dairəsi genişləndirilib. Mirzağa Əliyev küçəsində yaşayanların da evləri yaxın günlərdə yerlə-yeksan ediləcək. Burada da hər kvadrat metr üçün 1500 manat müəyyənləşdirilib. Ancaq sakinləri bu qiymət qane etmir. Buna baxmayaraq, onların qonşu küçələrdəki sakinlər kimi məcburi qaydada evlərindən çıxarılacağı deyilir.
“Indiyə qədər baş verənləri görmüşük. Ona görə də çıxmayacağımızı iddia etmirik. Sadəcə, normal pul verilməsini istəyirik. Onların verdikləri pulla yalnız Hövsanda, Xırdalanda torpaq sahəsi almaq olar. Bu isə bizə sərf eləmir”, – deyə Mirzağa Əliyev küçəsinin sakini olan Validə xanım deyir.
“Biz bu sərəncama qarşı deyilik. Sadəcə olaraq, bizim tələbimiz budur ki, ayrılan kompensasiyanı icra nümayəndələri yeyib-dağıtmasınlar” – bunu isə Hidayət dayı söyləyir.
Xatırladaq ki, Arxitektura və Şəhərsalma Dövlət Komitəsinin beynəlxalq münasibətlər və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev mətbuata açıqlamasında bildirmişdi ki, tikintiyə hələlik start verilməməsinin səbəbi bu ərazidə olan binaların sökülməməsidir.

Ramin DEKO