Avropa Parlamentinin Azərbaycanla bağlı qərarı çıxıb – tarixə düşəcək 12 may qərarı. Qərarda əliyevçi despotik rejim görsənişləri pislənir, demokratik dəyərlərə sayğı göstərilməsinə çağırılır. “Avropaya inteqrasiya yolunda olan ölkə” (Ilham Əliyev) üçün olduqca normal yanaşmadır. Azərbaycan Avropa Şurasının üzvü olaraq Şura qarşısında öhdəlik götürüb, bu öhdəlikləri yerinə yetirməlidir. Kişi kimi!
Di gəl, 11 ildən bəri götürülən öhdəliklərin çoxu hələ də yerinə yetirilməyib. Deməli, əliyevçi hökumət 11 ildən bəri götürdüyü öhdəliyə də dönük çıxıb, Avropaya inteqrasiya proseslərinə də. Uzun illər bir sıra geostrateji maraqlar üzündən Əliyevlər hökumətinin demokratiya prinsiplərini tapdamasına göz yuman AŞ son qərardan göründüyü kimi, indiyədək göz yumduqlarına daha göz yummaq istəmir, demokratiya prinsiplərinə bağlılıq sərgiləməyə başlayır. Elə bununla da AŞ, bütövlükdə Batı əliyevçi rejim yetkililərinin gözündə kişilik statusunu itirərək “nakişi” statusu qazanır. Bu emosional, anormal dəyərləndirmə birbaşa “parlament” tribunasından, “Milli” Məclis başçısının yardımçısı, hüquq uzmanı Ziyafət Əsgərovun dilindən səsləndirilir. Indiki sosial-siyasi statusunda bu adam iki funksiyanın daşıyıcısı rolunda çıxış eləyir: siyasətçi, hüquqçu. Problemə emosiyasız, obyektiv yanaşma bu adamın indiki çıxışla (elə, bir çox qabaqkı çıxışları ilə də) istər siyasətçi, istərsə də hüquqçu kimi hansı bilik-səviyyə yiyəsi olduğunu ortaya qoyur.
Dərindən baxılsa, Z.Əsgərovun indiki çıxışı despotik, dönük, yalançı bir rejim obrazı yaradan çıxışdır. Z.Əsgərov çoxillik bir üstüörtülü gerçəyi ortaya qoyur: “Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə. Azərbaycanda iki-üç cinayətkar tutulan kimi, o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir. Gəlin, Azərbaycanla həll edin. Əgər problem varsa, biz oranın üzvüyüksə, bunu bir yerdə həll etməliyik. Ikili standart nəyə lazımdır?”. O “gözəl” çıxışı bütünlüklə bura köçürməyə dəyərdi, ancaq indilik elə bunun üzərində dayanaq. Ata Əliyev neft-qaz resurslarımızı, bir də Qarabağı boyun olmaqla hakimiyyətə gəldi. Gəldi, qabaqca Qarabağı verdi, ardınca neft-qaz resurslarımızı.
Neft-qaz resurslarımızla bağlı Batı nə istədisə, ata-oğul Əliyevlər hamısını artıqlamasilə verdi. Bütün bunlardan sonra Batının əliyevçi rejimdən iki istəyi var: Nabukko, DEMOKRATIYA. I.Əliyev “Nabukko”nu Rusiyanın qorxusundan “verə” bilmir, DEMOKRATIYANI özünün despotik hakimiyyətini itirmək qorxusundan! Bax, bu yerdə Azərbaycanın maraqları ilə əliyevçi rejimin maraqları toqquşur. Toqquşur, özü də necə! O başdan bu başa milli maraqları satan bir rejim bu yerdə gəlib Batının bəlli qərarına dirənir – DEMOKRATIYA qərarına. Dəmirəlin dəmir kimi sözləri yada düşür: “Dün – dündür, bugün – bugün”. Bu gün Bati əliyevçi rejimdən 11 il qabaq götürdüyü öhdəliyi yerinə yetirməyi, başqa cür desək, demokratikləşmə istəyir.
“Azərbaycanda iki-üç cinayətkar tutulan kimi, o saat QHT-lərlə işləyirlər”. Azərbaycanda çoxlu sayda QHT var, bunların çoxunu rejim pul verib ələ keçirdiyindən onlarla özü IŞLƏYIR. Qalan bir-neçə satılmayan, demokratiya prinsiplərinə bağlı qalan QHT-ləri Z.Əsgərov başda olmaqla rejim yetkililəri düşmən gözündə görür. Onların Batı ilə əməkdaşlığı da bunlarda açıq düşmənçilik duyğusu doğurur.
“Iki-üç tutulan cinayətkara” gəlincə, bunlar Eynulla Fətullayev kimilərdir. Düzgün dəyərləndirmədir: başdan ayağa rüşvətə, korrupsiyaya bulaşmış bir rejimdə demokratiya carçılarının, gerçəyi yazan jurnalistlərin tutuldu-tutulmadı, dustaq oldu-olmadı CINAYƏTKAR adlandırılması doğal görsənişdir. Batı insan hüquqlarını qorumağa, qanunsuz suçlamalara son qoymağa, jurnalist hüquqlarına qarantiya yaratmağa çağırır – budur “nakişilk”!