Üzləşmədə Arif Hacılıya «Eurovision»dan sual veriblər

Əsabəli Mustafayev: «Onun siyasi əqidəsinə görə həbs edildiyini polis də təsdiqlədi»

Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının vəkili Əsabəli Mustafayev “Azadlıq”a açıqlamasında bir sıra məqamlardan bəhs edib.
Vəkilin sözlərinə görə Arif bəy üç nəfər polis işçisiylə üzləşdirilib. Üzləşmədə həmin polis zabitləri tutulmanın səbəblərini söyləyib:”Onların dedikləri ilə Arif bəyin söylədikləri arasında ciddi fərq yoxdur. Onlar A.Hacılının polisə heç bir müqavimət və zorakılıq göstərmədiyini, lakin “Azadlıq”, “Azad seçki”, “Istefa” şüarlarını səsləndirdiyini bildirdilər. Polislər həmçinin Arif bəyin insanların polislərdən qorxmayaraq aksiyaya gəlib qoşulmasını dediyini də qeyd etdilər. Həmçinin A.Hacılının tutulan vaxt maşına da müqavimətsiz mindiyini dedilər.
Bu da onu göstərir ki, Arif bəyi siyasi fəaliyyətinə görə həbs ediblər. Yəni, onun əməlində polislərin sözlərindən göründüyü kimi, heç bir qanun pozuntusu yoxdur ki, bu da onu həbsdə saxlamağa əsas versin”.
Ə.Mustafayev maraqlı bir məqamı da diqqətə çatdırdı. Belə ki, A.Hacılı dindirilən zaman  qarşı tərəf onun Azərbaycan təmsilçilərinin “Evrovizion” yarışmasındakı qələbəyə sevinib-sevinmədiyini sual edib. Arif bəy isə Azərbaycan bayrağını vaxtilə parlament binasına sancan şəxslərdən biri kimi, bu qələbəyə həddən çox sevindiyini bildirib: “Onlar belə hesab edirdilər ki, Arif bəy müxalifət nümayəndəsi olduğu üçün belə çıxır, dövlətin düşmənidir və bu cür hadisələrə sevinə bilməz. Arif bəy isə dedi ki, bayrağımızın Azərbaycandan çıxaraq Avropa üzərində dalğalanmasına ən çox sevinənlərdən biridir. Yəni, sualın qoyuluşu təəssüf doğurmağa bilməz. ”Görün, qarşı tərəfin müxalifətçilərə yanaşması necədir. Müxalifət nümayəndələrinin guya Azərbaycanı uğursuz görmək istəməsi məsələsi bir vəkil və vətəndaş kimi məndə təəssüf doğurur. Bu barədə müəyyən fikirlərimi də orada çatdırdım”.

Nigar