“Azadlıq Məhbusları”nın müdafiə cəbhəsi genişləndi
“Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi” ötən gün RATI-də mətbuat konfransı keçirərək görüləcək işlərlə bağlı media nümayəndələrinə məlumat verdi.
“ITV rədd etsə, məhkəməyə üz tutacağıq”
Giriş sözü ilə çıxış edən “Insan Hüquqları Klubu” ictimai birliyinin sədri Rəsul Cəfərov bildirdi ki, ayrı-ayrılıqda gəncləri müdafiə edən şəxslər və təşkilatlar bir mərkəzdə fəaliyyət göstərsinlər: “Bununla bağlı Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi yaratdıq. Bir neçə gün öncə yığışaraq görəcəyimiz işləri müzakirə etmişik. Məqsədimiz müdafiə işini düzgün və səmərəli aparmaqdır. Ilk növbədə beynəlxalq təşkilatlara müraciətlər ünvanlayacağıq. Iyunun 20-də Avropa Parlamentinin yay sessiyası başlayacaq. Fikrimiz həbs olunmuş gənclərlə bağlı onlara elektron poçtla yetərincə məlumatlar göndərməkdir ki, müəyyən reaksiyalar olsun. Bizim deputatlardan fərqli olaraq, onlar tez-tez elektron poçtlarını yoxlayırlar”.
R.Cəfərov deyir ki, Ictimai televiziyaya da müraciət edəcəklər: “Bütün dünya həbs olunmuş gənclərdən danışır, ancaq bizim elektron media bu işə biganədir. Ictimai televiziyanın qanunla nəzərdə tutulan funksiyası var. Bizim tam hüququmuz var ki, ITV-yə müraciət edək, onlar həbs edilənlərlə bağlı ictimaiyyətə məlumat versin. Müraciətimiz rədd ediləcəyi təqdirdə məhkəməyə üz tutacağıq”.
“Birgə mübarizə aparmaq lazımdır”
AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı bir müddət əvvəl ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir mərkəzdə birləşib fəaliyyət göstərməsi barədə müzakirələr apardıqlarını söylədi: “Artıq müəyyən nailiyyətlər əldə olunub. Istərdik ki, daha çox gənclər təşkilatları ilə bir arada olaq”.
Əsas məqsədin Ilham Əliyevin gənclərə qarşı repressiv siyasətinə etiraz olaraq birləşmək olduğunu deyən Ə.Qurbanlı qeyd etdi ki, birlikdə mübarizə aparmaqla daha çox uğur qazanmaq mümkündür: “Düşünürəm ki, bu birlik daha da genişlənəcək. Bu rejimin əsas məqsədi onlara etiraz edən, onların siyasətini bölüşməyən gəncliyi susdurmaq, hansısa vasitələrlə sındırmaqdır. Ona görə də bir yerdə mübarizə aparmaq lazımdır”. Ə.Qurbanlı həyata keçirəcəkləri planların dinc tədbirlər, ictimaiyyətə müraciətlər olacağını diqqətə çatdırdı.
Müsavat partiyasının gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı komitənin açıq olduğunu qeyd etdi: “Bundan sonra da komitəyə fərdi və təşkilat kimi qoşulmaq mümkündür”. S.Soltanlı həbsdə olan gənclərin əsassız yerə məhbəs həyatı yaşamasına kimsənin şübhəsi olmadığını dedi: “Fikir verin, Cabbar Savalanlı həbs olunanda digər 5 gənc onun hüquqlarının müdafiə komitəsinin üzvü idi. Indi yaradılan bu komitə onları da müdafiə edir. Sabah bu komitədə təmsil olunan və olunmayan gənclər şərlənərək həbs olunanda onları da müdafiə edəcəyik”.
“Hakimiyyətin repressiv addımları bizi qorxutmur”
“Azad Gənclik” təşkilatının koordinatoru Ülvi Həsənli həbs olunmuş gənclərin azadlığa çıxması üçün elektron imza toplamağa başlayacaqlarını dedi: “Məqsədimiz tez bir zamanda toplanan imzaları beynəlxalq təşkilatlara göndərməkdir”.
ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev bütün gənclər təşkilatının haqsızlığa qarşı birlikdə mübarizəsinin tərəfdarı olduğunu söylədi: “Heç kəs sığortalanmayıb. Sabah bizimlə birlikdə olan və olmayan hər kəs indi həbs olunan gənclərin aqibətini yaşaya bilər. Azərbaycan ictimaiyyəti bu qanunsuzluğa öz münasibətini sərgiləməlidir”.
Beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq, repressiv siyasət yürüdən hökumətin addımları bizi heç bir halda qorxutmur: “Biz bundan daha da güc alırıq. Tezliklə bunun məntiqi nəticəsinin şahidi olacağıq”.
Ümid partiyası gənclər təşkilatının sədri Xanlar Abbasov demokratik, ədalətli, insanların konstitusion hüquqlarını tanıyan bir cəmiyyətin formalaşmasını istəyən hər bir gəncin bu komitədə təmsil olunacağına ümidvar olduğunu bildirdi.
Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə komitəsinin rəhbəri Rail Abbasov komitənin tezliklə ölkədən kənara çıxmasının vacibliyini vurğuladı.
AXCP funksioneri Asif Yusifli Cabbar Savalanlı, Bəxtiyar Hacıyev və 2 aprel mitinqinə görə həbs olunmuş digər gəncləri müdafiə etməklə yanaşı 2005-ci ildə qondarma ittihamlarla həbs olunmuş Ruslan Bəşirlini də müdafiə etməyin zəruri olduğunu söylədi: “Ruslan Bəşirli ilə bağlı hakimiyyət elə bir kampaniya aparıb ki, sadə vətəndaş da buna inanmır. Ancaq bir məsələyə diqqət yetirmək lazımdır. Ruslan Bəşirli həbs olunandan sonra ”Yeni Fikir”ə Səid Nuri sədrlik etdi, o da həbs olundu. Ondan sonra Ramin Tağıyev “Yeni Fikir”in rəhbəri oldu. Onu da zindana saldılar. Necə olur ki, bu təşkilata rəhbərlik edən hər bir şəxs xuliqan, “vətən xaini”dir? Yaxşı olardı ki, müdafiə komitəsi Ruslan Bəşirli ilə bağlı müdafiə tədbirlərini də həyata keçirsin”.
R.Cəfərov Ruslan Bəşirlinin həbsinin beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu söylədi və qeyd etdi ki, müdafiə komitəsinin kampaniyasında onun da adı var.
Ramin DEKO


