İpoteka kreditinin soyğunçuluq mexanizmi

Vətəndaşı müflisləşdirən kredit sistemi sosial mahiyyətli ola bilməz

İyirmi beş il ərzində normal yeməyib-içməyib, kreditin ödənişinə kilidlənən vətəndaş övladlarının qayğılarını, problemlərini, xərclərini necə həll etməlidir?

Elə bir adam tapılmaz ki, öz şəxsi evinə sahib olmaq istəməsin. Ancaq təəssüflə qeyd edək ki, bu gün ev almaq istəyən 10 nəfərdən yalnız biri, ya ikisi bu niyyətini gerçəkləşdirə bilir. Səbəblər isə kifayət qədərdir.  Ev almaq üçün pul lazımdır. Pul olmayanda isə məcbursan kimdənsə borc götürəsən, ancaq kiminsə sənə 50-60 min borc verəcəyi ağlabatan deyil. Inanmıram ki, hazırda bu qədər vəsaiti heç qardaş qardaşa qıysın, çətin məsələdir. Ümid qalır banklara. Ancaq nə yazıq ki, ölkədə fəaliyyət göstərən banklar maliyyə çatışmazlığından ciddi əziyyət çəkirlər və əllərində olan məhdud vəsaitləri çox baha qiymətə istehlak krediti adı altında əhaliyə satırlar ki, özləri dolana bilsinlər. Ola bilsin, hansısa bank mənzil probleminin həll olunması məqsədilə kredit xətti açıb, amma qısa müddətə, özü də yüksək faizlə bu kreditdən, aylıq gəliri 100-300 manat olan vətəndaşın istifadə etməsi riyazi olaraq qeyri-mümkündür. Belə olan halda, evsiz vətəndaş gözünü dövlətin pul kisəsinə dikir ki, görən hökumət nə zaman vicdana gəlib, ona yardım əlini uzadacaq. Axı dövlət həm də ondan ötrü var ki, vətəndaşlarının qayğılarını azaltsın, sosial problemlərinin həllini sürətləndirsin, bir sözlə, onları rifaha, rahatlığa qovuşdursun. Ancaq təəssüf ki, bu gün ölkəni idarə edən iqtidar belə düşünmür. Görünən odur ki, bunların işi-gücü əcayib-qərayib kələk-oyun düşünərək, vətəndaşın son qəpiyini də özününküləşdirməkdir. Əslində, belə düşünməmək də olardı, ancaq neyləyəsən ki, reallıqdan, faktdan qaçmaq mümkün deyil və o, səni hər bucaqda qarabaqara izləyir.

