Yumurta kimi arayış

Zəhmətkeş jurnalist, bacarıqlı reportyor Natiq Güləhmədoğlu dövlət başçısı Ilham Əliyevə açıq məktub yazıb. Açıq məktub deyəndə ki, onun indiyə qədər yazdığı bütün yazılar elə açıq məktub olub. Sadəcə, bu dəfə Natiq həm də bir vətəndaş, övlad atası olaraq yazıb bu məktubu. Ilham müəllimdən umacağı isə nəinki böyükdü, dövlət başçısının boyu ilə qiyaslamada heç xırda dərəcəsinə də gəlib çatmır.

Adam hamı kimi məktəb yaşına çatmış qızını yaşadığı evə ən yaxın məsafədə yerləşən məktəbə qoymaq üçün MIS-dən, el dililə desək, JEK-dən yaşayış yeri haqda arayış istəyib. Onlar da hökumətimizin pozulmaz qanunları və el adətincə 20 manat rüşvət istəyiblər. Bu zalım iki ayağını bir başmağa dirəyib ki, mən arayışı rüşvətsiz alacam, o zalımlar da qırx ayağını bir başmağa dirəyib və iş o yerə gəlib çatıb ki, vətəndaş Güləhmədoğlu bütün ümidləri kəsiləndən sonra axırıncı, daha doğrusu, ilk instansiyanın özünə məktub yazmalı olub. Bu, işin sadə təfsilatıdı.

Natiq Güləhmədoğlu dövlət başçısına məktub yazmaqla JEK müdirinə qalib gələcəyinə və arayışı rüşvətsiz alacağına ümid bəsləyəcək qədər saya və sadəlövh deyil. O, son dövrlər korrupsiya və rüşvətə qarşı müharibə elan eləyənlərin məqsədinin xalqın gözünə kül üfürməkdən başqa bir şey olmadığını da anlamayacaq vəzndə korazehin deyil. Sadəcə, dövlət başçısı öz dililə demişdi ki, kimi harada incitsələr, rüşvət istəsələr şəxsən özümə yazsın. Aydın məsələdi ki, ona məktub yazmaq, məktubu Novruzəli ilə poçt qutusuna göndərmək kimi bir şeydi. Ancaq “açıq məktub” yazmaq və onu mətbuatda dərc etdirmək, artıq ayrı məsələdi, hətta vətəndaşların əlinə düşməyəcək bir səadətdi – şəxsən Əliyevə yazılmış məktubu adi bir adam oxuyur. Düzdü, özgə məktubunu oxumaq bir az ayıbdı. Ancaq nə eybi, onsuz da dövlət başçısı məktub-zad oxumur. Bir var, polkovnikə heç kəs yazmaya, bir də var, polkovnik heç kəsin məktubunu oxumaya…

Natiq bilir ki, istəyir BMT-yə yazsın, JEK müdiri inadından dönməz, onlar dəvə kimi kinli olur axı. BMT-nin müdiri gətirib JEK müdirinin cibinə 20 manat qoyan deyil ki, ya da JEK müdiri hər Natiq kimisinin yerinə 20 manatı cibindən qoysa, onda onun balaları nəynən dolanar, təkcə onun balaları yox, axı o da bu 20 manatın xeyli hissəsini yuxarı ötürür. Sadəcə Natiq bu məqamın üstünə işıq salmaq istəyib ki, ay xalq, ay millət, bu ölkədə bu rejim qaldıqca rüşvətin anasını ağlatmaq mümkün deyil, onun anasını ağlatmaq istəyənin anasını ağladarlar, ya da ən azı balasını. Indi o müdir oturub fikirləşir ki, əşşi, bunlar nə təhər adamdı, 20 manatdan ötrü prezidenti narahat eləyir, hətta bu müdirə mənəvi qohumluğu çatan biri FB-də Natiqə yazmışdı da: “Bu hay-küy nəyə lazım, bir ”dosta zəng” kifayət idi”… ta iş ki bu yerə çatdı, daha xeyri yoxdu. Və JEK müdiri çırmanıb gedir Natiqin kirayə qaldığı evin yiyəsinin üstünə ki, belə simic adamı evində bir gecə də saxlama. Utanmadan dövlət başçısından 20 manat pul istəyib.

Adam ya rüşvətsiz arayış, ya da vətəndaşlıqdan çıxarılmasını istəyir. Natiq, əvvəla, rüşvətsiz arayışı yuxunda görərsən, ikincisi məgər sən vətəndaşsan ki? Bu ölkədə iqtidara asi olan kəs özünü necə vətəndaş sayır, anlamıram. Daha sonra, sən istəyirsən fənd qurub vətəndaşlıqdan çıxarılmanı rüşvətsiz həll eləyəsən? Keçəl suya getməz. Vətəndaşlıqdan çıxarılmanın haqqı hansısa arayış kimi qəpik-quruş deyil! Bu fırıldağı “Azadlıq” qəzetinə gələrsən.
Əsas olan isə bilirsinizmi nədir? Natiq bu məktubu niyə yazıb, bilirsinizmi? Qoy, lap dünya bilsin. Azərbaycan o qədər avtoritar dövlətdi ki, həyatda olman haqda arayışı da dövlətin bir başa başçısının izni və tapşırığı ilə almalısan. Lap elə yumurta kimi…