Bakı-Tbilisi-Qars layihəsinin dəyəri 1,2 milyard dollara qaldırıldı
Qubad İbadoğlu: «Layihə ilə bağlı mövcud olan informasiyalar fəaliyyətin səmərəli, rasional və şəffaf olduğunu deməyə əsas vermir»
Əvvəl 420 mln. dollara, sonra isə 600 mln. dollara başa gələcəyi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin ümumi dəyəri artırılaraq 1,2 milyard dollara çatıb. Bu da Azərbaycanın Gürcüstana əlavə 575 mln. dollar ayırmasına səbəb olub. Qeyd edək ki, kredit 25 illiyə, illik 1%-lə ayrılıb. Onun ödənilməsinə isə dəmiryolu işə düşəndən sonra başlanılacaq. Bir çox iri layihələrin dəyərini şişirdən hökumət bu dəfə də böyük vəsaitlər ayırmağa xəsislik etmir. Onu da xatırladaq ki, Azərbaycan sovet vaxtında banklarda əmanətləri hələ də qaytarmayan yeganə dövlətdir. Bunun üçün təxminən 600 mln. manatın lazım olduğu açıqlanıb. Ölkənin uğurla inkişaf etdiyini açıqlayan hökumət niyə ilk növbədə xalqın rifahını deyil, qonşu dövlətin iqtisadi maraqlarını nəzərə alır?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu əmanətlərin qaytarılmasının sırf siyasi məsələ olduğunu və heç bir pul problemi ilə bağlılığının olmadığını deyir. yalnız siyasi qərardan sonra hökumət bu addımı ata bilər. Dəmiryolu xətti layihəsinə bu vəsaitlərin ayrılması ilə bağlı isə siyasi qərar verilib. Hətta bu vəsait 1,2 mlrd deyil, 2 mlrd da ola bilər. Çünki bu, iqtisadi yox, siyasi məsələdir.
Gürcüstanın nəqliyyat kommunikasiyaları üzərində Azərbaycanın mülkiyyət imkanlarının genişlənməsini müsbət hal kimi qiymətləndirən ekspert burada şəffaflıq və səmərəliliyin olmasının vacibliyini də qeyd etdi: “Burada xərclənən vəsaitlərin hesabatlılığı təmin olunmalıdır. Layihənin dəyəri şişirdilməli deyil. Ancaq Gürcüstanın nəqliyyat kommunikasiyalarının tikilməsində Azərbaycanın iştirakı Ermənistanla münasibətlərin indiki şəraitində həm siyasi, həm strateji baxımdan çox vacib məsələdir”.
Q.Ibadoğlunun sözlərinə görə, layihə ilə bağlı mövcud olan informasiyalar fəaliyyətin səmərəli, rasional və şəffaf olduğunu deməyə əsas vermir.
Fizzə



