«Mən Əliyev rejimini müdafiə etməmişəm»
Mayın 17-də Ingiltərənin “The Guardian” qəzeti Azərbaycanda demokratik dəyişikliklərin zəruriliyilə bağlı Aslan Amaninin yazısını dərc etmişdi. Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanov iki gün sonra həmin qəzetdə cavab məktubuyla çıxış etmiş və əsaslandırmağa çalışmışdı ki, Azərbaycan kifayət qədər demokratik ölkədir, burada heç bir ciddi dəyişikliyə ehtiyac yoxdur. Səfir, eyni zamanda, müəllifi ittiham etmişdi ki, guya, o, bir müddət əvvəl Ilham Əliyevin “müdrik siyasəti”ni dəstəkləyirmiş.
Aslan Amani həmin qəzetin dünənki sayında səfirə cavab verib:
“Səfir Qurbanov mənim keçmişim barədə bəzi qeydlər yazaraq Ilham Əliyevin ”balanslaşdırılmış siyasəti”ni müdafiə etdiyimi bildirib. Diplomat 20 may 2011-ci il tarixli məktubunda gerçəkləri təhrif edib. Mən Ilham Əliyevin balanslaşdırılmış siyasəti ifadəsini dırnaq içərisində göstərmişəm. Mən Əliyev rejimini müdafiə etməmişəm və etmək fikrində deyiləm.
Əgər cənab Qurbanov məqaləmdə göstərdiyim mənfilikləri və tənqidlərimi gözlənilməz hesab edirsə, yaxşı olardı ki, diplomat son 2 ildə təmsil etdiyi rejimin öz vətəndaşlarının siyasi azadlıqlarını necə məhdudlaşdırdığını düşünsün”.
İnformasiya şöbəsi