kiv-df

9 yaşlı «aktyorun» ilk uğursuz rolu

Səhnəmizdə Hamletin «olum, ya ölüm» sualını ilk dəfə o səsləndirmişdi…

Aktyorluq elə bir sənətdir ki, bu sənətin sahibləri hər şeydən öncə böyük səhnədə yaratdıqları obrazlarla xatırlanırlar. “Incəsənət qurban tələb edir” sözləri də elə onların timsalında aforizmləşib. Bu yazı Azərbaycan teatrının korifey simalarından biri, böyük sənət fədaisi Abbas Mirzə Şərifzadə haqqındadır. Abbas Mirzə Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul açıq dünyagörüşlü bir şəxs idi. Seyid Əzim Şirvaninin açdığı yeni “Üsuli-Cədid” məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış.

Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib, Bakıya köçürlər.

Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə həvəslənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, “Şəbeh” tamaşasında əsir qız rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümürü oynayırmış.Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir.

Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi.

Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin gözü imiş. Heç bir tədbir onsuz ötüşmürmüş. Artıq Abbas rola girməkdən, neçə-neçə insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss edirdi. Çox-çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni yada salarmış. Bu, o hadisədir ki, onu yalnız başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində müəlliminə yaxınlaşıb, şeir demək istədiyini bildirir. Müəllim də özündə cəsarət tapıb, səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb, Lermontovun “Şairin ölümü” şeirini deyir.

“Şeiri söyləyəndə elə bilirdim dilim ağzımda şişib. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şerin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.

Qacar obrazıyla gələn uğur

Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin aktyorluq sənətinə münasibətini xatırladır. Ancaq çifayda… Abbas atasının və mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.Abbas Mirzə Şərifzadə səhnə fəaliyyətinə ilk dəfə 1908-ci ildə Molyerin “Zorən təbib” əsərində epizodik rolla başlayıb. Iki il sonra isə – 1910-cu ildə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunub. Qısa müddət ərzində bir neçə rolda çıxış edən aktyor 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi. Ilk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları sırasında özünəməxsus yer tutur. Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun səhnələşdirdiyi bu tamaşa 1927-ci ildə Dram Teatrı səhnəsində qoyulub. Və onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah Ismayıl” operalarının quruluşçu rejissoru olub. Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. “Bismillah”, “Hacı Qara”, “Gilan Qızı”, “Məhəbbət Oyunu” filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.

Ötən əsrin əvvəllərində Azərbaycan teatrı çox mürəkkəb və ziddiyyətli bir şəraitdə təşəkkül tapırdı. O illərdə nəinki müsəlman qızlarının, hətta oğlanların da “aktyorluğa qurşanması” yaxşı qarşılanmırdı. Belə adamları ələ salır, məsxərəyə qoyur, hətta ölümlə hədələyir, qətlə yetirir, aradan götürürdülər. Bütün bunlara baxmayaraq, dövrün ziyalıları hiss edirdilər ki, ağır məngənələrdən, qadağalardan sıyrılıb çıxmaq üçün, hətta ölümlə belə çarpışmaq lazımdır. Belə də oldu. Azərbaycan teatrı üzləşdiyi bütün burulğanlardan qalib çıxaraq Yaxın Şərqdə qabaqcıl teatr kimi tanınmağa başladı. Bu prosesin ən qorxmaz, qətiyyətli iştirakçılarından biri Abbas Mirzə Şərifzadədir.

1928-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru təyin olunan Abbas Mirzə Şərifzadənin bu sahədəki fəaliyyəti də çox uğurlu olub.

Qanlı repressiyaların qurbanı

Ötən əsrin 20-30-cu illərində Abbas Mirzə Şərifzadə Azərbaycan səhnəsində bir heyranlıq mücəssəməsi idi. Onun haqqında qələmə alınan yazıları nəzərdən keçirəndə ünvanına deyilən xoş sözlər adamın qəlbini riqqətə gətirir. Abbas Mirzə Şərifzadəni “Azərbaycan səhnəsinin altun tağı”, “Avropa miqyasında bir aktyor”, “Mədəniyyətimizin fəxri” kimi dəyərli fikirlərlə təqdim edirdilər.

1928-ci ildə əməkdar, 1936-cı ildə xalq artisti fəxri adlarına, eləcə də bir sıra dövlət mükafatlarına layiq görülən Abbas Mirzə Şərifzadə də təəssüf ki, dövrün repressiyalarından qurtula bilmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Abbas Mirzə Şərifzadə oldu. Görkəmli aktyorun hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Ailəsinin çəkdiyi zilləti anlatmaq indi də çox çətindir. Övladlarının illər boyu göstərdikləri səylər nəticəsində yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilər. Azərbaycan teatr səhnəsinin inkişafında misilsiz xidmətləri olan fədakar mədəniyyət xadimi Abbas Mirzə Şərifzadə həyatda da faciə qəhrəmanına çevrildi. Həyatına, taleyinə vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi ömür-gün yoldaşı, səhnəmizin gözəl sənət ulduzu Mərziyə xanım Davudova oldu… O illərin əzab-əziyyətini, xofunu Mərziyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı, dərdini gizlətməyə, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdə ürəyi arxayın idi: Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu ləyaqətlə davam etdirirdi.

Düşmənləri bunun fərqinə varmasa da, yaxın adamlar, dostlar sevinirdilər ki, səhnədə yeni parlaq ulduza dönən Firəngiz Şərifova təkcə öz ömrünü yaşamır. Onun bütün aktrisalıq fəaliyyətində Abbas Mirzə Şərifzadənin və Mərziyə xanım Davudovanın arzuları yaşayırdı. Həyatın müxtəlif sınaqlarına məruz qalan, uzun illər atasının müəmmalı “yoxa çıxması” ilə əlaqədar müxtəlif idarə və təşkilatlara müraciətlər edən, keçmiş sovetlər birliyində həqiqətlərin ifadəsi mümkün olmadıqda onu ürəyində gizlətməyi bacaran Firəngiz Şərifova bütün bu olacaqların acığına mərd və mərdanə yaşadı. Bu səbəbdən də başını həmişə dik tutdu, Şərifzadələr ocağının ləyaqətli davamçısı kimi yaşayıb yaratdı…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir