Türk dünyası kimə qalib gəlib?

Bizim şanlı Vətəndə hər yaxşı işin arxasından o qədər çirkinliklər çıxır, hər yaxşı şeydən o qədər pis niyyətlər üçün istifadə edilir ki, nəyin pis, nəyin yaxşı olduğunu adamlara başa da salmaq olmur. “Avroviziya” hay-küyü də məhz belə işlərdəndir. Yoxsa adam Isveçdə neft pullarına yazılmış bir mahnının elə də ciddi müsabiqə olmayan yarışmada qalib gəlməsinə doğrudan da doyunca sevinərdi…

Ən pisi odur ki, Azərbaycan hakimiyyəti idman yarışlarından, mahnı müsabiqələrindən, bayrağın ən hündür dirəyə qaldırılmasından və xırda hadisələrin hay-küyə çevrilməsindən məharətlə istifadə edərək, ölkədəki problemləri və özünün gerçək əməllərini pərdələməyə, unutdurmağa çalışır. Əvəzində ölkənin talan edilməsi davam edir. Amma oxumuş adamlar da özünü elə aparır ki, guya bunu anlamırlar.

Budur, kimlərsə artıq bu mahnı qələbəsindən Ilham Əliyevə, Azərbaycana, hətta türk dünyasına böyük qələbə şouları düzəltməyə çalışır. Məddahlıq və ur-patriotizm yeni fontanlar vurur. Qoy olsun qələbə, amma zülm, yalan və talan içində çürüyən Azərbaycan cəmiyyətinə bunun faydası böyükdürmü? Əvvəla, “Avroviziya” bu bir TV şousudur və bir çox ölkələrdə elə də məşhur deyil, ciddi maraq göstərilmir. Digər tərəfdən, bu müsabiqədə hər il kimsə qalib gəlir, ola bilər ki, gələn il də ermənilər qalib olsun. Məgər ermənilərin qələbəsi bizim məğlubiyyətimiz olacaq? Yalnız axmaqlar belə düşünə bilər. Türkiyə də nə vaxtsa qalib olmuşdu, indi heç finala da çıxa bilmədi. Məgər Türkiyə məğlub oldu?!

Azərbaycan korrupsiyada, siyasi məhbusların sayında, məhkəmə ədalətsizliyində, az qala hər il Avropanın önündə gedir. Sözügedən yarışmada iştirak edən avropalı sənətçi ölkəsinə qayıdıb öz hökumətini istədiyi kimi tənqid edə bilər. Amma ELL və NIKKI bunu edə bilərmi? Mikrofona həsrət qoyarlar onları. Amma neyləyəsən, saxta seçki ilə iqtidarda qalan korrupsioner bir hakimiyyət “Avroviziya” qələbəsi ilə başları elə dumanlandırır ki, sanki biz Isveç kimi qayğısız bir cəmiyyətdə yaşayırıq. O ayrı məsələ ki, bizim iqtidarın istəyindən asılı olmayaraq, bu hadisə Azərbaycanın ictimai dərdlərinin gündəmə gəlməsinə və s. faydalı niyyətlərə də yaraya bilər. Əgər istifadə etməyi bacarsaq…

Məni ən çox təəccübləndirən Türkiyə səfiri oldu. Dünən oxudum ki, hörmətli Hulusi Kılıç da öz təbrikində Azərbaycanın “Avroviziya”da birinci olmasını Türk dünyasının qələbəsi adlandırıb. Mən şoka düşdüm. Türk dünyası kimə qalib gəlib görəsən? Bu etnik müharibə haradan çıxdı? Avtoritar rejimin caynağında inləyən özbək xalqına nə dəxli var bu yarışmada kimin qalib olmasının? Yaxud nə xeyri var? Özbəkistanın qanlı lideri Kərimov Daşkənddə bir uğurlu futbol klubu qurub. O da xalqının başını tamaşalarla qatmağı sevir. Rivaldo kimi bəzi ulduzları pulla cəlb edib ora. Həmin klub Asiya Çempionlar Liqasının finalına çıxmışdı. Məgər bu qələbə türk dünyasının qələbəsi idi? Bir də ki, hanı o türk dünyası, türk xalqlarını əzən diktatorlarmı qurub onu?

Bir səfirin bu cür düşünməsi məni çaşdırdı. Demirəm ki, cənab Kılıc niyə viza məsələlərini soruşmur türk dünyasının Azərbaycanından? Amma tamam başqa bir məqam da var. Bizim qələbəmizi istənilən türkiyəli özünün qələbəsi saya bilər, buna sevinə bilər. Amma onun hökumətinin haqqı varmı buna? Onlar bizim ölkədə insan haqlarının pozulmasına, seçkilərin saxtalaşdırılmasına susur və bunu daxili işimiz sayırsa, qələbəmizi niyə özlərininki sayır?

Yeri gəlmişkən, Azərbaycan təmsilçisinin Türkiyə bayrağını qaldırması bir yanlış idi. Ilham Əliyev o sevgili bayrağı bu torpaq üçün canından keçən türk əsgərinin məzarı üstündən endirəndə, ona səsini çıxara bilməyənlərin hay-küyünə adam təəccüb edir. Bir Avropa Evi mədəni yaxınlaşması üçün keçirilən tədbirdə Azərbaycan təmsilçisinin Türkiyə bayrağını qaldırması bu Evin digər üzvlərinə xoşmu mesaj idi? Həmin tədbirin fəlsəfəsinə uyğundurmu bu? Müxtəlif ölkələrdən Azərbaycana səs verən qeyri-türklər nə düşündü? Avropa dəyərləri buna rəva bilirmi? Yaxud Türkiyə bayrağının buna ehtiyacımı vardı?

Məncə, nə Türkiyə adına, nə Azərbaycan, nə də Avropa adına uğurlu addım idi. Düzdür, “Avroviziya” yarışmasının ən iyrənc tərəfi kimi yadda qalan tərəfkeşlik, “qohumbazlıq”, yaxın ölkələrin bir-birinə səs verməsi kontekstində bu elə ciddi qüsur kimi görünmür, üstəlik, o bayrağa sevgi bu qüsuru unutdurur. Çünki çox hallarda yaxın ölkələr həmin yarışmada bir-birinə tərəfkeşlik edir. Məsələn, Kipr Yunanıstana, Yunanıstan Kiprə xal verir, hamı da bilir niyə. Biz buna enməli deyilik. Bu hallar heç kimə uğur gətirmir, elə bizə də gətirməz.