Orada bir mafiyanın oğurladığı respublika gördüm

Heydər Əliyevin ziddiyyətsiz avqust tezisləri…

Oğurlanmış respublika…

Əliyevin Azərbaycan KP MK-nın 1969-cu ilin avqust plenumundakı çıxışında ziddiyyətlər yoxdu, birbaşa keçmiş rəhbərliyin siyasətini sərt tənqid və həyatın nəbzini tutan vədlər vardı, ədalətin zəfər çalacağına ümidlər… Əliyevin birinci katib kimi çıxışı bəlkə də səmimi idi, amma keçmişin topa tutulması ədalətli sabahla bağlı ümiddən başqa heç nə vermirdi.

başlanğıcı ötən saylarımızda

H.Əliyev deyirdi: “Əmək məhsuldarlığının artımı zəifdir”…

Bundan bir ay əvvəl Ali Sovetin sessiyasında V.Axundov  respublikanı əmin edirdi ki, “əmək məhsuldarlığının artım prosesi qənaətbəxşdir”.
H.Əliyev: “Respublikaya tabe olan nazirliklərin sənaye müəssisələrində məhsulların maya dəyərinin azaldılması planı yerinə yetirilmir”.
Əslində cəsarətli çağırışdı. Həmin günlərdə digər respublikalardan bu sahədə planların yerinə yetirilməsi haqqında raportlar verilirdi.
H.Əliyev: “Müəssisələrin çoxunda maşın və mexanizmlər yalnız birinci növbədə tam istifadə edilir”.
Üç həftə əvvəl Nazirlər Sovetinin sədri Əlixanov Suriya prezidentinin şərəfinə verilən naharda fəxrlə deyirdi: “Bizim müəssisələrdə maşın və mexanizmlər tam gücü ilə işləyir”.
H.Əliyev: “Neft sənayesindəki gerilik MK-nı ciddi narahat  edir”.

1969-cu ilin birinci yarısının statistika məlumatlarında deyilirdi: “Neft sənayesində dünya səviyyəsində uğur qazanılıb”.
H.Əliyev: “Nəqliyyat sahəsində vəziyyət çox ağırdır”.

1969-cu ilin mayında Azərbaycan yollar idarəsinin rəisinə sosializm yarışında qalib gəldiyinə görə Keçici Qırmızı Bayraq verilmişdi.
H.Əliyev: “Xəzər Dəniz Gəmiçiliyi Idarəsi ötən ilin planını yerinə yetirməyib”.
Bu necə ola bilərdi: 1969-cu ilin mart ayının 12-də Ittifaq Nazirliyi idarə rəisi Haşımova səriştəli rəhbərliyinə görə qiymətli hədiyyə verilmişdi…
H.Əliyev: “Ildən-ilə məktəb tikintisi ilə bağlı planlar yerinə yetirilmir”.
Əvvəllər bu barədə danışmaq yasaqdı. Plenumda uğurlardan  danışılardı.
H.Əliyev deyirdi: “Kənd Tikinti Nazirliyində gerilik adi hal alıb, plan yerinə yetirilmir və belə getsə, yetirilməyəcək də. Ticarətin və məişət xidmətinin səviyyəsi əhalini ciddi narahat edir”.
Əliyev sonradan bütün plenumlarda bunları təkrar edəcəkdi.

Bunlar təkcə tezislər deyildi, həm də ittihamlar idi

Əliyev təqsirkarların adını da çəkirdi. Bildirir ki, yaranmış vəziyyətə görə ticarət naziri Bəşirzadə, “Azərittifaq”ın idarə heyətinin sədri Həmdibəyov, məişət xidməti naziri Muradverdiyev məsuliyyət daşıyırlar. Bu nazirlərdən tənqiddən nəticə çıxarmaq tələb edilir. Necə?
H.Əliyev: “Milis, prokurorluq və məhkəmələr onlara fəal kömək etməlidirlər”. Əliyevin kinayəsi başa düşülmür. Onların hər üçü vəzifədən uzaqlaşdırılır.
H.Əliyev: “Respublikada kənd təsərrüfatı sahəsində ciddi gerilik və həllini gözləyən çox sayda problemlər var”. 50 ildir ki, birinci katiblər bundan danışırdılar.
Ilk dövrlərdə Əliyevin çıxışlarında adı çəkilənlər bilirdilər ki, onlar tezliklə vəzifələri ilə vidalaşacaqlar. Ancaq bütün bunlar üç il davam etdi.

