Sahib Məmmədov: «Yeni qayda sosial vəziyyəti pisləşdirəcək»
«Gənclərin məşğulluğunun təmin edilməsinə yönələn siyasət budursa, səhv siyasətdir»
Hökumətin yaş senzi məsələsini ortaya atması xeyli narazılığa səbəb olub. Artıq məmurların arasında da yeni qaydaya etiraz edənlər var. Hesablamalara görə, hazırda yalnız təhsil sahəsində yaşı 65-i keçənlərin sayı 30 mindir. Digər sahələri də nəzərə alsaq, belə çıxır ki, yeni qaydanın tətbiqindən sonra kənarda on minlərlə insan qalacaq. Bu onsuz da, çətin şəraitdə yaşayan ölkə vətəndaşlarının vəziyyətini bir az da ağırlaşdıracaq. Ziddiyyətli məqamlardan biri də yaş məhdudiyyətinin yalnız dövlət büdcəsindən maliyyələşən və dövlət qulluğunda olanlara şamil olunmasıdır. Belə çıxır ki, 65 yaşına çatan bir adam dövlət müəssisəsi üçün yararsız, özəl müəssisə üçün yararlı sayılır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov yaş senzi ilə bağlı qoyulan arqumentləri əsassız sayır: “Dövlət büdcədən ayırdığı vəsaiti məlum yaş qrupundan yuxarı olanlara vermir. Bu məsələdə ziddiyyətlər çoxdur. Arqumentləri odur ki, yaşlı adamdır, fiziki imkanları məhdudlaşır, gördüyü işin keyfiyyəti aşağı düşür. Belə çıxır ki, dövlət klinikasında cərrahiyyə əməliyyatı aparan adamın yaşı 60-70-dən yuxarı olmaz, amma özəl klinikada olar. Bu, bir az absurddur. Yaxud yaşlı adam dövlət universitetlərində təhsil verə bilməz, amma özəldə verə bilər. Bu arqument burada öz əhəmiyyətini itirir. Ikinci arqumentləri odur ki, guya bununla gəncləri işə cəlb etmək istəyirlər. Deməli, bu yolla süni məşğulluğu təmin edirlər. Birini işdən çıxarıb, o birini qoyurlar. Əgər insanın əmək qabiliyyəti varsa, fiziki imkanları işləməyə imkan verirsə, niyə əmək fəaliyyətini davam etdirməməlidir? Gənclərin məşğulluğunun təmin edilməsinə yönələn siyasət budursa, səhv siyasətdir. Məşğulluğu təmin etmək üçün başqa metodlar var”.
S.Məmmədov deyir ki, məsələnin maraqlı tərəflərindən biri də yeni qaydanın ancaq məmurlara və büdcədən maaş alan sadə insanlara şamil olunmasıdır: “Tutaq ki, səhiyyə işçilərinə şamil olunur, səhiyyə nazirinə şamil olunmur. Təhsil işçilərinə şamil orlunur, təhsil nazirinə yox. Həmçinin Milli Məclis deputatlarına da şamil olunmur. Yerində olmayan qanun qəbul etdilər və bu çoxsaylı fəsadlara gətirib çıxaracaq”.
S.Məmmədovun sözlərinə görə, əgər insanlara onların sosial təminatını həyata keçirən pensiya verilsəydi, yaş senzinin qoyulmasını başa düşmək olardı: “Azərbaycanda verilən pensiyalar insanların sosial təminat hüququnu həyata keçirməyə imkan vermir. Belə olanda da insanlar işləməyə məcburdu ki, həm maaş, həm pensiya alsın. Belə çıxır ki, yeni qayda insanların başqalarından asılı vəziyyətə düşməsinə, sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Təminatı olan insan istəyər ki, pensiyaya çıxıb istirahət etsin. Amma bizdə çoxluq maddi sıxıntılardan əziyyət çəkir. Belə çıxır ki, bu ehtiyac bundan sonra daha da dərinləşəcək”.
Gültəkin