b.esed2

Bəşər Əsəd yenə qan tökdü

Suriyada vəziyyət daha da gərginləşdi; hökumət qüvvələri müxaliflərə qarşı gerçək güllələrdən istifadə etdi

Suriyada Bəşər Əsədin istefası tələbiylə kütləvi nümayişlər davam edir. Dünən Baniyas şəhərində keçirilən etiraz aksiyası zamanı rejim tərəfdarları olan hərbi qüvvələr nümayişçilərə odlu silahdan atəş açıb. Şahidlərin sözlərinə görə, atışma cümə namazından sonra başlayıb. Ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.
“Reuters” agentliyinin xəbərində bildirilir ki, Əsəd rejiminə bağlı silahlılar Humus şəhərində Cümə namazından sonra nümayiş təşkil edən dinc əhaliyə qarşı gerçək güllələrdən istifadə edib. Şahidlər Humusda ən az 2 adamın, paytaxt Dəməşqin kənar məhəlləsi Sanamində də 1 etirazçının həyatını itirdiyini və çoxlu sayda yaralının olduğunu söyləyib.
Paytaxtın kənar məhəllələrində küçələrə axışan insanlar Bəşər Əsədin dərhal istefa verməsini tələb ediblər. Etirazlar xüsusən də Duma və Həcər əl Əsvəd bölgələrində daha kütləvi xarakter alıb. Dəməşqin Deriya adlanan bölgəsində də etirazçılara odlu silahlardan atəş açılıb. Burada da ölən və yaralananlar barədə dəqiq məlumatlar yoxdur.
Humus şəhərinin Bab əl Ömər bölgəsində keçirilən aksiyada etirazçılar əllərində xaç və aypara tutaraq Əsəd rejiminə qarşı nümayişlərin ölkədə dini ayrı-seçkilikdən qaynaqlanmadığını, əksinə bütün insanların diktatorluq əleyhinə birgə mübarizə apardıqlarını göstərməyə çalışıblar.
Əsəd rejiminə qarşı Dəraa, Humus, Duma kimi şəhərlərdə etirazlar davam etdiyi vaxt ölkənin şimalında kürdlərin sıx yaşadığı Qamışlı şəhərində də hakimiyyət əleyhinə aksiyalar keçirilib. Etirazçılar Bəşər Əsədin istefasını, ölkədə siyasi islahatlar aparılmasını və etiraz aksiyaları zamanı dinc nümayişçilərin qətlə yetirilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib.
“Əl Ərəbiyyə” kanalı dünən Suriyada keçirilən antihökumət aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində, ən azı 10 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.

İnformasiya şöbəsi