«ABŞ demokratiya və öz haqları uğrunda mübarizə aparan insanları dəstəkləyir»
ABŞ prezidenti Barak Obama neçə gündür gözlənilən Şimali Afrika və Yaxın Şərq xalqlarına müraciətini edib. Ağ evdə çıxış edən Obama Pakistanın Abbotabadda şəhərində yaşadığı evdə öldürülən terrorçu Usəma bin Ladenin zərərsizləşdirilməsindən danışıb.
Ağ ev rəhbəri “Əl Qaidə” liderinin şəhid yox, qatil olduğunu söyləyib. Obamanın sözlərinə görə, Ben Laden demokratiyanı və Islamın təməl prinsiplərini rədd edərək dünyanın təhlükəsizliyinə ciddi təhlükələr yaradanlardan birinə çevrilmişdi.
Ərəb inqilablarından danışan Obama bildirib ki, son 6 ayda Yaxın Şərqdə baş verənlər repressiya strategiyasının uğursuz olduğunu göstərdi:“Regionun bəzi ölkə liderləri insanların istəklərini başqa istiqamətə yönəltməyə çalışır. Etirazçılar internet texnologiyalarından istifadə edərək etirazlarını bildirir. Artıq internet dünyada böyük gücə çevrilib”.
ABŞ prezidenti Suriya diktatoru Bəşər Əsədə sərt xəbərdarlıq edib:“Suriya rejimi haqlarını tələb edən insanları öldürmək yolu seçdi. Suriya xalqı demokratiya istədiyini göstərdi. Əsəd ya bu dəyişikliyə liderlik edəcək, ya da bu yoldan çəkiləcək”. Obama Suriya hakimiyyətinin Irandan dəstək aldğını da söyləyərək rəsmi Tehranın ikiüzlülüyün isbat olunduğunu bildirib: “Iran həm hərəkatlara dəstək verdiyini söyləyir, həm də öz xalqına təzyiq göstərir”.
Barak Obama demokratiya, insan haqları və söz azadlığının dəstəklənməsinin ABŞ-ın prioritet məsələsi olduğunu bir daha bəyan edib. Ağ ev rəhbəri çıxışında azadlıqlar tələb edən xalqlara qarşı amansız davranan rəhbərlərə ciddi mesaj ünvanlayıb:“ABŞ demokratik islahatlar tələb edən nümayişçilərə qarşı zor işlədilməsinin əleyhinədir. ABŞ demokratiya və öz hüquqları uğrunda mübarizə aparan insanları dəstəkləyir. Repressiyalar fayda verməyəcək”.
Siyasət şöbəsi