Eldar Mahmudov istefa ərizəsi yazıb?

Əli Nağıyev baş prokurorun birinci müavini təyin ediləcək

Az öncə ölkə mediasının gündəmini zəbt edən bir olay haqqında yeni informasiyalar daxil olmaqdadır. Milli təhlükəsizlik nazirinin müavini, general Əli Nağıyevin gözlənilmədən tutduğu vəzifədən azad edilməsi ən müxtəlif versiyalara səbəb olmuşdu. Mətbuatda qeyd edilmişdi ki, nazir müavininin işdən kənarlaşdırılmasının əsas səbəbi nazirlə onun arasında olan ixtilaflardır.
Dünən “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov öz müavininin işdən kənarlaşdırılması üçün son addıma əl atıb. O, prezidentin stolunun üstünə istefa ərizəsini qoyaraq, “mən bu adamla işləyə bilmirəm” deyib. Yalnız bundan sonra Ilham Əliyev Əli Nağıyevi tutduğu vəzifədən azad edib.
Dünən aldığımız başqa bir xəbərdə də bu məsələ ilə bağlı əlavə bilgilər var. Hakimiyyət dairələrinə yaxın mənbənin verdiyi məlumatda bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Idarəsinə rəis müavini gətirilən və müstəsna səlahiyyətlər verilən general Əli Nağıyev bu yaxınlarda daha yüksək səlahiyyətlərlə baş prokurorun birinci müavini vəzifəsinə təyin ediləcək.

İnformasiya şöbəsi