“Annuitet” borc yağışı

Yaxşı xatırlayıram, hələ 2006-cı ildə Ipoteka Fondu yaradılanda evsiz vətəndaşların, daha çox gənclərin sevincinin həddi-hüdudu yox idi. Ancaq zaman ötdükcə və fond işə düşdükcə, təəssüf ki, az qala baş gicəlləndirən bu sevincdən əsər-əlamət qalmadı. Məsələ burasındadır ki, dövlət adından çıxış edən Dövlət Ipoteka Fondu vətəndaşların mənzil problemini həll etmək əvəzinə, daha çox əlavə problemlər yaratmaq, onu xərcə salmaqla məşğuldur. Bu qurum ölkə vətəndaşlarına “annuitet ödəniş” tələsi qurub və onları bu yolla soymaqda davam edir. Nədir bu “annuitet ödəniş”…  Azərbaycan banklarının birinin vebsaytında belə bir açılım var: “Annuitet ödənişlər əsas borcun və hesablanmış faizlərin ödənilməsini nəzərdə tutur. Bu, ödənişlərin təsbit edilmiş ölçüsü olub, kreditin bütün dövrü ərzində dəyişməz olaraq qalır. Amma zaman ötdükcə onun daxili strukturu dəyişir: əsas borcun ödənişi artır, faizlərin ödənişi isə azalır. Müştəri üçün eyni məbləğin ödənilməsi çox rahatdır”. Ötəri nəzər salanda, sanki kreditin bu ödəniş növünün müştərilərin mənafeyinə tam uyğun olduğu təəssüratı yaranır, ancaq reallıq tamamilə başqa rəngdədir. Lap elə tutaq ki, “annuitet ödəniş”i özündə ifadə edən bir kredit üsulu var, ancaq bu o demək deyil ki, belə bir sistemi eybəcərləşdirib vətəndaşı soymaq olar.
Iş ondadır ki, Ipoteka Fondunun mənzil almaq üçün vətəndaşa təklif etdiyi kredit sistemi tam bir müflisləşdirmə mexanizmidir. Bu kredit sistemi elə bir əcayib şəkildə proqramlaşdırılıb ki, ondan istifadə edən hər bir fərd əmlak problemini həll etsə də, dərin borc burulğanına düşməkdən özünü qoruya bilmir. Fondun saytında yerləşdirilmiş və bütün müvəkkil banklara göndərdiyi xüsusi “annuitet ödəniş” sistemi ilə proqramlaşdırılmış elektron kalkulyatorla hesablayarkən, götürülən məbləğin son tarixdə elə özü qədər, hətta ondan da çox faizini ödədiyiniz ortaya çıxır. Məsələn, 850 manat maaş, 25 il (300 ay) müddət göstərməklə sözügedən kalkulyator bizə 62 500 manatlıq ev üçün 50 000 manat kredit verə biləcəyini, üstəlik, bizim hələ 15 faiz ilkin ödəniş şərtilə  daha 12 500 manat da əmlakı satana ödəməli olduğumuzu gözümüzün önünə sərir. Aşağıda isə hər ay bütün aylar üzrə bərabər hissələrə bölünmüş ödəniş məbləğini canlandırır: 385 manat 91 qəpik. Təsəvvür edin, bu 385,91 manatı 300 aya vuranda 115 773 manat edir. Bu isə o deməkdir ki, indi 694,44 manat ödəyib aldığınız 90 kvadrat/metrlik ev, 25 ildən sonra sizə 1277,79 manata (hər kvadrat/metrə görə), yəni, təxminən ikiqat dəyərinə oturur. Yəni, bu gün 62 500 manat ödədiyiniz ev, əslində, sizə 115ÿ773 manata başa gəlir.
Hələ onu demirik ki, bu qədər aylığı olan kredit hansı kateqoriyadan olan vətəndaşa şamil oluna bilər?! Ölkədə təhsil və səhiyyə işçilərinin bir yerdə sayı 300 mindən bir az artıqdır, elə o qədər də digər dövlət qurumlarında çalışan vətəndaşımız var. Bunlarınsa orta aylıq əmək haqqı 85 manatdan başlayıb 250-350 manat arasında dəyişir. Özəl şirkətlərdə çalışanların da böyük bir qismi 250-400 manatdan yuxarı məvacib almır. Ölkədə işsizliyin çox ciddi bir problemə çevrildiyi indiki şəraitdə gənclərin böyük əksəriyyətinin bekar olduğunu da nəzərə alsaq, məlum olar ki, dövlətin sosial layihə adlandırdığı bu ipoteka kreditinin vətəndaşa uzaqdan-yaxından heç bir aidiyyəti yoxdur. Çünki hər ay 385,91 manatı ödəmək üçün bu adamlar gərək acından ölsünlər. Sual yaranır: ədalət, hökumətin vətəndaşa qayğısı, yardımı budurmu? Nədən kredit elə bir əcaib düsturla hesablanır ki, sonucu da bax yuxarıdakı rəqəmlər qədər dəhşətdoğurucu olur? Kimdir bu torbanı vətəndaşın başına hörən? Hansı özündənmendeleyevdir? Axı nəticəsində aşağı və orta gəlirli insanların ədalətsiz şəkildə müflisləşdirilməsi reallığı varsa, kimə lazımdır bu düstur ((Pm=D*r/100/ 12/1-(1+r/100/12)-n)), hesablama qaydası?

