Azərbaycan Xalq Cümhuriyyətinin gənclər siyasəti

Üzümüzə gələn həftə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü qeyd edəcəyik. 93 il bundan əvvəl millətimizə ləyaqət, şərəf və insanlıq adına ən gözəl hissləri dadızdıran bir hökumət haqqında həftələrlə söz açmağa dəyər, şübhəsiz.

Bu yazıda 1918-ci ildə böyük mübarizə bahasına yaradılan o milli hökumətin gənclər siyasəti ilə bağlı əsas məqamları xatırladacağam. Müasir günümüzdə ölkədə fərqli baxışlarına, açıq dünyagörüşünə görə həbs olunan, oxuduqları universitetlərdən qovulan gənclərə münasibətin o dövrlə müqayisəolunmaz fərqini özünüz görəcəksiniz. Məlumdur ki, AXC hökumətində yüksək intellektli bir ziyalı təbəqəsi təmsil olunurdu. Elə buna görə də, maarifçilik və təhsil bu hakimiyyətin gündəmində duran əsas məsələlərdən idi. Milli hökumət qurulan kimi təcili olaraq 100 nəfər gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi haqqında qanun qəbul etmişdi. Parlament bu gəncləri müəyyən etmək məqsədilə başda M.Ə.Rəsulzadə olmaqla ən nüfuzlu şəxslərdən ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil üçün 45 nəfər Fransa, 23 nəfər Italiya, 10 nəfər Ingiltərə, 9 nəfər Osmanlı ali məktəblərinə göndərilmişdi.

O dövrün nəşrlərinə nəzər salanda, təhsil məsələsinin daim gündəmdə saxlandığını aşkara çıxaran çox maraqlı faktlara rast gəlinir. Belə maraqlı materiallardan biri “Azərbaycan” qəzetinin səhifələrində əks olunub. Materialdan görünür ki, bu mərhələdə xariciə oxumaq üçün göndərilən gənclər yalnız dövlət səviyyəsində deyil, ayrı-ayrı xeyriyyəçi şəxslər səviyyəsində də himayə edilib. Məşhur milyonçu H.Z.Tağıyev öz hesabına əcnəbi ölkələrə təhsil almağa göndəriləcək tələbələr üçün xüsusi şərtlər müəyyən etmişdi. Birinci, hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcək, yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdi. Ikinci, tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdi. Üçüncü, tələbə qeyri-türklə evlənməyəcəkdi. Dördüncü, tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və yaxud da hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdi.

Ola bilsin, bəzi məqamları oxuduğunuz zaman çoxunuz gülümsəyəcəksiniz. Amma kimsə inkar edə bilməz ki, bu, böyük  vətənpərvərin öz ölkəsinə xidmət etmək niyyətindən başqa bir şey deyildi. Xatırladım ki, Azərbaycan parlamentinin xüsusi dövlət komissiyası sonradan H.Z.Tağıyevin şərtlərini redaktə etmiş, 3-cü maddəni isə ixtisara salmışdı.

Təəssüf ki, iki ilə yaxın fəaliyyət göstərən AXC hökumətinin həmin gənclərlə bağlı arzuları başqa planları kimi yarımçıq qaldı. Milli hökumətin süqutundan sonra Nəriman Nərimanov o tələbələrin təhsilini diqqətdə saxladı. Amma onun Moskvaya təyinatından sonra həmin gənclər “etibarsız” və “etibarlı”  təsnifatı əsasında iki qrupa ayrıldı. Birinci qrupa aid edilənlərin çox hissəsi çörəyə möhtac qalaraq ağır şərtlərdə işləmək zorunda qaldı, bir qismi ehtiyacdan həbsə düşdü, hətta çarəsizlikdən intihar edənlər də oldu. Hərçənd zor şərtlər altında təhsilini bitirib, yüksək ixtisaslı kadrlar kimi geri qayıdan gənclərin çoxunun taleyi da o həmkarlarından fərqlənmədi. Onların bir çoxu da sonralar sovet repressiyalarının qurbanı oldular.

Yəqin özünüz müqayisədən gördünüz ki, indiki halda hökumətin gənclər siyasəti AXC hakimiyyətinin, yoxsa sovet dövrünün siyasətinə daha çox bənzəyir…