Həqiqi məhəbbət varmı? («Insan layihələri» silsiləsindən)

Bu yazıda istirahət günləri ictimai-siyasi mövzulardan qaçmaq ənənəsinə qoşularaq, tez-tez eşitdiyimiz bir suala toxunmaq istəyirəm. Məhəbbət varmı? Maraqlı odur ki, son illərdə məhəbbət mövzusundan çox, məhz onu şübhəyə alan söhbət və suallara rast gəlirik. Bizim dövrümüzdə artıq şairlər də bu sevimli mövzularından qaçır. Birinci ona görə ki, əvvəlki şairlər məhəbbəti tərənnüm edə-edə bu mövzunu həqiqətən də mücərrəd və mənasız bir sərhədlərə gətirdilər. Ikinci səbəb də odur ki, indi postmodern dövrün küləyi beyinləri yeni baxışlarla tumarlayır, digər tərəfdən də, qarışıq və mürəkkəb bir mərhələyə düşən Azərbaycan cəmiyyəti onsuz da xeyli çaşqın hala gəlib və ətrafımızda hər şeyə dumanlı bir münasibət var.

Bəzilərinə görə, sevmək, məhəbbət gərəksiz bir şeydir. Bir çoxlarına elə gəlir ki, sevərkən Leyli ilə Məcnunun dramasını yaşamaq lazımdır, yoxsa başqa cür olanlar məhəbbət deyil. Başqa birisi sevgini çox şişirdir və onsuz həyatı bir heç sayır. Lakin indiki dövrdə ən yaxşısı budur ki, məhəbbət haqqında vahid yanaşmalar artıq yoxdur, mövcud təsəvvürlər isə şişirdilmiş, bədiiləşdirilmiş etik və estetik kalkalardan xeyli uzaqdır. Məhz ədəbiyyatdan və sənətdən başlanğıc alan psevdoromantik hisslərlə qaynayan yelbeyin qızlar və oğlanlar dövrü arxada qalıb.

Indi birini hansısa ədəbi əsərin, filmin və ya tarixi əhvalatın qəhrəmanının timsalı kimi sevib, sonra da həmin cizgiləri sevgilisində tapmayıb yersiz xəyalqırıqlığı ilə mənasız bədbəxtlik yaşayanların dövrü deyil. Çətin olsa da, daha gerçəkçi dövrdür. Hətta “məhəbbət yoxdur” deyənlər də bilir ki, əvvəldən-axıra bütün sınaqlara tab gətirən, ölməyən bir sevgi ilə yaşayanlar hələ də var. Hətta ərlərinin xəyanətini bəlli isterik gülməşəkərliklə qarşılayıb, sonra da onları bağışlayan Azərbaycan qadınları da bilir ki, bütün hallarda sevdiyinə xəyanət eləməyən, onun üçün hər cür fədakarlığa hazır olan kişilər də var. Köhnə dövrün sözləri ilə desək, ülvi sevgi ilə yaşayan qadınlar da həmçinin!

Amma məsələ ondadır ki, indi hər şeyin həqiqisindən azdır. Çünki ədalətsiz və rifahsız ölkələr məhəbbətin də kasıblığını yaşayır. Əvvəla, kasıblıq özü məhəbbəti sınağa çəkir, çox hallarda onu sındırır. Onu qorumaq asan deyil və heç də hamı onun cəfasına dözmür. Ülvi məhəbbət axtaran qızların çoxu kasıb kişinin məhəbbət yoldaşı olmağını heç xəyalına da gətirmir. Bir sözlə, ölkəmizin iqtisadiyyatı, ÜDM-in səviyyəsi, orta aylıq gəlir, işsizlik, mənzil təminatsızlığı, sosial çətinliklər bu ölkədə həqiqi məhəbbətin düşmənidir. Seymur Baycanın “Quqark” adlı romanında qəhrəman öz sevgilisinə yazır ki, onun üçün sevgisiz yaşamaq nisyə yemək yediyi Şirzadın kafesi olmadan yaşamaqdan daha asandır. Yəni, sevgi üçün asan dövr deyil…

Yaşadığımız cəmiyyətdə və dövrümüzdə sevməyə qadir olan adamlar da çox ola bilməz. Azadlıqların boğulması, ölkədə idarəçiliyin qeyri-mənəvi olması, təhsilin və mədəni aşağı səviyyəsi də sevgiyə düşməndir. Yaltaq, ikiüzlü, oğru, xəyanətkar, satqın, qorxaq adamlar üçün sevgi əsas deyil. Onlar sevginin dayağı olan çox ciddi dəyərlərdən keçərək, həmin hala gəliblər. Onların sevgidən və daha ciddi dəyərlərdən keçdiyi göz önündədir. Təhsilin və mədəni səviyyənin aşağı olması da sevmək potensiallı adamların sayını azaldır. Axmaq adamların sevgisi də əksər hallarda bəlaya çevrilir.

Amma məhəbbət indi də var. Bilmirəm Məcnunun dövründə çox olub, ya indi, amma onu bilirəm ki, yaşadığımız ölkə hazırda sevgi üçün yararlı deyil. Burada sevmək çətindir, onu qorumaq da çətindir. Əsas məsələ odur ki, bu ölkədə elə sevgisiz də yaşamaq çətindir. Biz də başqaları kimi yaşamağa yararlı olan bir ölkə qursaydıq, adamlar sevgisiz də onun bir küncündə rahat ömür-gün sürərdi.