iabbasov

İsmət Abbasovun gizlətdiyi fakt araşdırılmalıdır

Qəzetimizin ötən saylarında kənd təsərrüfatı naziri Ismət Abbasovun ölkəmizdə “quş qripi” virusunun yayılması ilə bağlı məlumatı gizlətdiyinə dair məqalə dərc olunmuşdu. Məqalədən açıq şəkildə görünür ki, vətəndaşların sağlamlığı təhlükə altındadır.

Yazı Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsinin 2010-cu ildə görülmüş işlərin illik hesabatına əsasən hazırlanmışdı. Sözügedən qurumun əlimizə keçən hesabatına əsasən deyə bilərik ki, “quş qripi” virusu təhlükəsi əhalidən gizlədilir. Virusologiya şöbəsinin hesabatında vurğulanır ki, ötən ildə 10 min 143 baş ev quşunun qan nümunələri “quş qripi”nə görə müayinə edilib. Həmçinin bu quşlardan 1030 ədədi isə “Nyukasl” (taun) xəstəliyinə görə yoxlanılıb. Nəticədə bəlli olub ki, 29 ədəd quşun qan nümunəsi “quş qripi”nə, 7 ədəd quşun qan nümunəsi isə “Nyukasl” xəstəliyinə müsbət reaksiya verib. Bundan başqa, 489 ədəd ev, 169 ədəd isə çöl quşunun patoloji materialı “quş qripi”nə görə müayinə edilib. Nəticələr yenə də ürəkaçan olmayıb: 51 ədəd ev quşunun, 16 ədəd isə çöl quşunun nümunəsinin patoloji materialı “quş qripi”nə müsbət reaksiya verib. Hesabatı Virusologiya şöbəsinin müdiri C.Abdullayev imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi bu faktları nəinki etiraf edir, əksinə bu faktları ört-basdır etməklə məşğuldur. Halbuki hər iki təhlükəli xəstəlik aşkarlanan zaman 24 saat ərzində Beynəlxalq Epizootik Büroya verilməli idi. Bəs bu təhlükə ilə bağlı hansı addımlar atılmalıdır?

Əyyub Hüseynov: «Quş qripi» təhlükəsinin artmasına görə dövlət orqanları ciddi tənqid olunmalıdır»

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, yayılan xəbərlə bağlı həyəcan təbili çalınmalı və virusun geniş yayılmasının qarşısı alınmalıdır. Quş ətinin həm də satışda olduğunu deyən Ə.Hüseynov əlavə etdi ki, eyni zamanda çöl quşlarının ovu da “quş qripi”nin insana keçmə təhlükəsini artırır. Ona görə ekspert hesab edir ki, dövlət orqanlarının bu istiqamətdə işi ciddi tənqid olunmalıdır. Digər tərəfdən, “quş qripi” seli altında toyuq dönərlərinin satışına qadağanı xatırladan Ə.Hüseynov vurğuladı ki, həmin dönərlərin hazırlanmasında broyler təsərrüfatlarının məhsullarından istifadə olunması da nəzərə alınmır. Düşünürəm ki, həm bu qadağa aradan qaldırılmalı, həm də “quş qripi” təhlükəsinin hələ səngimədiyi ilə bağlı əhali arasında təbliğat işi aparılmalıdır.

Vahid Məhərrəmov: «Məmurlar bu problemlərlə mübarizə aparmaqdansa, onların ört-basdır edilməsi ilə məşğuldur»

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, 2010-2011-ci illərdə quş xəstəlikləri ilə bağlı ciddi problemlər ortaya çıxıb. Keçən ilin payızında kütləvi şəkildə quşların qırılmasının müşahidə olunmasını xatırladan V.Məhərrəmov vurğuladı ki, rəsmi olaraq bu haqda məlumatın yayılmaması təəssüf doğurur: “Görünür, hökumət qorxaraq bu informasiyanı vermir. Bu isə yanlış qərardır. Çünki bu xəstəliklərin getdikcə artması təhlükəli tendensiyaya gətirib çıxara bilər. Müşahidələrimizə görə, ev quşları müxtəlif xəstəliklərə tutulduğu halda belə onlardan kəsib istifadə edirlər. Həmin toyuqlar kəsilən zaman onlardan qanla bərabər çirk də gəlir. Amma bu hala heç kim diqqət yetirmir. Hətta çox hallarda xəstə quşların satışa yol tapması da müşahidə olunur”.
Eyni zamanda xəstəliyə yoluxan quşların yumurtalarından istifadənin də ciddi təhlükələr yaratdığını deyən V.Məhərrəmov vurğuladı ki, əhaliyə heç bir məlumatın verilməməsi təhlükənin miqyasını böyüdür: “Bir vaxtlar elektron mediada xüsusi təbliğat çarxlarına yer verilirdi. Bu, insanların diqqətini müəyyən dərəcədə cəlb edirdi. Amma indi bu proses dayandırılıb. Təkcə quşçuluqda deyil, heyvandarlıqda da ciddi xəstəliklər yayılıb. Amma bu sahəyə məsul olan məmurlar nəzarətsizliyi həmin heyvanların qeydiyyatda olmaması ilə izah edirlər. Belə yanaşma düzgün deyil. Hər halda bu sahəyə məsul şəxslər var və onlar öz işlərinə görə büdcədən maaş alırlar. Onlar öz borcalarını yerinə yetirməlidirlər. Bu problemlərin olmaması üçün büdcədən külli miqdarda pul ayrılır. Amma məmurlar həmin xəstəliklərə qarşı mübarizə aparmaqdansa, onların ört-basdır edilməsi ilə məşğul olur”. V.Məhərrəmov bildirdi ki, məmurların problemlərə bu cür yanaşması həm kənd təsərrüfatını təhlükə altında qoyur, həm də insanlarda ciddi xəstəliklərə səbəb ola bilər.

Hikmət