Demokratikləşmə ABŞ-ın əsas prioritetidir

Amerika dünyada demokratikləşmə prosesini aparmağa və onu başa çatdırmağa qərarlıdır

Ya islahat, ya da istefa! – Obama diktatorlara seçim imkanı verir

ABŞ prezidenti Barak Obamanın çıxışında yenidən avtoritar liderləri hədəf seçməsi həm yerli, həm də beynəlxalq mətbuatda müzakirə mövzusudur. Ərəb inqilablarından danışan Obama bildirib ki, son 6 ayda Yaxın Şərqdə baş verənlər repressiya strategiyasının uğursuz olduğunu göstərdi. Bir daha demokratiya, insan haqları və söz azadlığının dəstəklənməsinin ABŞ-ın prioritet məsələsi olduğunu vurğulayan Obama çıxışında azadlıqlar tələb edən xalqlara qarşı amansız davranan rəhbərlərə ciddi mesaj ünvanlayıb: “ABŞ demokratik islahatlar tələb edən nümayişçilərə qarşı zor işlədilməsinin əleyhinədir. ABŞ demokratiya və öz hüquqları uğrunda mübarizə aparan insanları dəstəkləyir. Repressiyalar fayda verməyəcək”.
Obamanın çıxışında diqqəti cəlb edən bir neçə məsələ var. Ilk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ prezidenti tarixi sayıla biləcək çıxışında son dövrlərdə dünyada gedən qlobal demokratikləşmə prosesinin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.
Siyasi ekspert Rahim Hacıyevin də fikrincə, Obamanın ABŞ-ın demokratikləşmə prosesində rol oynadığını dilə gətirərək, bundan sonra da demokratiya uğrunda mübarizə aparanlara dəstək verəcəyini söyləməsi önəmli məqamdır. Onu da qeyd etmək lazımdar ki, Obamanın çıxışı daha çox Orta Şərq və Şimali Afrika xalqlarına ünvanlansa da, oxşar rejimlərin rəhbərləri heç şübhəsiz, bu açıqlamadan müəyyən nəticələr çıxarmalıdır. Çünki ABŞ rəhbəri açıq şəkildə bəyan edib ki, ya avtoritar ölkələrdə ciddi dəyişikliklər reallaşdırılmalıdır, ya da hakimiyyətdəki rejimlər istefaya getməlidir. Əslində Obamanın artıq birinci olmayan bu tip açıqlamasını ABŞ dövlətinin formalaşmış siyasi kursu kimi başa düşmək lazımdır.
Hələ bu ilin fevralında Obama oxşar çıxışında vurğulamışdı ki, diktatura rejimləri tarixə çevriləcək. Bir neçə ay sonra bu çıxış daha sərt formada təkrarlanır. Bu mövqeyi ABŞ-ın dünyada demokratikləşmə prosesini aparmağa və onu başa çatdırmağa qərarlı olduğunu da nümayiş etdirir.

Xəyal