Ona kitablar verirdim. Axırıncı dəfə Toni Vossun “Komandanızı necə idarə etməli” kitabını vermişdim. Üz qabığında məşhur drijorlardan birinin harmonik şəkli vardı. Diqqətlə baxıb dedi ki, dünya doğrudan da barmaqlardan asılı görünür. Onun böyük siyasət bilicisi və mütərəqqi bir şəxsiyyət olması bizdə şübhə yaratmır. O, artıq böyük gələcək uğrunda öz azadlığından keçdi. Gənc yaşında bir dövlətin 100 illik problemi uğrunda fədakarlıq etdi. Yüz nəslin kürəyini yerə vurmuş bir xəstəliyə qalib gəlmək, millətin bətnini və beynini xilas eləmək onun üçün ağır yük olmadı. Yaxından tanıdığım təvazökar çalışqan gənc – Elnur Məcidli.
“Azadlıq”da Elnurgilin ailəsindən bir yazı getmişdi. Maraqlı məqamlardan biri o idi ki, Elnur milli azadlıq hərəkatı dövründə doğulub. O, dünyaya gələndə atası Arzuman bəy meydanda mücadilədə olub. Igidin başı qalda gərək. Ona görə də Elnurun həbsi çox təbii idi. Bu hakimiyyətin ağıllı insanlara gələcək savaşı verən gənclərə münasibəti birmənalıdır. Elnur isə bu savaşın öndəgedənlərindəndir.
Siyasət haqqında “çirkin peşədir” deyirlər. Əlbəttə, mən dünyada əxlaqsız həkim, ləyaqətsiz müəllim, xaraktersiz hərbçinin olduğu kimi çirkin siyasətçilərin olduğunu da qəbul edirəm. Kimin fərdi qaydada keyfiyyətləri necədirsə, işini də, vəzifəsini də elə icra edir. Amma elə bir dövr gəlib ki, indi ölkəyə başçılıq edən şəxs dili ilə deyir ki, o, cəmiyyətin siyasiləşməsini istəmir. Bu, sadəcə o deməkdir ki, siyasət başçıya mane olur. Yəni, məşhur lətifədə deyildiyi kimi, “o, həkim deyil, sadəcə səhiyyə naziridir”. Belə məqamlarda siyasəti xilas eləmək çiçəyi burnunda gənclərin fədakarlığı, suyu divdən xilas etmək savaşlarıdır. Div bəzən kimlərisə udur. Amma biz artıq onun boğazına tıxanmışıq. Indi bu əcinnənin başının vurulması anıdır. Elnur bu savaşda divin boğazına ilişənlərdəndir. Zaman yetişib və biz bu divin boynunu vurmaq üçün gücümüzü birləşdirməliyik. Əjdaha artıq bizi uda bilmir.
Bu yazını başlayanda ağlıma başqa bir fikir gəldi. Həbsdə olan gənclərimizi gözdən keçirdim. Sağ mərkəzin gələcək liderləri. Cabbar Savalanlı, Tural Abbaslı, Elnur Məcidli Azərbaycan gəncliyinin milli düşüncə daşıyıcılarıdır. Hakimiyyət heç bir mənşəyi bəlli olmayan siyasi talançılıq işinin önündə bu milləti yüz il sonraya aparmaq qərarı vermiş gəncləri görəndə çaşır və quduzluq etməyə bilmir. Çünki, bu gənclik qaranlıqları lənətləməkdən əl çəkib, artıq özünü şam kimi yandırır. Belə bir ruha qalib gəlmək iddiasına düşənlərin vay halına.
Azərbaycan gəncliyi gəncliyini hərəkata vermiş Arif Hacılı ilə bir məhbəsdədir. Onunla da birgə çıxacaq bu dustaqxanadan. Istiqlaliyyət bəyannaməsinə səs vermiş birisini köləliyi alın yazısı seçənlərin həbs etməsi uzun sürə bilməz. Əslində bu yazını gənclərə həsr etmək fikrindəydim. Amma yerinə düşər ki, Azərbaycan gəncliyini “sizi tək qoyurlar” deyənlərə Arif Hacılını, Fuad Qəhrəmanlını, Şahin Həsənlini göstərək və deyək ki, bu yol indi başlamayıb. Bu yolun uzun bir keçmişi var və bizi kimsə yolumuzdan döndərə bilməz… Azərbaycan xalqı öz gələcəyini heç kimə verməyəcək…