ABŞ-ın Lukaşenkonu çökdürmə planı

«The Washington Post» Belarus diktatoruna qarşı ssenarini təsvir etdi

 

Belarusa qarşı Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalardan sonra ölkədə yaranmış maliyyə böhranı Lukaşenko hakimiyyətinin sonunu yaxınlaşdıra bilər. Insan haqları və demokratik institutların məhv edilməsinə görə beynəlxalq birliyin sərt qınağı ilə üzləşən Avropanın sonuncu diktatoru Aleksandr Lukaşenkoya qarşı koalisiyanın genişlənəcəyi istisna olunmur.
“The Washington Post” qəzetinin yazdığına görə, ABŞ və onun Avropadakı müttəfiqləri son 17 ildə ilk dəfə olaraq Lukaşenko rejimini çökdürmək şansı qazanıb. Qəzetin redaktoru Lalli Ueymit Belarus diktatorun bir neçə il əvvəl səsləndirdiyi fikirləri xatırladıb. Lukaşenko açıqlamalarının birində özünün zəif nöqtələrini “Belarus və Lukaşenkonun diktator və diktatorluq olma imkanı yoxdur” sözləriylə göstərmişdi.
Ötən il keçirilən prezident seçkilərindən öncə Lukaşenko əməkhaqları və sosial müavinətlərin artırılacağına vəd verdi. Ancaq indi ölkə iqtisadiyyatı çökmə ərəfəsindədir. Belarus xarici kreditlərə ehtiyac duyur. Müəllifin fikrincə,  əbədi müttəfiqi Rusiya ilə münasibətləri pozulan Belarusa qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları daha da sərtləşdirilməlidir. Bununla yanaşı, ölkə müxalifəti ilə danışıqlara getmək üçün Lukaşenko rejiminə təzyiqlər olmalıdır.
“The Washington Post” bazar ertəsi toplanacaq Avropa Birliyinin xarici işlər nazirlərinə Lukaşenko diktaturasının mühüm qurumları sayılan Belarusun dövlət şirkətlərinə qadağaların qəbul edilməsini məsləhət görür.
Müəllif hesab edir ki, Obama administrasiyası Belarusla bağlı addımlarını yenidən nəzərdən keçirməlidir. Bu istiqamətdə Vaşinqton Moskva ilə anlaşaraq Lukaşenko rejiminin yola gətirilməsinə çalışmalıdır: “Kreml Lukaşenkoya siyasi məhbusları azad etməkdən, ölkədə siyasi islahatlar keçirməkdən başqa yolu qalmadığını başa salmalıdır. Əks halda, Belarusu iqtisadi böhran və beynəlxalq ictimaiyyətdən təcrid prosesinin gücləndirilməsi gözləyir”.