Dəmir yol relsləri ilə qaçan ceyran

Lerikdən olan müəllim Eldar Cəfərov rayon təhsilində baş verənlərə dözməyərək, Bakıda mətbuat konfransı keçirib. Rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun 40 min manat rüşvət verərək vəzifəyə gəlməsindən, rayondakı əməllərindən, hətta onun öz qohumunu öldürməsindən gen-bol danışan Eldar müəllimin ürəyi soyumayıb və axırda çox maraqlı bir iddia ilə çıxış edib: “Bakının girəcəyində, sahil zonasında deputat Hüseynbala Mirələmova məxsus ”1001 gecə” istirahət zonası var. Təhsil sahəsindən daha çox qəssablıqla məşğul olan Balaşirin Nəsirov Lerikdə 1 kiloqramı 5 manata olan çəpiş, keçi ətini həmin istirahət zonasında ceyran əti yerinə satdırır. Onun qanunsuz əməllərinə sipər çəkməli olan icra başçısı Rövşən Bağırov və Balaşirin Nəsirovun yaxın qohumu Hüseynbala Mirələmov onun açıq müdafiəçisi kimi çıxış edirlər”.

Bu iddiaların doğruluğunu hüquq-mühafizə orqanları sübut etməlidir. Guya! Amma onlardan bəzilərinə isə elə sübutsuz da inanmaq olar. Məsələn, təhsil şöbəsinin rüşvət verib, rüşvət almasına. Yoxsa onu kim vəzifəyə təyin edərdi və ya işləməyə qoyardı?

Şəxsən mən keçi ətinin ceyran ətinin əvəzinə satılmasına da çox inanıram. Ət siyasi xarakterli deyil, seçki kimi onu da siyasi məqsədlə saxtalaşdırmazlar, amma ceyran əti pul gətirirsə, saxtalaşdırmaq üçün əla fürsətdir. Yaxşı gəlir deməkdir bu. Gəlir üçün dövlətin büdcəsini saxtalaşdırırlarsa, ətə niyə girişməsinlər. Üstəlik, keçi əti ceyran ətindən də xeyirlidir, kimsə onu yeyib ölməz, əksinə, tibb elmi onun daha faydalı olduğunu təsdiq edir. Yetər ki, sən yediyin tikəni ceyranın qabırğası hesab edəsən, qalan heç bir fərq olmur. Həm də böyük dərd deyil, onsuz da bu ölkədə asfalt saxta, abadlıq saxta, sement saxta, hesab-kitab saxta…

Avtomobillərə tökülən benzini götürək. Alanda deyirik ki, A-93 markadır, maşın ceyran kimi uçacaq. Amma sonda bəlli olur ki, nəzərdə tutduğun məsafəni gedə bilməmisən. Ceyran kimi yox, keçi kimi gedib maşın. Çünki bütün yanacaqdoldurma məntəqələrində benzinin tərkibi və litri həqiqətə uyğun deyil. Xalq bu ölkədə C-yə səs verir, axırda məlum olur ki, K deputat olub. O da restoranında ceyran əti əvəzinə keçi əti satmalı olur. Bu səbəbdən, lerikli müəllim çox simvolik bir məsələ qaldırıb. Elə onun özü eynən buna bənzər başqa bir məsələyə də toxunub. Deyib ki, rayonda uşaq bağçalarının çoxu əslində yoxdur, kağız üzərində fəaliyyət göstərir. Uşağın məktəbə gedəndə bəlli olur ki, o, evdən çıxmadan neçə il bağça tərbiyəsi alıb, bağçada günlər keçirib, hətta bəlkə orada ceyran əti də yeyib. Və uşağın fərasəti adamı heyran qoyur. Ceyran kimi uşaqlardır hamısı…

Şanlı hakimiyyətimiz də illərdir bizə keçini, iti, pişiyi ceyran qismində təqdim edir. Su gəlməyən bir kəməri, 1 milyardlıq su kəməri kimi sırıyıb bizə. Nə deyəsən, Ceyran kimi bir su kəməridir – bir az yaralı olsa da, keçi kimi mıqqıldasa da.
Bakı-Tbilisi-Qarsın ceyran kimi qaçması

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Gürcüstan hökumətləri arasındakı müqavilə də yerindən ceyran kimi sıçrayıb. Dünən Azərbaycan Nəqliyyat Nazirliyindən verilən məlumata görə, ölkəmizin ayıracağı məbləğ 775 milyon dollara qədər artırılıb. Əvvəlcə 420 milyon dollara qiymətləndirilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin sonradan smetası 600 milyon dollara çatmışdı. Amma layihə ilə bağlı son dəyişikliklər və əlavə vəsaitlərin ayrılmasından sonra layihənin ümumi dəyəri 1,2 milyard dollara çatıb. Ceyran da belə qaça bilməz. Bunun üçün onun ayağının altında 2 yox, 4 dəmiryol relsi olmalıdır.