Topalın uğurları…

Təyyarə Venadan geri uçur. Şeremetyevdə gömrük yoxlamasından keçirəm. Çantadan hər şeyi yerə atırlar, köynəyi, kitabları… Çirkli ayaqları ilə tapdalayırlar. Günahsız adam kimi üzümə baxırlar, məni özümdən çıxarmaq istəyirlər. Bəlkə onlara kömək edim? Gömrük əməkdaşının əlləri papağıma uzanır. Nə axtarırlar? Buradan çıxıram. Sov.IKP MK-nın Starıy meydanındakı binasına gəlirəm. Ikimizik, mən və balaca adam. Əslində Pilipenko soyadlı bu adam heç də balaca deyil, burada – MK-da bölmə müdiridir. Bütün fəlsəfə elmi onun əlindədir. Hətta ən məğrur akademiklər onun qarşısında baş əyirlər, professorlar onunla görüşdən fəxr duyurlar.
– Siz necə də özünüzü alçaltdınız, Ilya Qriqoryeviç! Israilə köçmək istəyirsiniz? Heç yaxşı olmadı… Biz sizə inanırdıq, böyük işlər tapşırırdıq, xaricə ezamiyyətə göndərirdik… Heç utanırsınız? Yoxsa göydən düşmüsünüz? Milli hisslər, bir buna bax?! Bax mən ukraynalıyam, metroda kimsə ucadan məni “xoxol” adlandıra bilər. Qoy qışqırsın, məndən nə gedir ki? Sizin nəyiniz çatmırdı? Xidməti maşın, mənzil, 32 yaşında elmlər doktoru, professor… Kim sizi sıxışdırırdı, bax, siz yəhudisiniz, heç yaxşı yol tutmadınız… Düşmənlərə kömək edirsiniz… Partiyada yeni deyildiniz, MK-da işləmişdiniz…
– Biz sizə kafedra tapşıra bilmərik, Fəlsəfədən mühazirə də oxumağa icazə verməzlər. Amma ateizmdən dərs deyə bilərsiniz… Mən Əliyevlə danışmışam, Kirovabada gedərsiniz, kömək edəcək. Partiyaya yalnız üç ildən sonra bərpa edərik.
Qarşıma kağız qoyur: “Yaz, üzr istə, yolunu azdığını söylə. Partiyada başa düşərlər, bağışlayarlar”.
“Pravda” qəzetinin baş redaktoru Suxodeyevin sifəti ağarıb, dodaqlarını dişləyir,- “ən yaxın dostum köpəkoğlu çıxdı”,-  söyləyir: “Sənə yüz dəfə dedim, yəhudilərdən uzaq ol! Hələ şəklimi vermişdim, əclafın kitabı da çıxmışdı… Bəs bu işlərin axırı necə olacaq?”.
Yaroslavl tibb universitetinin rektoru çox həyəcanlıdır: Bu sionist təxribatıdır. Gözdən qaçırmışıq, günahkarıq, aydınlaşdırmamışıq, səhvimizdir. Utanıram, amma o, çox ağıllıdır.
Partiya təşkilat katibi Muxo çox tərbiyəsizdir, nəinki ailə, heç məktəb tərbiyəsi də görməyib. KQB agenti olub, xidmətlərinə görə irəli çəkiblər.
– Niyə professor Zemtsov Israilə köçmək istəyir? Bəlkə ömürlüyündəki qara ləkələri gizlətmək istəyir? Biz Zemtsov haqqında nə bilirik? Diplomları, məqalələri, kitabları var. O bunları necə alıb? Bizimkilər ayda bir məqalə yaza bilmirlər, Zemtsovun hər həftə məqaləsi çıxır? Bunlar hamısı qaranlıq məsələlərdir! Zemtsov bizdən xarakteristika istəyir: bizsə ona “yox” deməliyik! Çünki fəlsəfə kafedrasının müdiri sionistdir.
– Kim Zemtsova arxa durub? Kim onu MK-ya bölmə müdiri aparıb? Əliyev? Niyə? Onları bir-birinə nə bağlayırdı?

Protsenko əlini stolun üstünə vurur: “Əliyev kommunistdir, Sov.IKP MK üzvüdür, onun haqqında pis danışmayın. Onun adını çəkməsəniz daha yaxşı olar”.
Muxo dözmür. Üzünü mənə sarı çevirir: “Zemtsov Əliyev üçün məqalələr yazıb, nədir, olmayıb? Susursan, deməli, yazmısan?!
Partiya yığıncağında iştirak edənlər iki yerə bölünürlər.
– Yaramazı partiyadan qovmaq lazımdır…
– Lənətə gəlmiş sionist!
– Inanmırsınız, casusdur, casus!..
– Başı xarab olub, xəstəxanaya qoymaq lazımdır!

Birdən Muxo deyir:
– Zemtsov, nəsə demək istəyirsiniz?
Mən daha nə deməli idim ki?!
Nəsə? Nəyə görə nəsə deməliyəm? Deməliyəm ki, necə instituta qəbul etdirirlər, SSRI-nin yaranmasının 50 illiyinə görə tələbələrə iki yazmağı qadağan edirlər? Yaxud vilayət partiya komitəsinin birinci katibi Morozov zəng edir: Ilya Qriqoryeviç Kostromadan qonaq var, onun namizədliyi üçün minimum yazmaq lazımdır.
– Vaxtı keçib, – deyirəm.

Katib:
– Siz qiyməti bir neçə həftə geriyə yazın, dünya dağılmaz ki?
Hər şeyi başa düşürəm, amma deyə bilmirəm. Mən Israilə getmək üçün sizdən xasiyyətnamə istəmişdim, siz məni partiyadan çıxarırsınız…
Iclasda səhərə qədər fasilə elan olunur. Səhər qapı döyülür:
– Ilya Qriqoryeviç Zemtsov?                                                                                                                  Mən olduğumu söyləyirəm. Elə bu vaxt iki sanitar məni götürür.
– Siz kimsiniz? Siz necə cürət edib məni sürüyürsünüz? Bu, nə deməkdir? Icazə verin geyinim. Onlarsa gülümsəyirlər.
– Iynə vurmaq lazımdır. Yazın ki, yadınıza heç nə düşmür. Biz arayış yazarıq, ərizənizi geri götürərsiniz. Lenin fəlsəfəsinin kafedra müdiri faşistlər tərəfə keçmək istəyir – həkim dillənir.
Mən bilmədim, bu partiyadır, yoxsa mafiya? Amma bütövlükdə oğurlanan bir ölkə, bir respublika gördüm. Bu kitab sənədli povest deyil, sənədlərin talelərdən keçən hekayətiydi…
Son.

Surxay Hüseynli