Ipoteka fondunun kredit faizləri azala-azala yox, arta-arta qaytarılır

Bir maliyyə mütəxəssisi kimi dünya praktikasında rast gəlinən daha mütərəqqi, sosialyönümlü kredit mexanizmləri haqqında saysız-hesabsız nümunə göstərə bilərəm ki, xeyli sərfəli şərtlərlə və az ödəniş məbləği ilə vətəndaşın mənzil problemi həll oluna bilsin. Görmüşük ki, kreditə borc götürən, əsas məbləği faizi ilə birlikdə müəyyən olunmuş müddət ərzində azaldaraq ödəyib qurtarmalıdır. Ancaq bu gün Ipoteka Fondunun kreditini azalaraq yox, yalnız artıra-artıra qurtarmaq mümkündür. Yəni, vətəndaşın götürdüyü borc, üzərinə gələn faizlə birlikdə azalmır, fantastik dərəcədə artıb sıfırlanır (62 500 manat 25 ildə 115ÿ773 manat olur). Bundan sonra istənilən qalstuklu, ütülü kostyumlu dövlət maliyyəçisi, bankiri, lap elə müstəqil iqtisadçısı bu soyğunçuluğu nə ilə izah edirlər etsinlər, hansı monetar prinsiplərlə, nə bilim konyunktur şərtlərlə, korporativ hədəflərlə əsaslandırırlar əsaslandırsınlar, yenə də problemin əsas mahiyyəti – vətəndaşın soyulması – dəyişməz qalacaq.
Acınacaqlı hal odur ki, insanların Fonddan götürdüyü kredit onlara mənzil almağa kömək etsə də, digər yandan insanların dərin sosial uçuruma sürüklənməsini də bir o qədər sürətləndirir. Nə yazıq ki, ölkəmizin acı reallığı belədir: bu gün mənzil məsələsi hər bir ailənin ölüm-qalım dilemmasına çevrilib. Biriləri isə bu insan faciəsi üzərində özlərinə dəbdəbəli, bahalı xoşbəxtlik yaradıblar və insan bədbəxtliyi onlar üçün heç bir müqəddəs məna daşımır.
Aydın deyil ki, dövlət nədən vətəndaşına öz övladı yox, müştərisi gözündə baxmalıdır?! Dövlət nədən həmin vətəndaşın vergisi ilə formalaşan büdcənin vəsaitlərini banklara dövr edib yaxasını kənara çəkməlidir?

Dövlət sənə kredit verir, ya səni qarət edir?!

Görünən odur ki, adında SOSIAL sözü olan bir dövlət layihəsini bizim rəsmi işbazlar tam biznes müstəvisinə çəkərək milyonlarla pul qazanmaqla məşğuldurlar. Vətəndaş tam 25 il gecə-gündüz yeməyib, içməyib, geyməyib, bütün məhrumiyyətlərə qatlanaraq qazandığı pulu qəpik-quruşunadək kredit ödəyir, vəzifəsi ona xidmət etmək olan məmurlar, bankirlər isə bu yolla qaz vurub, qazan doldururlar.
Amma demoqogikaya baxın! Adətən belə bir minnət-eyhamı adamların, az qala gözünə soxurlar: “dövlət sənin evin olsun deyə, pul ayırır” və s. və ilaxır. Məncə, belə bir minnətə zərrə qədər əsas yoxdur, çünki dövlət onsuz da bu pulu vətəndaşa pay-püşk, hədiyyə etmir, onu qaytarılmaq şərtilə verir və artıqlamasilə, əsl soyğunçuluq yolu ilə də geri alır.

Rəşad B.Öz