Bakı “Eurovision”a hazır deyil

Nə hotellər qaydasındadır, nə də turistlərin qayğısına qalacaq hüquq-mühafizə orqanları

«Eurovision» yarışmasından pul da qazana bilməyəcəyik

 

“Eurovision-2012″ mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bir sıra məsələləri aktuallaşdırıb. ”Bakı bu müsabiqəyə hazırdır, yoxsa…” təbii ki, ən əsas sual və narahatlıq budur. Doğrudur, hökumət elə birinci gündən müsabiqənin bütün yükünü çəkməyə hazır olduğunu bəyan edib. Lakin, Bakıya hansısa xarici ölkədən bir rəsmi qonaq gələndə paytaxtın iflic olduğunu görən sakinlər üçün hökumətin bəyanatı heç vaxt inandırıcı ola bilməz.
Bəs, Azərbaycanın imkanları hansı səviyyədədir, ölkənin real vəziyyəti və potensialı mötəbər tədbiri keçirməyə və çoxsaylı qonaqları qəbul etməyə imkan verəcəkmi? Iqtisadçı-ekspert Natiq Cəfərli “Amerikanın Səsi” radiosuna müsahibəsində Azərbaycanın müsabiqəyə hazırlıq səviyyəsi barədə maraqlı fikirlər səsləndirib.

Hotellər

Ekspertin sözlərinə görə, maliyyə və iqtisadi baxımdan Azərbaycanın müsabiqəyə ev sahibliyi etməsində heç bir problemi yoxdur. Neft gəlirləri və neftin qiymətinin artması fonunda çox böyük miqdarda vəsait toplanıb. Əsas bu vəsaitin məqsədəuyğun və effektiv istifadəsindən gedir. N.Cəfərli Bakı şəhərinin infrastruktur baxımdan “Eurovision” kimi böyük tədbirə bu gün tam hazır olmadığını deyib: “Bakıda 89 hotel var. Bu hotellərin 16 faizi lüks, 42 faizi 1-ci dərəcəli nömrələrə sahibdir. Bu potensialı artırmaq lazımdır. Yaxın müddətdə Azneft meydanında tikilməkdə olan ”For Sizens” və Azadlıq meydanında, Parlament prospektində tikilməkdə olan Hilton tipli hotellər istifadəyə verilərsə, bu sahədə vəziyyət kifayət qədər irəli gedər”.
N.Cəfərlinin sözlərinə görə, hazırda Bakı şəhərindəki hotellər üç minədək insana yüksək səviyyədə xidmət edə bilər. Ümumilikdə isə hotellər 10 mindən çox insanı qəbul etmək imkanındadır. Nəzərə alınmalıdır ki, Düsseldorf şəhərində keçirilən “Eurovision-2011″ müsabiqəsi zamanı şəhərə 70 mindən çox turist gəlib. 2500 nəfərə yaxın isə müsabiqə iştirakçıları və jurnalistlər olub.

Viza problemi

Azərbaycanın sərhəd-keçid məntəqələri, aeroportları, internet sistemi, peyk rabitəsi, polis və digər qurumları eyni vaxtda on minlərlə turistə xidmət edə biləcəkmi? Ekspert bu suala müsbət cavab verilməsi üçün xeyli iş görülməsinin vacibliyini deyib: “Azərbaycan öncə viza problemini həll etməlidir. Son zamanlar Azərbaycana əsasən də Avropadan gələn insanlara problemlər yaradılıb”.

Polis mədəni davranış qaydalarını mənimsəməlidir

Hüquq-mühafizə orqanları əməkdaşlarının savadlılığının artırılması, insanlarla normal davranma qaydalarını mənimsəməsi N.Cəfərliyə görə vacib işlərdəndir: “Polislər insanlara hərtərəfli yardım etməli, turistlərin suallarına hərtərəfli cavab verməlidir. Inanmıram ki, bizim hüquq-mühafizə orqanlarında ingilis, fransız, alman və digər dilləri bilən çoxsaylı əməkdaş var”.

Azad jurnalist fəaliyyəti üçün texniki və mənəvi mühit təmin edilməldiir

Müsabiqəyə Avropanın və dünyanın onlarla televiziyalarının öz avadanlıqları ilə gələcəyini və hər gün bir neçə dəfə canlı yayım aparacağını vurğulayan N.Cəfərli deyib ki, Azərbaycan hökuməti indidən onlara həm texniki dəstək üçün, həm də hərtərəfli yardım etmək üçün düşünməlidir: “Eyni zamanda, Avropanın birincisi olan Azərbaycan media azadlığı sahəsində problemlərini aradan qaldırmalıdır. Bu ölkədə jurnalistlər həbsdə olmamalıdır, internet vasitəsi ilə fikirlərini yazan bloqçular müxtəlif təqiblərə, həbsə məruz qalmamalıdır. Ifadə və söz azadlığı təmin olunmalıdır. Bunlar çox vacibdir. Azərbaycan bu istiqamətdə müsbət addımlar atmalıdır. Çünki, həm beynəlxalq təşkilatların hesabatlarında, həm də dünya mediasında Azərbaycanın elə də müsbət imici yoxdur. Azərbaycan azadlıqlara qarşı münasibətini dəyişməlidir”.

Gəlir gözlənilmir

Nəhayət, ekspert musiqi yarışmasından Azərbaycanın maddi qazancla çıxacağını proqnozlaşdırmayıb.
Düsseldorf meriyasının açıqlamasına istinad edərək o deyib ki, bu şəhərdə infrastrukturlarla birgə mahnı müsabiqəsinə 47 milyon avro xərclənib. Gəlirlər isə indiyədək hesablamalara görə, 150 milyon avrodur. N.Cəfərli deyir ki, Bakıya turistlərin Düsseldorfdakından az gələcəyini, amma xərclənən vəsaitin Düsseldorfdan iki dəfə çox olacağını proqnozlaşdırmaq olar.

İnformasiya şöbəsi